Mədəniyyət Nazirliyi Fokus kino jurnalının nəşrinə maliyyə dəstəyi verdi

Gənc Film İstehsalçıları Assosiasiyasının nəşri olan “Fokus” analitik kino jurnalı kino peşəkarlarının və kino həvəskarlarının maraqla izlədiyi peşəkar dərgilərdəndir.

Qeyd edək ki, Qafqazda çap formatında yeganə analitik dərgi olan jurnal bir neçə il idi maliyyə səbəblərindən nəşrini dayandırmışdı. Gənc Film İstehsalçıları Assosiasiyası ilə Mədəniyyət Nazirliyi arasında bağlanan müqaviləyə əsasən Nazirlik jurnalın növbəti 4 nömrəsinin nəşrini maliyyələşdirəcək.

Assosiasiyasının sədri Əli İsa Cabbarov bildirib ki, bu müqavilənin bağlanması Mədəniyyət Nazirliyi və “Audiovizual və interaktiv media” şöbəsində yaranan yeni atmosfer və iş stili ilə bağlıdır: “Jurnal müstəqildir və kino sahəsində gedən prosesləri obyektiv analiz etməyə, proqnoz verməyə iddialıdır.  Mədəniyyət nazirliyinin jurnalımızla dəstək verməsi bizi sevindirir. Kino nəşrlərinin artması istiqamətində ardıcıl birgə fəaliyyətə ümidliyik. ”

Gənc Film İstehsalçıları Assosiasiyasından verilən məlumata görə, jurnal ənənəvi müəllifləri ilə əməkdaşlıqla yanaşı, yeni adların kəşfinə də maraqlıdır. Kinoşünaslıq, kino nəzəriyyəsi sahəsində peşəkar mətnlərin müəllifliyinə iddialı mütəxəssislər redaksiya ilə, [email protected] ünvanı ilə əlaqə saxlaya bilərlər.

aki.az