``Mən burdayam, İlahi!`` filminin ssenaristi Nicat Dadaşov ilə müsahibə

Vətən müharibəsi haqqında çəkilən “Mən burdayam, İlahi” filminin çəkilişləri yekunlaşıb. Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqına “Cineart Group”un təsisçisi və filmin ssenari müəllifi Nicat Dadaşov məlumat verib. 

 Mövzu Vətən müharibəsi və orada yaralanan qazinin hekayəsidir. Bu haqda film çəkməyə sizi nə ilhamlandırdı?

– Təbii ki, ən böyük səbəb bizim Zəfər qazanmağımızdır. Müharibə dövründə hamı kimi mən də televiziyadan, sosial mediadan cəbhə xəttində baş verən hadisələrdən xəbər tuturdum. Elə o dönəmdə eşitdiyim bir sıra çox dramatik hekayələr var idi.  “Mən burdayam, İlahi” filminin ideyası da real hadisədən qaynaqlanır. Şuşanın fəth olunmasında iştirak edən rütbəli zabitimiz (adının çəkilməsini istəmədi)  yaralanıb 3 aydan sonra komadan ayılır və övladına sahib çıxmağa çalışır. Həmin xəbərdən təxminən bir il sonra sözügedən zabiti çətinliklə də olsa axtarıb tapdım və onunla bir sıra görüşlərimiz baş tutdu. Nəticə olaraq da bu film ərsəyə gəldi.

Yaralı əsgərin yaşadıqlarını dəqiq təsvir etmək üçün hansı araşdırma apardınız?

– Ssenarinin inkişaf dövründə 7 nəfər müharibə iştirakçısı ilə sıx görüşlərimiz baş tutdu. İlk növbədə onların vuruşduğu vəziyyəti araşdırmaq istəyirdim ki, yaradacağım personaj dolğun olsun. Hərbi mövzularda məsləhətlər alırdım. Müxtəlif döyüş taktikalarını incələyirdim. Təbii ki, bu söhbətlər hər zaman çətinliklə açılır, çünki, onların demək olar ki, hər biri döyüş bölgəsində bir dost, bir qardaş, bir yoldaş itiriblər. Bu ağrı hələ də onların gözlərində görünür. Elə ona görə də bu mövzu mənim üçün bu qədər mühüm və həssasdır. Bir sözlə, təxminən 3 ay ərzində baş tutan bu görüşlər nəticəsində əlimdə Vətən müharibəsi haqqında bir döyüşçü gözü ilə formalaşan portret var idi.

Digər bir məsələ isə tibb ilə bağlı idi, çünki 3 aylıq komadan ayılan əsgərin səhhətində baş verən dəyişiklikləri də düzgün çatdırmaq lazım idi. Bunun üçün isə bir müddət yerli hospitalların həkimləri ilə ünsiyyət qururdum. Hətta komaya düşmüş bir insan da tapıb onun sonrakı həyatı haqqında sorğu-sual edirdim. Bir sözlə, ssenarini yazmağa başlamamışdan öncə uzun, amma həddindən artıq faydalı bir araşdırma prosesi keçmişəm.

Bu filmi çəkərkən hansı çətinliklərlə üzləşdiniz və onları necə dəf etdiniz?

– Bizim ölkədə kino sektorunun vəziyyətini nəzərə alsaq, özünüz də başa düşürsünüz ki, maneələr nə qədər idi. Mövzunun Vətən müharibəsi haqda olmağına baxmayaraq, biz maliyyə tapmaqda çətinlik çəkirdik. Hətta bir məqamda o qədər büdcəni yığa bilməyəcəyimizi düşünürdük. Amma geri çəkilmək olmazdı, çünki orada vuruşan şəhidlərimiz qələbəyə görə canlarından keçdilər. Biz bu işi yarımçıq qoya bilməzdik. Əlbəttə, film artıq çəkilib bitib, amma yenə də müəyyən maddi sıxıntılar yaşayırıq, əsasən də post-prodakşn və PR məsələləri ilə bağlı. Amma biz layihəmizə inanırıq, çünki sentyabr ayında müharibənin 3 ili tamam olacaq və düşünürəm ki, xalqımızın qəhrəman övladı haqqında, Vətən müharibəsinin iştirakçısı haqqında film izləməyə haqqı var. Bunun üçün əlimizdən gələni edəcəyik. Müraciət etmək istədiyimiz bir sıra dövlət qurumları və özəl şirkətlər var. İnanırıq ki, onlar belə bir mövzunun işıq üzü görməsində bizə dəstək olarlar. Sentyabr ayının sonlarında, anım günündən sonra  “Mən burdayam, İlahi” filmi onların ixtiyarına veriləcək.

Filmin adı çox maraqlıdır. Niyə məhz bu adı seçdiniz?

– Bunun çox maraqlı hekayəsi var. Mən tez-tez müəllimim Rüstəm İbrahimbəyovun məzarını ziyarət edirəm və elə ziyarətlərin birində Fəxri xiyabandakı digər məzarlara da baş çəkməyə qərar verdim. Həmin vaxtda ssenarini demək olar ki, bitirmişdim və adı ilə bağlı heç bir fikrim yox idi (həmişə olduğu kimi). Vaqif Səmədoğlunun məzarının qarşısında dayandım. Daşın üstündə “Mən burdayam, İlahi” yazılmışdı. Bilmirəm bu hissi necə izah edim, amma həmin an qəribə bir hiss keçirdim. Öz-özümə təkrar edirdim: “mən burdayam, İlahi…” Bu ifadə mənə bir qədər fərqli formada təsir etdi. Fikirləşdim ki, mənim qəhrəmanım da mübarizəyə davam edir, sanki hamıya deyəcəyi bir kəlməsi var. Mən hələ ölməmişəm…  Bizim gözümüzdə qəhrəmanlar hər zaman yaşayır və yaşayacaq da. Elə o an bildim ki, filmin adını tapmışam.

Tamaşaçıların filmdən nə götürəcəyinə ümid edirsiniz?

– Bu suala belə cavab verim. Sakit dəniz gəmiçiyə heç nə öyrədə bilməz. Bu ifadə illərdir mənimlədir. Bir yaradıcı kollektiv kimi, “Cineart Group” şirkəti olaraq bu filmi istehsal edəndə qarşımızda bir şüar dayanmışdı, o da, qazilərimizə və ümumiyyətlə yaşamaq eşqi tükənən hər bir insana aiddir – yıxıldığın yerdən ayağa qalxmaq mümkündür, hətta vacibdir. Həyat davam edir.  Mən inanıram ki, bu filmi izləyəcək insanlar həm kövrələcək, həm düşünəcək, həm də yaşamaq üçün hər birimizin mütləq ki, bir səbəbi var deyəcəklər. Məsələ həmin səbəbi tapıb ondan bərk yapışmaqdır. Bizi zülmətdən çıxaracaq işıq da məhz elə budur.

aki.az