“Mən qəhrəman axtarıram” sənədli filmi “Azərbaycan” kinoteatrında
Azərbaycan Kinematoqrafçılar İttifaqı “Yeni nəsil Azərbaycan kinosu” layihəsi çərçivəsində filmlərin nümayişinə başlayır.
Martın 15-də Azərbaycan Kinematoqrafçılar İttifaqı və “Cinema Plus”un birgə əməkdaşlığı ilə “Azərbaycan” kinoteatrında İlkin Yusifin “Mən qəhrəman axtarıram” tammetrajlı sənədli filminin premyerası keçiriləcək.
Qeyd edək ki, “Mən qəhrəman axtarıram” filmi müəllifin kameranın köməyi ilə həmvətənlərinin simalarına baxa-baxa, həm də özünü tapmaq cəhdidir. Tamaşaçılar İlkin Yusiflə birlikdə, sənədli kinoda “yol filmi” çəkməyin özəlliyi, bu tipli filmlərin istehsalının çətinliyi və nəhayət İlkinin öz qəhrəmanını tapdımı, suallarına cavab axtaracaq.
Azərbaycan sənədli kinosunda nadir olan “yol filmi” ( road movie) formatında çəkilən filmin nümayişindən sonra müzakirə olunacaq. Tədbirin moderatoru kinoşünas Sevda Sultanovadır.
Azərbaycan Kinematoqrafçılar İttifaqı “Cinema Plus” kinoteatr şəbəkəsi ilə əməkdaşlıqdan məmnunluğunu bildirib. İttifaqın katibliyindən bildirilib ki, yeni nəsil Azərbaycan kinosunun şəhərimizn mərkəzi kinoteatrında nümayişi onların layihələrinin təbliğində və zövqlü tamaşaçı kontingentinin formalaşmasında müsbət rol oynayacaq. Bundan başqa, Azərbaycan Kinematoqrafçılar İttifaqı “Azərbaycan” kinoteatrı ilə davamlı əməkdaşlıq əzmindədir, il boyu silsilə baxışlar planlayır.
Xatırladaq ki, “Mən qəhrəman axtarıram” sənədli filminin premyerası 15 mart 2022-ci il, saat 19:00-da “Azərbaycan” kinoteatrında keçiriləcək.
aki.az
.