Azərbaycan Kinematoqrafçılar İttifaqının 2024-cü ildən start verdiyi “Məktəblərdə nümayiş” proqramı bu ilin sonuncu film nümayişini 2 nömrəli internat məktəbində keçirib.
Burada I-IX sinif şagirdləri Elçin Hami Axundovun “Daş”, “Güzgü” və Lüdovik Abraham və Flore Alliye-Estradanın “Cazibə yoxdur” animasiya filmlərini, Ramiz Əzizbəylinin “Pirverdinin xoruzu” qısametrajlı bədii filmini izləyiblər.
Nümayişdən sonra kinotənqidçi Aygün Aslanlının moderatorluğu ilə müzakirələr aparılıb. Şagirdlər izlədikləri ekran əsərləri haqqında maraqlı fikirlər səsləndiriblər.
Bu cür nümayişlərin keçirilməsində məqsəd, azyaşlı və yeniyetmələr arasında kinoya sevgi, film analizi, müzakirə qabiliyyətlərinin formalaşmasına təkan verməkdir.
Nümayiş, AKİ-nin əməkdaşları Ülviyyə Əhmədova, Tofiq Amatayevin təşkilatçılığı ilə keçirilib. Sonda AKİ, məktəbliləri bayram sovqatları ilə sevindirib.
Xatırladaq ki, cari ilin mayından təşkil olunan layihənin təşkilində CineDOC -Tbilisi beynəlxalq sənədli film festivalı da iştirak edib.
aki.az