“Mərmər soyuğu”nun dünya premyerası iki Beynəlxalq festivalda baş tutacaq

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmi Estoniyanın “Tallin Qara Gecələr Film Festivalı”nın  (PÖFF Tallinn Black Nights) əsas müsabiqə proqramına daxil edilib.

Qeyd edək ki, festivalın 26-cı buraxılışı 11-27 noyabr 2022-ci il tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində keçiriləcək.

Rejissor Asif Rüstəmovun quruluş verdiyi  “Mərmər soyuğu” festivalın əsas müsabiqə proqramında iştirak edən 23 filmdən biridir.

Filmdə bir rəssamın sevgi hekayəsindən bəhs edir. Uzun illər həbs həyatını yaşamış atanın evə qayıdışı və ən radikal yollarla oğlunun həyatını yoluna qoymağa çalışması filmin əsas süjet xəttini təşkil edir.

Filmin yaradıcı heyəti: Baş prodüser Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir.

Filmdə iştirak edirlər: Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov.

Xatırladaq ki, filmin Asiya premyerası Beynəlxalq Hindistan film festivalında 20-28 noyabr tarixlərində baş tutacaq.

Nüfuzlu festivallardan olan tədbirdə müsabiqə iştirakciları “Qızıl tovuz quşu” mükafatı uğrunda mübarizə aparacaq.

aki.az