Mədəniyyət Nazirliyindən Silahlı Qüvvələrə Yardım Fonduna dəstək

Haqq işi uğrunda mübarizə aparan, işğal olunmuş torpaqlarımızın azad olunması üçün savaşan Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrin Yardım Fonduna yardımlar davam edir. Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan ordumuza bu dəfə Mədəniyyət Nazirliyi tərəfindən dəstək verildi.

mct.gov.az-ın məlumatına görə, Nazirliyin Mərkəzi Aparatının əməkdaşlarının könüllü iştirakı ilə 80 000 manat vəsait Silahlı Qüvvələrin Yardım Fonduna ayrılıb.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu ulu öndər Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, eyni zamanda hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Fondun əsasnaməsinə əsasən, Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər.

aki.az