Mədəniyyət Nazirliyi kinoteatr nümayəndələrini bir araya gətirdi

Sentyabrın 28-də Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev kino nümayişi müəssisələrinin rəhbərləri ilə görüş keçirib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 1 oktyabr 2021-ci il tarixdən ölkəmizdə teatr, kinoteatr və konsert müəssisələrinin fəaliyyəti bərpa olunması münasibətlə keçirilən görüşdə Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva, “CinemaPlus” kinoteatrlar şəbəkəsi Müşahidə şurasının sədri Zaur Darabzadə, baş icraçı direktor Murat Camcı, “Park Cinema” kinoteatrlar şəbəkəsinin icraçı direktoru Elnur Allahverdiyev və marketinq direktoru Musa Axundov iştirak edib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Mədəniyyət Nazirliyində aparılan islahatlar barədə məlumat verən nazir müavini kinematoqrafiya sahəsinə də xüsusi diqqət ayrıldığını, bu mənada kino nümayişinin prioritet sahələrdən olduğunu vurğulayıb.

Qeyd edək ki, görüşdə kinoteatr rəhbərləri mövcud problemlər və gələcək planlar haqqında ətraflı məlumat veriblər. Bir ildən artıqdır ki, fəaliyyətini dayandıran kinoteatrlarda pandemiyanın mənfi təsiri, mövcud problemlər və perspektivlər müzakirə olunub, müəssisələrin ölkədə tətbiq olunan karantin rejimi qaydalarına əməl etməklə əhaliyə yüksək səviyyədə xidmət göstərməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda E.Əliyev nazirliyin bu istiqamətdə kino nümayişi müəssisələrinə dəstək olacağı və birgə əməkdaşlığın inkişafı ilə bağlı lazımi tədbirlər görəcəyini də bildirib.

aki.az