Milli Kino Tariximizdən – ”Səbuhi” - 80

“Milli Kino Tariximizdən”  rubrikasının növbəti filmi “Səbuhi”dir, çəkilişindən 80 il keçir…1941-ci ildə tarixi-bioqrafik janrda çəkilən “Səbuhi” filmi böyük Azərbaycan maarifçisi, dramaturqu və filosofu Mirzə Fətəli Axundovun həyat və fəaliyyətindən bəhs edir. Filmdə  Mirzə Fətəli Axundovun öz xalqına olan sevgisi, sədaqəti, eyni zamanda dövrünün qabaqcıl ideyaları uğrunda apardığı mübarizə öz əksini tapıb. Yazıçı Mikayıl Rəfilinin ssenarisi əsasında çəkilən filmə görkəmli rejissor Rza Təhmasib quruluş verib.

 

“SƏBUHİ” VƏ “XALQIN ŞAİRİ” ƏDƏBİ SSENARİLƏRİ MÜZAKİRƏ OBYEKTİNƏ ÇEVRİLDİ

 

İstənilən filmin yaranmasında ədəbi ssenari böyük rol oynayır və SSRİ dövründə ədəbi ssenarinin qəbul olunması, onun üzərində aparılan işlər, daha sonra öz təsdiqini tapması kimi məqamlar sadəcə işin başlanğıcı hesab olunurdu.

1941-ci il, Böyük Vətən müharibəsinin başlandığı tarix və belə bir məqamda film çəkilişi, o qədər də asan məsələ deyildi…Ancaq həyatın öz qanunları var, nə qədər çətin şərait olsa belə hər sahədə həyat davam etməlidir. Bəhs etdiyimiz tarixdə Bakı kinostudiyasına iki ədəbi ssenari təqdim olunub. Rus və azərbaycan dillərində Mikayıl Rəfilinin “Səbuhi” və Mehdi Hüseynin “Xalqın şairi” adlı həmin ədəbi ssenariləri…Həmin ssenarilər hazırda Rza Təhmasibin arxivində saxlanılır.

Qeyd edəık ki, Mehdi Hüseynin ssenarisinin üstündə iki tarix göstərilir. Biri makinada-1937-ci il dekabr, Moskva, o biri isə ssenari şöbəsinə, I/II-38 yazılıb.

Mikayıl Rəfilinin adı olan titul vərəqdə isə bu sözlər yazılıb: “Çelovek utro”/Səbuhi/. Bədii ssenari, payız, 1939, Bakı ş. Bu da bir daha sübut edir ki, hər iki ssenari kinostudiyaya 1938-1939-cu illərdə təqdim olunub. Arxifdəki materialdan o da məlum olub ki, Mikayıl Rəfilinin ssenarisi təsdiq üçün təqdim ediləndə geniş müzakirə obyektinə çevirilmiş və bir çox mübahisələrdən, eyni zamanda fikir mübadilələrindən sonra düzəlişlər edilmiş və nəhayət ssenarinin ekran variantının yaradılması üçün 1941-ci ildə istehsalata buraxılmışdır. Bəs fikir mübadilələri nədən ibarət olub? Verilən məsləhətlərdən belə məlum olur ki, M.F.Axundovun Bestujev Marlinski və Tiflisdə sürgündə olan başqa dekabritslərlə olan səhnələri artırılması, mütəfəkkir şairin formalaşmasında rus ziyalılarnın təsirinin aydın göstərilməsi xüsusi cidd-cəhdlə ssenaristə tapşırılıb. Mikayıl Rəfilinin bu məsləhətləri nə dərəcədə qəbul edib onu həyata keçirməsi barədə söz demək çətin olsa da, yalnız onu nəzərinizə çatdırmaq istərdik ki, məsləhət olunan səhnələrin filmdə çox yığcam şəkildə göstərilməsi gözdən qaçmır. Ədəbi ssenari plana salındıqdan sonra onun ekran variantını yaradılması Rza Təhmasibə tapşırılır.

Xatirələrdən məlum olur ki, yaradıcı heyət filmin çəkilişi zamanı adət-ənənə, geyim, münasibət, baxış, dünyagörüşü, sosial şərait, zövq, düşüncə, kolorit və başqa anlayışlar barəsində uzun-uzadı müzakirələr aparıblar. Ancaq nə olur olsun, filmin bütün məsuliyyəti Rza Təhmasib kimi bir milli kadrın üzərinə düşürdü. Və o, bir rejissor kimi  cavabdehlik daşıdığı filmin yüksək səviyyədə alınması üçün böyük yaradıcı güc və əmək sərf edirdi.

 

RZA TƏHMASİB USTADI S.M.EYZENŞTEYNİN DƏVƏTİNİ QƏBUL ETMƏDİ

 

Azərbaycannın görkəmli kino və teatr rejissoru, aktyor və pedaqoq Rza Təhmasibin yaradıcılığı geniş şaxəli olub və onun adı kino tarixinə “Arşın mal alan”(1945) filmi ilə düşüb. Bir qədər əvvələ qayıldaq.

1935-ci il Rza Təhmasibin yaradıcılığında yeni dövrün başlanmasından xəbər verirdi. Belə ki, “İvan Qroznı”, “Potyomkin zirehli gəmisi” və s. filmlərin yaradıcısı rus kinosunun ustad kinorejissoru Sergey Mixayloviç Eyzenşteyndən məktub alır. Məktuba əsasən Eyzenşteynin Rza Təhmasibə və onun timsalında yenicə kino sahəsinə qədəm qoyan kinematoqrafçılara böyük ehtiyacı olduğu və onların Moskvada təhsillərini artırması işində böyük köməklik göstərəcəyini vəd edib və sonrakı proseslər bir daha sübut edib ki, o, vədinə əməl edib. Kinematoqrafiyada rejissor kimi çalışmağı çoxdan arzulayan akytor bu sahədə heç bir biliyə sahib olmadığını səmimiyyətlə etiraf etsə də, sonda Eyzenşteynin məktubu Bakıya gətirən assistenti Təhmasibi inandırıb. Bunun nəticəsidir ki, Rza Təhmasib özünü sınamağı(həmin ildə aktyorun 41 yaşı var idi) qərara alır. Xeyli çətinlikdən, uzun mübahisələrdən, müdriyyətin fəxri ad, 25 illik yubiley vədlərindən sonra, hətta Cəfər Cabbarlının o vaxtlar üzərində işlədiyi “Almaz” kinossenarisi üzrə film çəkmək və ya filmdə rol oynamaq təkliflərindən belə imtina edir və Moskvaya-Kinematoqrafiya Akademiyasına(o zaman belə adlanırdı) imtahan verməyə yola düşür. İmtahanı S.M.Eyzenşteyn özü qəbul edirdi. Daim oxumaq, öyrənmək, elmə yiyələnmək arzusu ilə yaşayan 41 yaşlı sənətkar “əla” qiymətlə Akademiyaya qəbul olunur.

R.Təhmasibin təhsil dövrünün son günlərində Eyzenşteynlə görüşü haqqında maraqlı xatirəsi var. “…Günlərin birində Eyzenşteyn məni evinə çağırtdırdı. Onun evi mənzil deyil, böyük bir kitabxananı xatırladırdı. Taxta kitab şkaflarının arasında yerləşirdi. Məni çarrayının yanında oturtdu, söhbətə başladı. O böyük insan çox sadə idi, böyüklə böyük, kiçiklə kiçik idi. Ondakı yumor dağdan gələn çaylar kimi aşıb daşırdı. Danışdığı hər yeni söz, başladığı hər yeni fikir gözlənilən, ümid edilən səviyyədən qat-qat yüksək olurdu. Onları birdən-birə qavramaq çətin idi. Lakin onun çox mehriban danışıq tərzi, gözlərinin sönməz rarıltısı adama kömək edərdi. O, təkcə danışmırdı, bütün varlığı ilə mürəkkəb fikirlərini sanki sadələşdirirdi. O, adamın qəlbinə girirdi. Bu dəfə o, mənə çox yumşaq tərzdə, gülümsünərək dedi: “Sluşay Taxmasib, davay budem rabotat vmeste, tı xoroşo rabotaeş s akterami”. Mən özümü itirdim, sovet və dünya kinematoqrafiyasının ən böyük şəxsiyyətinin bu təklifi ağlımın və anlamaq qabiliyyətimin fövqündə idi. Sergey Mixayloviç Eyzenşteyn özümü itirdiyimi yəqin ki, doğru başa düşə bilməmişdi. Dedi ki, “Mənim familiyam E hərfindən başlanır, səninki T hərfindən. Çox xahiş edirəm, filmdə sənin adın birinci gedə bilər”.  Bu sözdən özümü tamamilə itirdim, hətta dilim söz belə tuta bilmədi. Siz nə danışırsınız, Sergey Mixayloviç-dedim. Mən xoşbəxtlikdən özümü itirmişəm, nə deyəcəyimi bilmirəm. Mən sizin adi köməkçiniz olmağı da özüm üçün böyük bir şərəf sayıram. “Ho-no xoroşo” deyərək səmimiyyətlə güldü. Bəlkə də Rza Təhmasib sevərək dinlədiyi bu təklifdən bəhrələnə bilərdi. Ancaq vətənə, xalqına olan hörmət, məhəbbət onu Bakıya dönməyə vadar edir. Demək olmaz ki, Moskvadakı təhsil illərindən sonra o, Bakıda, qırılmaz tellərlə bağlandığı kinostudiyada asanlıqla iş başında olub. Əksinə sonralar o, daha çox təzyiqlərlə rastlaşıb. Bütün bunlara baxmayaraq böyük sənətkar vətəni seçir.

 

LEYLA BƏDİRBƏYLİ TUBU, İSMAYIL DAĞISTANLI SƏBUHİ ROLUNA TƏSDİQ OLUNDU

 

Hər filmdə olduğu kimi “Səbuhi” filminin sınaq çəkilişlərində də müəllifləri əsas düşündürən məsələ baş rolu-Səbuhi obrazının kimə həvalə edilməsi idi. Ymumiyyətlə isə digər rollardan fərqli olaraq baş rola lazım gəlsə onlarla aktyorun ifası yoxlanılır. Ola bilsin ki, Səbuhi rolunun sınağında da bir çox aktyorların ifası yoxlanılıb, ancaq xatirələrdən məlum olur ki, bu obraz üçün İsmayıl Dağıstanlının ifası əsas götürülüb.

Onu da qeyd edək ki, İsmayıl Dağıstanlı Səbuhi roluna təsdiq olunduğu zaman çox gənc olub, hətta demək olar ki, o qədər də tanınmırdı. Buna görə də rejissorun ondan tələb etdiyi ilk növbədə o idi ki, gənc aktyor üzərinə düşən vəzifənin məsuliyyətini, obrazın ciddiliyini başa düşsün ki, nəticədə də bütün aktyorluq potensialını səfərbərliyə almağı bacarsın. Hələ məşq prosesində İsmayıl Dağıstanlı başa düşürdü ki, Səbuhi elin, obanın, xalqın oğludur.

Rejissor xatirələrində yazır ki, aktyor bütün səhnələrində, xüsusilə yeni əlifba layihəsi ilə məclisdəki çıxışında, Şeyx Əli və başqa alim, din nümayəndələrilə mübahisələrində məhz bu mövqedən çıxış edirdi, danışırdı, haqqa, ədalətə çağırırdı ki, bu da çox təbii alınırdı.  Sınaq çəkilişlərində Tubu rolu da rejissoru çox düşündürüb. Leyla Bədirbəylinini Rza Təhmasiblə əməkdaşlığı məhz bu filmdən başlayıb.

R.Təhmasib dediklərindən: “Tubu roluna aktrisa axtardığım zaman eşitdim ki, flarmoniyanın rəqs ansambılında Leyla adlı gözəl bir qız var. Onu görmək arzusu ilə tamaşaçı qismində flarmoniyanın növbəti konsertlərinin birinə getdim. Konsert başlanan kimi rəqs ansamblı səhnəyə çıxdı. Bir dəstə qızın içində gözlərim onu tutdu. Zəndim məni aldatmamışdı, bu, Leyla idi. Görünüş baxımından onu bəyəndiyim üçün sınaq çəkilişinə dəvət etdim”. Sınaq çəkilişi uğurlu alındığı üçün məhz Rza Təhmasibin dəstəyi ilə studiyada fəaliyyət göstərən Bədii Şura Leylanı Tubu roluna təsdiq edir. Ancaq rola təsdiq olunmaq hələ işin başlanğıcı idi. “Əsl iş qabaqda idi. Axı mənə Leylanın gözəlliyindən daha çox aktyorluğu lazım idi. O, isə təcrübəsiz idi. Qarşımda real gözəlliklə hələlik naməlum istedadı tapıb üzə çıxarmaq və birləşdirmək kimi çətin bir vəzifə dururdu. Mən bu əzaba qatlaşmağı qarşıma məqsəd qoydum, deyəsən nəticəsi pis olmamışdı” deyib rejissor.

 

RZA TƏHMASİBİN XATİRƏLƏRİNDƏN VƏ YA 1970-Cİ İLİN BİR PAYIZ AXŞAMINDA

 

Filmin çəkilişindən 29 il sonra, 1970-ci ilin bir payız axşamında uzun fasilədən sonra Azərbaycan televiziyasının təşəbbüsü ilə ilk dəfə olaraq “Səbuhi” filmi nümayiş olunur. “Proqramdakı elanı oxuyanda ailəmizin o günü necə gözlədiyini, həmin gün isə axşamadək keçirdiyi sevinc, fərəh dolu həyəcanı təsəvvür etmək çətin deyil. “Səbuhi”ni ekranda görmək həsrətində olduğumuz zaman o özü bu axşam bizə qonaq gələcəkdi. Adil Əfəndiyev adəti üzrə qonağımız idi. O axşam evimizdə bayram şənliyi vardı. Şirniyyat bişmişdi, xüsusi çay süfrəsi açılmışdı” deyə Rza Təhmasibin qızı xatirələrində yazır.

Film nümayiş olunan zaman evdə hökm sürən sakitlik sanki bütün xatirələri yada salmışdı. Bu sakitliyə Rza Təhmasib son qoyur: “Adil, bilirsən, bu film üstündə başım nə qədər çəkib. “İlahi, adama nə qədər mane olarlar. Kim necə bacarırdısa, nə qədər gücü çatırdısa…Eh, nə isə…”. Sonra gülümsünüb çayı qabağına çəkir və bununla da o günlərin artıq bir xatirəyə çevrildiyinə sanki sevinib. Sonra yaradıcı proseslərdən söhbət edib. Tamilla Təhmasibin xatirələrindən: “Kazım Ziya ilə yaradıcılıq prosesində xüsusi zövq duyduğunu dedi. Aktyorun intellekti, həssaslığı rejissorun tələblərini tamamilə ödəyirdi. Kazım Ziyaya rejissorun kiçik işarəsi belə kifayət idi ki, o, rolu lazımı səmtə yönəldə bilsin. Buna görədir ki, Şeyx Əli yalnız yeni əlifba layihəsinin əleyhinə deyil, ümumiyyətlə yeniliyin-elmin, maarifin, beləliklə də hüriyyətin, insanlığın düşməni kimi ekranda canlanır. Kazım Ziya çox qısa bir epizodda bu təsiri yaradır”.

Günlərin bir günündə çəkiliş prosesində qəribə bir əhvalat baş verib, belə ki, ssenariyə əsasən epizodların birində Tubu ağlamalı idi. Ancaq Leyla Bədirbəyli nə qədər çalışsa da ağlaya bilmirdi. Təbii ki, bu da aktrisanın təcrübəsizliyindən irəli gəlirdi. Ancaq rejissor hiyləsi deyilən bir məqam da var ki, bu zaman aktyor özünü tamamilə unudur. “Görəndə ki, Leyla ağlaya bilmir, onda çəkilişi dayandırdım. Yzümü bütün yaradıcı heyətə tutaraq daha bu gün çəkiliş olmayacağını elan etdim”. Yaradıcı heyət çəkiliş meydançasından uzaqlaşmağa hazırlaşdığı bir məqamda rejissor başqa bir göstəriş verir. Ancaq necə? “Onlara gizlincə, yəni Leylanın xəbəri olmadan göstəriş verərək tərpənməmələrini, apparatları hazır vəziyyətdə saxlamalarını tapşırdım”. Əmrə hazır vəziyyət alan yaradıcı heyət rejissorun nə edəcəyini səbirsizliklə gözləməyə başlayırlar. “Çəkiliş heyətini çox intizarda saxlamadan bir tərəfdə arxayın dayanmış Leylaya yaxınlaşdım. Bilirdim ki, uzun müddətdir oğlundan ayrı düşüb və çox darıxır. Bu da təbiidir, çünki ana üçün övladından əziz heç kim ola bilməz. Bütün bunları nəzərə alaraq ona dedim:  “Sabah, ya da o birisi gün icazə verərəm, gedərsən oğlunu görərsən. Bu sözü eşidən Leylanın göz yaşları sel kimi axmağa başladı. Artıq bir an olsun belə itirmək olmazdı. Tez çəkiliş heyətinə “Motor” deyə qışqırdım”. Artıq istənilən nəticə əldə olmuşdu. Bunun nəticəsi idi ki, həmin epizod çox təbii alındı.

M.F.Axundovun həyat və yaradıcılığından bəhs edən “Səbuhi” filminin əsas çəkilişləri Tiflisdə aparılıb. Uğurlu alınan film bir müddət ekranda yaşasa da, sonra başqa filmlərin aqibəti kimi o da unudulub…

FİLMİN YARADICI HEYƏTİ:

Ssenari müəllifi-Mikayıl Rəfili, quruluşçu rejissor Rza Təhmasib, rejissor assistentləri-Zeynəb Kazımova, Qəmər Salamzadə, M.Hüseynov, quruluşçu operator-Dmitri Feldman, II operator-Əsgər İsmayılov, bəstəkar-Tofiq Quliyev, rəssamlar-R.Beytner(quruluş), V.Karlunovski(eskiz), İsmayıl Axundov(geyim), G.Rarisaşvili(qrim), səs oreratoru-Ağahüseyn Kərimov, operator assistenti-Leonid Koretski.

Rollarda iştirak edirlər: İsmayıl Dağıstanlı(Səbuhi), Leyla Bədirbəyli(Tubu), Hüseynqulu Sarabski(Səttar), Ağadadaş Qurbanov(Bakıxanov), Ə.Şərifov(Mirzə Şəfi), Ə.Həsənov(Adıgözəl), M.Movruzova (Gülüş), V.Belokurov(Bestucev), L.Alekseyev(İvan), L.M.Xotivari(Orbelyani), Möhsün Sənani(Vano), İsmayıl Əfəndiyev(Rza), Xeyri Əmirzadə(Rəcəb), Kazım Ziya(Molla Şeyx Əli), Əli Qurbanov(Ağalarov), H.Perestiani(Vorontsov), M.Kazavetti(baron Rozen), V.Nikolski(idarə rəisi), R.Kazımov(Şeyxülislam), Ə.Abbasov(nuxalı qoca), Mustafa Mərdanov(akademiya rəisi)

Tofiq İLK