MİLLİ KİNO TARİXİMİZDƏN - “ARXADAN VURULAN ZƏRBƏ”

“Milli kino tariximizdən” rubrikasına davam edirik. Bildiyiniz kimi, bu rubrikada əsasən yubiley yaşı tamamlanan filmlərin yaranma tarixindən bəhs edirik. Bu dəfəki filmimiz 1977-ci ildə “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi, yazıçı Elçin Əfəndiyevin ssenarisi əsasında görkəmli rejissor Arif Babayevin quruluş verdiyi “Arxadan vurulan zərbə” filmidir, çəkilişindən 45 il ötür.

SSRİ Dövlət Təhlükəsizliyi Orqanlarının 60 illiyinə həsr olunan filmdə insan iradəsinin yenilməzliyindən söhbət açılır.

1970-ci illərdə yalnız kinomuzda deyil, eləcə də ədəbiyyatımızda macəra-detektiv janrına çox az hallarda müraciət olunub. Bu baxımdan “Arxadan vurulan zərbə” filminin maraqla qarşılanmasına əsas səbəb macəra-detektiv janrında olması olub. Müəlliflər filmdə adi bir cinayət işinin açılışı timsalında xalqımızın təhlükəsizliyi keşiyində daima sayıq duran cinayət-axtarış orqanlarının təmiz vicdanlı, cəsur əməkdaşları haqqında söhbət açmağa cəhd göstəriblər. Müəlliflər film vasitəsilə göstərir ki, macəra-detektiv janrının məziyyəti yalnız hadisələrin düyününün açılmasından ibarət deyil.

Yazıçı Elçinin ssenarisində dərin mənəvi-əxlaqi problem qoyulub. Filmdə sadəcə olaraq adi cinayətkarın yox, əksinə uzun zaman simasını gizlətmiş, neçə-neçə insanın qanını tökmüş, nəhayət yeni ictimai quruluşun əleyhinə qalxmış sinfi düşmənin üzündən maskanı qoparıb atılması göstərilir. Müəlliflər janrın təbiətinə, poetikasına sadiq qalmış, filmin konfliktini kəskin süjetlə bağlamışlar. Ölüm hadisəsi dedektivin ilkin şərti kimi, burada da birinci akkordu vurur. Yaradıcı heyətin tərkibində olan operator Valeri Kərimovun məharətlə lentə aldığı epizodlarda-vaqonun kimsəsiz dəhlizində-buradakı işıq-kölgə çalarlarında da nigaranlıq, gərginlik duyulur. Kadr dəyişmir: Xəyyam Mirzəzadənin film üçün bəstələdiyi həyəcanlı musiqinin müşayiətilə ekranda yaradıcı heyətin tərkib hissəsinə daxil olan şəxslərin adları yazılır. Rejissor Arif Babayev isə filmin ilk kadrlarından tamaşaçıya gərgin əhval-ruhiyyə aşılayır.

 

HƏSƏN MƏMMƏDOV: OBRAZIN GƏNCLİK İLLƏRİ İLƏ YAŞLI DÖVRÜNÜ GÖRÜNÜŞ BAXIMINDAN KƏSKİN SURƏTDƏ FƏRQLƏNDİRMƏYƏ ÇALIŞDIM

 

Filmin rejissor ssenarisi hazır olduqdan sonra Arif Babayev ilk növbədə aktyor heyətinə kimlərin daxil olacağını düşünür. Foto, kinosınaq çəkilişlərindən sonra filmdə iştirak edən aktyorların tərkib hissəsi müəyyənləşdirilir. Digər rollara filmdə gördüyümüz aktyorlar, Qəmərli obrazına isə Gündüz Abbasov təsdiq olunur. Çəkiliş ərəfəsində rejissorla Gündüz Abbasov arasında mübahisə yaranır. Yaranan mübahisə son anda Gündüz Abbasovun filmdən, Qəmərli rolundan kənarlaşdırılmasına gətirib çıxarır. Bundan sonra, hətta çox qısa bir müddətdə Arif Babayev, Qəmərli obrazına Həsən Məmmədovu təsdiq edir.

Yeri gəlmişkən, Həsən Məmmədov, Arif Babayevin quruluş verdiyi bir neçə filmdə iştirak edib.  “Gün keçdi”, “Birisi gün gecə yarısı”, “Bizi bağışlayın”, eləcə də “Arxadan vurulan zərbə” və s. filmləri misal göstərmək olar. “Azərbaycanfilm”in istehsal etdiyi filmlərin əksəriyyətində xarakterik obrazlar yaradan Həsən Məmmədovun “Arxadan vurulan zərbə”də oynadığı Qəmərli obrazı ikili xarakter daşıyır: keçmişi canlandıran epizodlarda H.Məmmədov daha emosional, daha çevikdir. O, xalqın əmlakını dağıdanlara, yeni həyat tərzinin əleyhinə baş qaldıranlara qarşı amansızdır. Cavan Qəmərlinin xarakterinin bu cəhətləri onun möhkəm iradəsinin, əyriliyə qarşı barışmazlığının nişanələri, yaşa dolmuş Qəmərlinin də ifadəli gözlərində, davranışında və münasibətində görünür. Buna görədir ki, Fəttahla təsadüfən qarşılaşan Qəmərlinin vicdanı sakit durmur, o, düşməni ifşa etməyə can atır.

Qeyd etmək lazımdır ki, Həsən Məmmədov qəhrəmanının narahat düşüncələrini təbii yaşayır. Bu barədə aktyorun dediklərindən: “Gözləmədiyim halda bir gün Şəkidən xəbər gəldi ki, təcili orada olmalıyam. Getdim və ilk gedişimdə də bildim ki, Arif müəllim Qəmərli rolunda məni görmək istəyir. Doğrusu mən belə anlaşılmaz məqamları sevən adam deyiləm. Ancaq kinomuzun başında oturan rəhbərlərin təkidi ilə razılaşdım. Beləliklə rola təsdiq olundum və mənim iştirak etdiyim epizodların çəkilişinə başladıq. Bildiyiniz kimi, Qəmərli köhnə çekist olub. Həyatı boyu çətin mübarizələrdə dəfələrlə ölümlə üz-üzə gəlmiş qocaman çekist Qəmərli gözlənilməz şəraitdə, dinc, asudə günlərimizdə arxadan vurulan bıçaq zərbəsi ilə öldürülür. İlk baxışda onun ölümü səbəbsiz görünə bilər. Qəmərli rayonda müəllim işləyən qardaşı oğlu Fazilin yanına gəldikdən az sonra yolda kürəyinə bıçaq sancılır. Bu zərbəni kim və nə üçün vurub? Filmdə əsasən bu suallara cavab verilir. Yəni, filmin əvvəli tamaşaçını nə dərəcədə düşündürürsə, final kadrlarda artıq bütün cavablar aydınlaşır”.

30-cu illərdə Qurd Cəbrayıl kimi tanınan bu düşmən əl-ayağı hər yerdən üzüləndən sonra fəaliyyətini dayandırır, ömrünün sonunu yuvasına çəkilmiş yırtıcı kimi sakit yaşamağa çalışır. Bəlkə də bu yaşamına davam edərdi, ancaq köhnə çekist Qəmərli olmasaydı…

Həsən müəllim deyirdi ki, Qəmərli onlarla insanın qanını tökən bu insanı bağışlamaq fikrindən çox-çox uzaqdır: “Hələ gənclik illərində cinayətkarlara qarşı amansız mövqe tutan Qəmərli yaşlandıqca da barışmaz mövqedə qalır. Fəttah çox yaxşı bilir ki, onu öldürməsə, Qəmərli onun axırına çıxacaq. Yəni, Fəttah adı altında ömrünü başa vurmaq fikrində olan Qurd Cəbrayılı qanun qarşısında qoyacaq, onu ədalət divanına çəkib gətirəcək. Filmdə mənim yaratdığım Qəmərli obrazına çox az yer verilib. Buna baxmayaraq rejissorun bütün tələblərinə cavab verməyə çalışdım. Qəmərli obrazının tam, bütöv alınması üçün aktyor kimi bütün yaradıcı imkanlarımdan geniş istifadə etdim. Obrazın gənclik illəri ilə yaşlı dövrünü görünüş baxımından kəskin surətdə fərqləndirməyə çalışdım. Təbii ki, qrim də öz işini gördü”.

 

RAFİQ ƏZİMOV: FİLMDƏ KASKADYOR İŞİNDƏN İMTİNA ETDİK

 

Filmin rejissoru Arif Babayev tamaşaçılara “Uşaqlığın son gecəsi”, “Ömrün ilk günü”, “Gün keçdi”, “Birisigün gecə yarısı” və s. filmlərdən yaxşı tanışdır. Onun aktyorlarla işləmək bacarığı “Arxadan vurulan zərbə” filmində də özünü qabarıq şəkildə göstərmişdir. Filmdə istər baş qəhrəmanın, istərsə də digər obrazların ifaçıları realist oyun üslubunu göstərmişlər. Belə aktyorlardan biri də filmdə müstəntiq Hüseynov obrazını yaradan Rafiq Əzimovdur.

Rafiq Əzimov deyir ki, filmdə ona həvalə olunan müstəntiq Hüseynov obrazının çəkildiyi kadrlar Mingəçevirdə, Xaçmazda, Zaqatalada, Şəkidə, Rirəküşgüldə lentə alınıb: “Hüseynov obrazının cavanlıq illəri Rirəküşgüldə, yaşlı dövrünün bir hissəsi, xüsusilə arxadan bıçaqla vurulan hissəsi həm Zaqatalada, həm də Xaçmazda lentə alınıb”.

Bütün filmlərdə olduğu kimi “Arxadan vurulan zərbə”də də çətin anlar yaşanıb. Hətta həmin çətinliklər son məqamda faciə ilə də nəticələnə bilərdi. Belə bir faciəli anı Rafiq Əzimov da yaşayıb: “Bıçaq atılan epizodda gözləmədiyim bir hal yarandı. Həmin epizodda arxamca atılan bıçağı mən görmürdüm. Sadəcə olaraq bıçaq arxadan atılan zaman rejissor “əyil” komandası verirdi və mən də tez əyilirdim. Onu da deyim ki, filmdə bıçağı sərrascasına atan sirk artistidir. Çəkiliş vaxtı birinci komanda bıçağı atan sirk artistinə verilirdi, ikinci, “əyil” komandası isə mənə verilirdi. Həmin epizod iki dubl çəkildi. Üçüncü dublun daha da effektli alınması üçün rejissorun mənə “əyil” komandasını bir az gec verməsi az qala bıçağın düz başımdan sancılmasına səbəb olacaqdı. Təsəvvür edin ki, mən düz yolumla gedirəm və baş verəcəklərdən də heç bir xəbərim yoxdur. Ona görə ki, mənə arxaya baxmağa icazə verilmirdi. Elə həmin vaxtda yaradıcı heyətin həyəcanla ayağa qalxaraq mənə vahimə ilə baxmasının şahidi oldum, onda başa düşdüm ki, nələr baş verib. Xoşbəxtlikdən heç bir zədə almadım. Sən demə bıçaq düz saçımın üstündən keçibmiş. Sonra yaradıcı heyət məni əhatəyə alaraq diqqətlə başımı yoxladılar ki, görsünlər, zədə almışam, yoxsa, yox”.

Əsində montaj vasitəsilə həmin kadrları lentə almaq olardı. Ancaq Arif Babayev ilk dəfə müraciət etdiyi macəra-detektiv janrında bütün rolların təbii alınması üçün bütün bacarığını sərf edirdi. Aktyorlardan tələb etdiyi də canlı, təbii oyun idi: “Filmdə kaskadyor işindən imtina etdik. At çapma, döyüş səhnələrini, xüsusilə cavanlıq illərinin çəkildiyi səhnələri özümüz təbii oynadıq. Bilirsiniz, artıq o vaxta qədər bizlər müəyyən filmlərdə yaddaqalan rollar oynamış, döyüş səhnələrində iştirak etmiş, at çapmaq üçün isə xüsusi təlim keçmişdik. Son məqamda bu, biz aktyorların kaskadyor işindən imtina etməyimizə gətirib çıxarmışdı. Maraqlı məqamlardan biri də “Yeddi oğul istərəm” filmində çəkilən yeddi oğuldan üçünün bu filmdə iştirakı idi. Mənimlə birgə Həsən Məmmədov və Ənvər Həsənovun oyununu nəzərdə tuturam. Eyni zamanda Arif müəllim filmin bəzi yerlərində “Yeddi oğul istərəm” filminin musiqisindən istifadə etmişdi”.

R.Əzimov filmdə Hüseynov obrazının həm cavanlıq, həm də yaşlı dövrünü oynayıb ki, bu da aktyorun qarşısına bir sıra çətinliklər çıxarıb: “Bundan əvvəl mən Arif Babayevin quruluşunda çəkilən “Ömrün ilk saatı” filmində ikili xarakter daşıyan neftçi rolunu yaratmışam. Neftçinin həm cavanlıq, sonra orta yaş dövrünü, eyni zamanda isə lap yaşlı dövrünü yaratmışdım. Buna görə də müəyyən mənada belə obrazlar oynamaq mənim üçün hardasa asanlaşmışdı. Yadımdadır ki, “Ömrün ilk saatı” filmindəki neftçi obrazının lap yaşlı dövrünü başqa bir aktyorun oynamasını təkid edənlər də var idi. Ancaq Arif Babayev heç kimə qulaq asmadan üç yaş dövrünün üçünün də mənim ifamda çəkilməsinin tərəfdarı oldu. Bu inam məni daha da həvəsləndirdi və “Arxadan vurulan zərbə”də də ikili xarakter daşıyan Hüseynov obrazının daha da dolğun alınmasına şərait yaratdı”.

 

RASİM BALAYEV: AKTYOR YALNIZ QƏHRƏMAN DEYİL, XARAKTERİK OBRAZLAR YARATMAĞI DA BACARMALIDIR

 

Arif Babayev rejissor kimi ilk dəfə olaraq məhz “Arxadan vurulan zərbə” filmi ilə macəra-detektiv janrına müraciət etmişdir. Onun quruluşunda təqdim edilən filmlər sübut edir ki, o, psixoloji dərinliyə varan, real həyat hadisələri fonunda, sadə obrazlar timsalında mürəkkəb problemlərə cavab axtaran rejissorlardan biri olub. Onun  aktyor ansamblı seçməkdə, aktyorları filmin üslubunun tələb etdiyi ifa tərzinə istiqamətləndirməkdə də müəyyən təcrübəsi olub.

“Arxadan vurulan zərbə” filmində də ilk baxışdan sadə obraz kimi təqdim edilən Cəbi əslində, sirli-soraqlı bir şəxsdir. O, adi bir sürücü olsa da baş vermiş cinayət hadisəsində kimin əli olduğunu bilir və məhz sirri açmağa hazırlaşdığı üçün həyatını təhlükə qarşısında qoymaqdan belə çəkinmir. Cəbi rolunu böyük məharətlə yaradan Rasim Balayev bu barədə deyir ki, bir gün Arif Babayev məni yanına çağırtdırdı və çəkməyə hazırlaşdığı “Arxadan vurulan zərbə” filminin ssenarisini qarşıma qoyaraq oxumağımı təklif etdi: “Etiraf edim ki, ssenari mənim çox xoşuma gəldi. Xatırladım ki, rejissor əvvəlcədən məni Cəbi rolunda gördüyü üçün sınaqsız filmə çəkildim. Cəbi baş rol deyil, ikinci dərəcəli roldur. Ancaq buna baxmayaraq yaddaqalandır”.

Yeri gəlmişkən, Rasim Balayev bu filmdən əvvəl Arif Babayevin quruluş verdiyi “Ömrün ilk saatı”, “Birisi gün gecə yarısı” filmlərində çəkilmiş və rejissorun yaradıcılığına yaxından bələd olmuşdur:  “Yaxşı yadımdadır, “Ömrün ilk saatı”, “Nəsimi” filmi ilə paralel olaraq çəkilirdi və mən də hər ikisində iştirak edirdim. Doğrudan da Arif müəllimin iş üslubuna məhz, “Ömrün ilk saatı” filmində bələd olmuşam. Yəqin elə bu səbəbdəndir ki, “Arxadan vurulan zərbə” filmində yaratdığım Cəbi obrazı ilə bağlı heç bir çətinlik çəkmədim. Bu filmə çəkildiyim vaxt artıq mən Nəsimi kimi rol yaratmışdım. Belə bir söhbət gəzirdi ki, tezliklə Babək rolu da mənə tapşırılacaq. Sözümün canı odur ki, aktyor kimi kifayət qədər təcrübəyə malik olduğum üçün Cəbi rolunu yaratmaq məni narahat etmirdi”.

Həmin illərdə R.Balayevi Nəsimi obrazında görənlər onun Cəbi kimi adi, ikinci dərəcəli rola çəkilməsinə etiraz ediblər. Ancaq R.Balayev bu cür etirazları qəbul etməyib: “Zənnimcə, aktyor üçün rolun böyüyü, kiçiyi olmamalıdır. Şəxsən mən daima rejissor dəvətlərini qəbul etmişəm. Ona görə ki, hər bir rejissor obrazda gördüyü aktyoru dəvət edir. Elə təbiilik də burdan başlayır. Aktyor yalnız qəhrəman deyil, xarakterik obrazlar yaratmağı da bacarmalıdır. Cəbi də xarakterik roldur”.

Filmdə Cəbinin maşın sürmə epizodlarını Rasim Balayev özü canlı olaraq nümayiş etdirib. Yalnız bir kadrda çox sürətlə sürülən “ZİL” markalı maşın sürücü tərəfindən idarə olunub: “O vaxta qədər öz şəxsi avtomobilim olmasa da, bir iki dəfə minik avtomobili idarə etmişdim. Ancaq ilk dəfə idi ki, “ZİL” markalı maşın sürürdüm. Həmin kadrlar lentə alınmamışdan əvvəl çəkilişə dəvət olunan “ZİL” markalı maşının sürücüsü bir neçə gün mənimlə məşğul oldu. Yadımdadır ki, çəkiliş vaxtı “ZİL”i bərk sürməyim sürücünü qorxudurdu və mənə müraciət edərək “Ay Rasim müəllim, evimi yıxarsan, bir az ehtiyatlı ol” deyirdi. Mən də öz növbəmdə ona ürək-dirək verirdim ki, qorxma maşınına bir şey olsa, dövlət sənə yeni maşın bağışlayacaq. Etiraf edim ki, filmin bəzi epizodlarında maşını mən idarə etsəm də, bəzi, hətta ən sürətli maşın sürmə səhnələrində sürücü çəkilib”.

Hər rejissorun aktyordan tələb etdiyi anlar, məqamlar olub. Arif Babayev də belə tələbkar rejissorlardan biri olub.

Rasim müəllim deyir ki, Arif Babayevin rejissor kimi özünəməxsus dəst-xətti var idi. Bir anlıq onun filmlərini  xatırlayaq – “Gün keçdi”, “Uşaqlığın son gecəsi”, “Ömrün ilk saatı” və s: “Görün bu filmlər bir-birindən necə də fərqlənir. Bu bəlkə də onun uzun illər Azərbaycan televiziyasında baş rejissor vəzifəsini icra etməsindən irəli gəlirdi. Arif müəllim ekran sənətini, ekranın tələblərini çox gözəl bilirdi ki, bu da istər-istəməz onun işinə daha da müsbət təsir göstərirdi. Onun məndən, eyni zamanda digər aktyorlardan tələbi əsasən təbii oyun tərzi idi”.

Filmin yaddaqalan, eyni zamanda isə ən çətin epizodlarından biri də Cəbinin köhnə dəyirmanda bıçaqlanan səhnəsi olub. Həmin epizodun çöl görünüşü Şəkidəki köhnə dəyirmanda çəkilmiş, iç görünüşü isə kinostudiyanın pavilyonunda lentə alınmışdı: “Bu həmin gün idi ki, evdə 29 yaşımı qeyd etməyə hazırlıq görülürdü. Elə yüngülvari formada dostlar bir yerə yığışaraq doğum günümü keçirmək istəyirdik. Məni yıxıblar yerə, kürəyimə də bıçağın tiyəsini yapışdırıblar. Təsəvvür edin ki, həmin kadrda nəfəsimi belə çəkə bilmirdim. Öz-özlüyümdə fikirləşirdim ki, yəqin çəkiliş saat 6-ya, 7-yə qədər yekunlaşar. Axşam saat 9 olub hələ çəkiliş bitmir. Axırda dedim ki, Arif müəllim, məni öldürün qurtarsın getsin. Yaradıcı heyətin üzvləri də hərdən zarafatla “ad günündə ölürsənsə, deməli uzun ömürlü olacaqsan” deyirdilər. Nəhayət ki, çəkiliş bitdi və mən də evimə getdim. Demək istədiyim odur ki, qismətdən, ya nədən çəkildiyim filmlərin əksəriyyətində ölüm anlarını yaşamışam və bu yaşantılar artıq tarixə çevrilib”.

 

QƏZETLƏR FİLM HAQQINDA YAZIRDI…

 

  • Filmdə rejissorun əhəmiyyət vermədiyi bəzi məsələləri də nəzərə çatdırmaq istərdik. Bunlar zahirən kiçik, lakin dedektiv film üçün elə qüsurlardır ki, tamaşaçının inamını azaldır. Məsələn, Cəbinin öldürüldüyü yerdən Qurd Cəbrayılın idarəyə maşını böyük sürətlə qovan Gündüzdən tez gəlib çıxması heç cür ağla sığmır. Və yaxud Qəmərlinin saatının Zibada olduğunu bilən milis işçilərinin onun dalınca həyəcan siqnalı verə-verə getmələri təəcüb doğurur. Axı nə elə bir fövqəladə hadisə baş verib ki, bütün rayonu ayağa qaldırasan?! Məgər bir və ya iki milis işçisi sakitcə gedib Zibanı milis idarəsinə gətirə bilməzdimi? Bunlar rejissora əhəmiyyətsiz görünsə də, gərək məsləhətçinin nəzərindən qaçmayaydı.
  • “Azərbaycanfilm” kinostudiyasının macəra-dedektiv filmlər çəkməkdə təcrübəsi azdır. Təbii ki, təcrübə azlığından “Arxadan vurulan zərbə” filmində uyarsız kadrlara təsadüf olunur. Məsələn, adi bir hadisədən ötrü milis maşınının rayonun küçələrindən həyəcan siqnalı verərək getməsi və yaxud Cəbinin öldürülməsi ilə bağlı epizod…Əlbəttə buna bənzər xırdalıqları problem səviyyəsinə qaldırıb ideyadan, konfliktdən, ali məqsəddən vaz keçərək filmin dəyərini bu xırdalıqlarda axtarmaq və qiyməti də həmin qüsurlara əsaslanıb vermək düzgün deyildir.
  • Qəmərlinin quldurlarla rastlaşdığı epizodda Fəttahın iri planda verilməsinə, tanınmasına heç də ehtiyac yox idi. Çünki finala qədər caninin kim olduğu sirli qalsaydı, filmin təsir qüvvəsi daha da artardı.
  • Cəbinin köhnə dəyirmana girməsi ilə dəyirmanın çardağından quşların havaya hürkməsi bir anda baş verir. Yolun kənarında Cəbini gözləyən Gündüz quşların pərən-pərən düşməyindən narahat olur. Ürəyinə damır ki, Cəbinin başına nə isə iş gəlib. Doğrudan da o, içəridə Cəbinin meyidini tapır. Tamaşaçı sonradan anlayır ki, Cəbini öldürən Fəttahdır. İnandırıcı görünməyən- Fəttahın hadisə yerindən bir göz qırpımında yayınması, yəni maşını bərk sürən Gündüzdən əvvəl geri qayıtmasıdır.

 

FİLMİN YARADICI HEYƏTİ: Ssenari müəllifi Elçin Əfəndiyev, rejissor-Arif Babayev, operator Valeri Kərimov, rəssam Elbəy Rzaquliyev, bəstəkar Xəyyam Mirzəzadə, səs operatoru Əsəd Əsədov, rejissor assistenti Yusif Əlizadədir.

Rollarda çəkiliblər: Şahmar Ələkbərov(Gündüz), Adil İsgəndərov(Dadaşlı), Yusif Vəliyev(Fəttah), Hamlet Xanızadə(İmaş), Amaliya Pənahova(Ziba), Rasim Balayev(Cəbi), Akif Məhərrəmov(Fazil), Həsən Məmmədov(Qəmərli), Rafiq Əzimov (Hüseynov), Ələsgər İbrahimov(Cabbarov), Ənvər Həsənov(Oqtay), Dilarə Yusifova(Səfurə), Nicat Bəkirzadə(Kazımov).

Xədicə QİYAS