Milli Kino Günü qeyd olunub

AR Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) “Nizami” Kino Mərkəzində 2 avqust Milli Kino Günü münasibətilə, Azərbaycan kinosunun 125 və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyinə həsr olunmuş tədbir təşkil edib. Tədbirdə ölkəmizin görkəmli kino xadimləri iştirak edib. Tədbiri giriş sözü ilə açıq elan edən mədəniyyət naziri Adil Kərimli bu il 125 yaşını qeyd edən Azərbaycan kinosunun keçdiyi çətin yollardan, tarixi məqamlardan söhbət açıb. Ümummilli lider Heydər Əliyevin kinomuzun inkişafında yaxından iştirak etdiyini xüsusi vurğulayan nazir, bu şərəfli yolun davam etdirilməsi məqsədilə kino ictimaiyyətinin qarşısında duran planları da qeyd edib. Daha sonra, söz ARKİ sədri, Xalq artisti Şəfiqə Məmmədovaya verilib. Ş.Məmmədova tədbir iştirakçılarına salamını və ürək sözlərini çatdırıb və ARKİ-nin illik mükafatlarını qaliblərə təqdim edib. Qaliblər arasında kinoşünaslar Aydın Kazımzadə və Ayaz Salayev də var idi.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev öz növbəsində, tədbirə gələn qonaqları təbrik edib və uğurlar arzu edib. AKİ sədri, İttifaqın ənənəvi illik mükafatlarını sahiblərinə təqdim edib. AKİ-nin illik mükafatına Azər Aydəmir (“Əqrəb mövsümü” çoxseriyalı televiziya  filminin uğurlu dramaturji həllinə görə), Nicat Dadaşov və Həsən Axundov (“Mən burdayam, ilahi!” bədii film layihəsində uğurlu prodüser işinə görə), İlqar Cahangir (“Suğra və oğulları” bədii filmində “Barat” roluna görə), Nadir Bədəlov (“Kino gözlə söz arasında” kitabı ilə kinoşünaslığa töhfəsinə görə) və İmaməddin Həsənov (Azərbaycan sənədli kinosunun beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə) layiq görülüblər. Mükafat sahibləri AKİ sədrinə və İdarə Heyətinə minnətdarlıqlarını və ürək sözlərini çatdırıblar.

Tədbir “Avanqard” kamera orkestrinin ifasında Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyinə həsr olunmuş konsert proqramı ilə davam edib.

aki.az