Milli Kino Tariximizdən - “Tütək səsi”
“Milli Kino Tariximizdən” adlı rubrikamızın bu dəfəki filmi “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Tütək səsi”dir, filmin çəkilişindən 45 il keçir…
Yazıçı İsa Hüseynovun “Saz” və “Tütək səsi” əsərlərinin əsasında yazılmış ssenaridə Böyük Vətən müharibəsi illərində Azərbaycan kəndinin həyatı işıqlandırılıb. Əsərin ekran variantı üçün müəllif yeni obrazlar, yeni süjetlər yaradıb, yeni fikirlər irəli sürüb. Çəkiliş ərəfəsində İsa Hüseynov bu barədə deyirdi ki, filmin əsas qəhrəmanlarının gənclik illəri müharibəyə təsadüf etdiyi üçün onların hər birinin xarakteri bu odlu-alovlu illərdə formalaşır – Tardığın, Hurunun, Cümrünün…
Kino əsərində 20-30-cu illərin sınaqlarından çıxmış inqilab nəslinin və müharibə ərəfəsində kamilləşmiş orta nəsil nümayəndələrinin həyata baxışı, psixologiyası yuxarıda haqqında danışdığımız gənclərin dünyagörüşündən nə qədər fərqlənsə də, bu üç nəsil vahid cəbhədə, hamı üçün eyni dərəcədə vacib problemlər ətrafında birləşmişdir: “Faşizm üzərində qələbə naminə hər cür çətinlik və məhrumiyyətlərə dözməyə hazır olan bu adamların vətənrərvərlik duyğuları filmin əsas motivlərindən birini təşkil edir. Filmdə ön planda Səyalı ilə Cəbrayılın faciəsi göstərilir. Çünki bütün hadisələr məhz, həmin əhvalat ətrafında cərəyan edir. Bu adamların faciəsinə səbəb isə müharibədir. Ssenarinin süjet xətləri və əsas fikirlər burada cəmlənmişdir. Müharibə Səyalının ailəsini dağıtmış, əri-kolxoz sədri Muxtar həlak olmuşdur. Onun yerinə mərd, ağıllı Cəbrayıl sədr seçilir. O, Səyalını çoxdan sevir və müharibənin sonunu gözləmədən evlənmək istəyir. Bütün konfliktlər də elə buradan başlayır. İllərlə öz məhəbbətinə sadiq qalan Cəbrayıl nəhayət, arzusuna çatmaq istəyir və bu, ona təbii görünür. Ancaq o, tədricən dərk edir ki, xalqın kədər içində yaşadığı, hər bir ailənin gərgin həyat sürdüyü bir dövrdə şəxsi səadətə can atmaq düzgün deyildir”.
Rasim Ocaqov “Tütək səsi” povestini təsadüfən seçməyib
Uşaqlıq illəri Böyük Vətən müharibəsi illərinə təsadüf edən, kənd mühitində müharibə dövrünün ağrı-acısını yaşayan Rasim Ocaqov bu barədə danışarkən bildirib ki, elə bu səbəbdən əsərdə təsvir olunan yeniyetmələrin fikir, düşüncə və hərəkətləri ona yaxın və doğmadır. Qeyd edək ki, “Tütək cəsi” filmi R.Ocaqovun ikinci rejissor işidir. Bundan əvvəl “Qatır Məmməd” filminə(1974) quruluş verib. O vaxt kinostudiyanın baş redaktoru Yusif Səmədoğlu idi və yazıçı “Qatır Məmməd” filmini çox yüksək dəyərləndirmişdi. Məhz həmin illərdə İsa Hüseynov da kinostudiyada çalışırdı və “Tütək səsi” və “Saz” rovestlərini birləşdirərək yeni bir kino ssenarisini yenicə yazıb bitirmişdi. Yusif Səmədoğlunun məsləhətilə filmin çəkilişi Rasim Ocaqova həvalə edilir.
Rasim müəllim deyirdi ki, günlərin birində İsa Hüseynov ssenarini ona təqdim edərək oxumağı məsləhət görüb: “Ssenarini elə ilk oxunuşdan bəyəndim. 1975-ci ildə təxminən 10 ay ərzində filmin çəkilişini başa vuraraq onu Bədii Şuranın ixtiyarına təqdim etdik”.
Filmin sınaq çəkilişlərində çox sayda aktyorlar iştirak etsə də, aktyorların bir neçəsini rejissor sınaqsız olaraq çəkib. Sınaq çəkilişlərində rejissor bir qədər tərəddüd edib, xüsusuilə İsfəndiyar obrazının seçimində. Məsələn, Məmmədrza Şeyxzamanovun oynadığı İsfəndiyar kişi roluna İsmayıl Osmanlı da sınaqdan keçsə də və İsa Hüseynov İsfəndiyar kişi obrazına İsmayıl Osmanlı daha çox uyğun görsə də rejissor tərəddüd içində qalıb. Hətta Rasim müəllim etiraf edirdi ki, 90 faiz gümanla İsmayıl Osmanlı, İsfəndiyar kişi obrazına daha yaxındır: “Ancaq sınaq çəkilişlərindən sonra hər iki aktyorun çəkildiyi kadrlara baxarkən yanıldığımı anladım. Doğrudur, hər iki aktyor kənd ağsaqqalını təbii oynayırdı. Əslində Məmmədrza Şeyxzamanov, İsfəndiyar obrazına yeganə uyğun olan namizəd idi ki, sonralar onun təkrarolunmaz ifası da bunu bir daha sübut etdi”. Kənd ağsaqqalı İsfəndiyar kişi Məmmədrza Şeyxzamanovun ifasında xalqın müdrik atalarını necə xatırladırsa, Qılınc Qurban obrazı Yusif Vəliyevin ifasında sərt, sözü üzə deyən bir kişini canlandırır. Yusif Vəliyev xatirələrində Qılınc Qurban obrazı haqqında deyib: “Çoxları mənə irad tutur ki, Qılınc Qurban obrazını sərt oynamışam. Mənə elə gəlir ki, əgər sərt olmasaydım, onda bu obrazı yarada bilməzdim. Çünki o dövrün özü sərt dövr olub. Hahaq yerə o kişinin adına Qılınc Qurban deməyiblər ki…”
Şahmar Ələkbərova Cəbrayılı oynamaq yox, səsləndirmək qismət oldu
Filmdə diqqət mərkəzində dayanan iki obrazın ifaçısı kənar studiyalardan dəvət olunub. Bunlardan biri Cəbrayıl obrazının ifaçısı Mixay Volontirdir, rejissor onu Moldaviyadan(indiki Moldova Respublikası) dəvət edib. Onun azərbaycanlı obrazında nə dərəcədə inandırıcı görünəcəyinə şübhə ilə yanaşanlar, filmin ilk kadrlarından səhv etdiklərini görüblər.
Xatırladaq ki, Cəbrayıl obrazının sınaq çəkilişlərində bir çox aktyorlarımız, xüsusilə Şahmar Ələkbərov qatılsa da, son məqamda üstünlük Mixay Volontirə verilib.
R.Ocaqovun dediklərindən: “Cəbrayıl obrazı üçün 4-5 aktyoru yoxlasaq da, onlar arasında yadımda qalanı yalnız Şahmar Ələkbərovdur. Şəxsən mən Şahmarın aktyor imkanlarına hələ “Qatır Məmməd” filmindən yaxşı bələd idim. Buna görə də düşünürdüm ki, Şahmar Cəbrayıl obrazının öhdəsindən asanlıqla gələr. Ancaq Bədii Şura mənim fikrimlə razılaşmadı. O zamanlar Moldaviya kinostudiyasının istehsalı olan bir filmə baxmışdım və həmin filmdə Mixay Volontirin nümayiş etdirdiyi aktyor məharəti mənim xoşuma gəlmişdi. Onu dəvət etdim və ilk gəlişində sınaq çəklişlərində yoxladım. Çəkiliş çox uğurlu alındı və hamı da bir ağızdan Mixay Volontirin Cəbrayıl obrazına ən yaxşı namizəd olduğunu qeyd etdi. Beləcə Cəbrayıl obrazı Mixay Volontirə qismət oldu”. Ancaq obraz Mixay Volontirə qismət olsa da onun səsləndirmək yenə də Şahmar Ələkbərova həvalə edildi: “Doğrusu mən belə güman edirdim ki, Şahmar inciyə bilər. Çünki əmin idi ki, Cəbrayılı özü yaradacaq. Vəziyyətin dəyişməsi mənə də pis təsir etdi. Ancaq yenə də səsləndirmə vaxtı özümü saxlaya bilməyərək Şahmara müraciətlə Mixay Volontirin məhz, onun səsi ilə səsləndirilməsini xahiş etdim. Hətta söz arasında eşitdirdim ki, obraz sənə qismət olmasa da, heç olmasa səsi əbədi olaraq sənin olsun. Sağ olsun ki, təklifimi böyük məmnuniyyətlə qəbul etdi. Sonralar da əmin oldum ki, Cəbrayıl obrazını Şahmardan başqa heç kim təbii səsləndirə bilməzdi”.
Filmdə diqqət mərkəzində dayanan, kənar studiyadan dəvət olunan digər ikinci obraz Səyalı obrazının iştirakçısı olan Liya Eliavadır, Gürcüstandan dəvət olunub. Tamaşaçılar onu “Dəli Kür” filmində Cahandar ağanın bacısı Şahnigar rolundan yaxşı tanıyırlar. Liya Eliava ilə Mixay Volontirin tərəfmüqabil işi maraqlı olduğu qədər də bir-birini tamamlayır, bəlkə də ona görə ki, hər iki qəhrəmanın ifası sevgi xəttində birləşirdi…
Filmin tələb etdiyi məcburiyyətlər, yoxsa müharibə dövrünün məhrumiyyətləri
Tələbkar rejissor Rasim Ocaqov gənc nəslin yetişməsində böyük rol oynayıb, bunu onun filmlərində oynayan gənc nəslin sonrakı fəliyyətində görmək də mümkündü. Gənc aktyorlar arasında Şamil Süleymanovun Cümrüsü, kinoya o qədər də dəxli olmayan, ixtisasca filoloq olan Akif Məhərrəmovun Tapdığı, Ötkəm İsgəndərovun Nurusu və b. məhz tələbkar rejissorun istəyiylə oynadıqları rollara tam hakim ola biliblər. Və tələbkar rejissor günlərin birində gənc nəsli siqaret çəkmək kimi pis vərdişə öyrətmək məcburiyyətində qalıb ki, bunu özü də təəssüflə etiraf edirdi.
Bildiyimiz kimi, filmdə öz oyunları ilə diqqət mərkəzində dayanan bir qrup gənc aktyor var ki, onların da əksəriyyəti tələbə partası arxasından birbaşa çəkiliş meydançasına gəlib. Çəkiliş vaxtı aktyorlardan daha çox təbii olmağı tələb edən rejissor, bunun üçün hər kadrı bir neçə dubl çəkmək məcburiyyətində qalırdı. Bu tələblər daha çox gənc aktyorlara ünvanlanırdı. Filmdəki gərgin kadrlardan biri də gənclərin tonqal ətrafında əyləşərək siqaret çəkdiyi kadrdır. Bu kadr çox çətin başa gəlib. Belə ki, həmin kadrda çəkilən gənclərin heç biri siqaret çəkməyi bacarmırmış. Ancaq rejissorun təkidi ilə onların hər biri siqaret çəkməyi öyrənmək məcburiyyətində qalıb. ” Mən bir rejissor olaraq onlardan tələb etdim ki, tez bir zamanda siqaret çəkməyi öyrənsinlər ki, kamera qarşısında olan zaman bunu təbii olaraq nümayiş etdirə bilsinlər. Onların hər biri mənim tələblərimi doğruldaraq həmin erizodu çox canlı, təbii olaraq yaratdılar. Mənim günahım onda oldu ki, bu gəncləri siqaret çəkməyə elə öyrətdim ki, sonralar onların heç biri bu vərdişdən əl çəkə bilmədilər. Yəqin ki, bu da kinonun onlara əbədi “hədiyyə”si idi”. Hələ bu nədir ki, rejissor gənc aktyorları yalnız siqaret çəkməyə deyil, eyni zamanda onlara öküzə qoşulmuş xışla yer şumlamağı da öyrədib. “Filmdə kütləvi səhnələrin çəkilişində Qusar camaatının da böyük rolu olub. Şəxsən mən hazırda heç təsəvvürümə belə gətirə bilmirəm ki, “Tütək səsi” kimi filmi necə çəkmək olar. Filmdə belə bir epizod var ki, kənd camaatı tarladan qayıdır. Həmin epizodda 500 nəfər iştirak edib. Kənd camaatı çox böyük həvəslə müharibə dövrünün paltarlarını geyinərək kütləvi səhnələrdə çəkilirdilər. Eləcə də tarlada əkin-biçin işləri görülən səhnələrdə kənd camaatı aktyorlarla birgə çəkiliblər. hətta onlar bir neçə gün əvvəldən aktyorlara öküzə qoşulmuş xışla yer əkib-biçməyin qaydalarını da öyrətmişdilər. Mən aktyorlardan tələb edirdim ki, onlar əkib-biçməyi öyrənsinlər ki, həmin erizodlar da təbii alınsın”. Qusarda çəkilən erizodlardan biri də İsfəndiyar kişinin əsgər dalınca düşüb çaydan keçdiyi epizoddur ki, bu da çox çətinliklə başa gəlib. Rejissor aktyoru(Məmmədrza Şeyxzamanov) qorumaq məqsədilə həmin epizodu daha çox quraşdırma formasında hazırlamaq fikrinə düşsə də M.Şeyxzamanov təkidlə çayın içindən keçməyi bidirib, hətta həmin səhnədə zədə alıb ki, nəticədə də 3 gün müddətində həmin epizodun çəkilişi dayanıb. Sonra isə ortaq bir nöqtəyə gələrək həmin epizodu aktyorun da, rejissorun da istədiyi kimi ediblər. Belə ki, aktyor çayın əvvəlindən də bir metr, sonunda da bir metr dayanıb, rejissor da montaj vasitəsilə elə qurub ki, sanki İsfəndiyar kişi çayın içi ilə qaçır. Bu da kinonun möcüzəli dünyasının sirlərindən sadəcə biri…Müharibə dövrünü görməyən gənclər, müharibənin məhrumiyyətlərini özündə əks etdirən, arxa cəbhənin ağrılarını olduğu kimi dolğun şəkildə nümayiş etdirməli idilər. Əslində Rasim Ocaqov, “Tütək səsi” filmində bütün potensial gücündən istifadə edə bilib. Material kifayət qədər imkan verib ki, rejissor ondan yararlana bilsin. Filmdə Yusif Vəliyevin Qılınc Qurbanı nə qədər sərt idisə, Məmmədrza Şeyxzamanovun İsfəndiyar obrazı bir o qədər mülayim, ağsaqqallara məxsus olan təmkinli idi. Əgər Mixay Volontirin Cəbrayılı nə qədər coşğun, daima iş başında vətən üçün bacardığı bütün yardımları edən, eyni zamanda öz məhəbbətində dönməz idisə, Liya Eliavanın Səyalısı bir o qədər sərbəst düşüncəli, heç kimin sözünə əhəmiyyət vermədən illərlə onun yolunu gözləyən bir insanın məhəbbətinə müsbət cavab verən böyük təsir gücünə malik obraz idi.
Və son səhnədə – İsfəndiyar kişinin(Məmmədrza Şeyxzamanov) sazda ruhani çalmasını həyəcansız izləmək mümkün deyil. Doğrudur, ruhani Aşıq Ədalətin ifasında təqdim edilib. Ancaq canlı kadr vasitəsilə bunu nümayiş etdirən, yaşayan, tamaşaçını təsirləndirən, ağladan, eyni zamanda isə çəkiliş qrurunu həyəcanlandıran Şeyxzamanov idi. Bütün bunlar bir daha sübut edirdi ki, Rasim Ocaqov yüz ölçüb bir biçəndən sonra çəkilişə başlamış və nəticədə də gözəl sənət nümunəsi yaratmağa nail ola bilmişdir.
Filmin yaradıcı heyəti
Yaradıcı heyət: Ssenari müəllifi – İsa Hüseynov, rejissor-Rasim Ocaqov, operator-Teyyub Axundov, rəssam-Elbəy Rzaquliyev, bəstəkar-Aqşin Əlizadədir.
Rollarda: Məmmədrza Şeyxzamanov(İsfəndiyar kişi), Yusif Vəliyev (Qılınc Qurban), Mixay Volontir(Cəbrayıl), Akif Əli(Tardıq), Liya Eliava(Səyalı), Səfurə İbrahimova(İsmət), Xalidə Qasımova(Milli), Şükufə Yusifova(Tutu), Ötkəm İsgəndərov(Huru), Sadıq Hüseynov(Əsgər), Şamil Süleymanov(Cümrü), Vaqif Mustafayev(Tapdığın dostlarından biri),Məmmədsadıq Huriyev(Səlim), Susanna Məcidova(Suqra), Həsən Qara(Zahid).
Məzmunu: Filmdəki hadisələr II Dünya müharibəsi illərində Azərbaycan kəndlərinin birində ümumxalq birliyi və mürəkkəb insan münasibətləri mühitində cərəyan edir.
Çəkiliş məkanı: Filmin bir hissəsi Qusar rayonunun ətrafında, digər hissəsi kinostudiyanın həyətində çəkilib. Xatırladım ki, filmdə kolxoz sədrinin kabineti, Səyalının və İsmətin evinin iç görünüşü kinostudiyada lentə alınıb. Digər bütün çəkilişlər isə Qusar ətrafında çəkilib.
aki.az