Mirbala Səlimli - 60

“Azərbaycan tarixinə qızıl hərflərlə yazılan II Qarabağ müharibəsi kinoda layiqli şəkildə təcəssüm olunmalıdır. İnanıram ki, kinoya yeni nəfəs gələcək. Müxtəlif mövzularda: Qarabağ zəfərimiz, qəhrəman döyüşçülərimiz haqqında filmlər çəkiləcək” deyən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, teatr və kino rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin yubileyidir, 60 yaşı tamam olur.

Mirbala Səlimli 5 aprel 1963-cü ildə Hacıqabulda dünyaya göz açıb.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu, Moskva Ali Teatr Məktəbinin teatr rejissorluğu və Moskva Ali Ssenaristlər və Rejissorlar kursunun kino rejissorluğu şöbəsini fərqlənmə diplomları ilə bitirib. Məşhur rus kinorejissoru Aleksey Germanın tələbəsidir, onun çəkdiyi “Allah olmaq çətindir” filmində təcrübə keçib. 1985-ci ildən Şəki Dövlət Dram Teatrında işləyir və hazırda bu teatrın baş rejissorudur. 2009-cu ildə Jan Batist Molyerin “Xəsis” komediyasının quruluşuna görə “Qızıl Dərviş” mükafatına layiq görülüb. “Qırmızı bağ” bədii filmi bir çox festivallarda mükafatlar qazanıb.

O, Rusiya istehsalı olan “Xüsusi müqavimət təcrübəsi” (2006) sənədli filmində operator, “Moskvanın heykəltəraşlıq salnaməsi” (2006), “Olviya – Xoşbəxtlik misteriyası” (2010) sənədli filmlərində rejissor və operator, “Allah olmaq çətindir” (2013, rejissor Aleksey German) filmində təcrübəçi rejissor kimi çalışıb.

Rejissorun 2002-ci ildə öz ssenarisi əsasında “Debüt” studiyasında çəkdiyi “Odla qol-boyun” adlı qısametrajlı bədii filmi bir çox beynəlxalq festivalların – Fransa, Macarıstan, Rusiya, Tacikstan və s. – kinoforumların iştirakçısı olub.

2007-ci ildə “Yaddaş” studiyasında çəkdiyi “Şəki-tarixin naxışları” adlı sənədli filmi beynəlxalq festivallarda (Fransa, Türkiyə) iştirak edib.

2016-cı ildə quruluş verdiyi “Qırmızı bağ” filmi 15-ci Dəkkə Beynəlxalq Film Festivalında “Mənəvi filmlər” müsabiqə proqramında “Ən yaxşı bədii film” mükafatına, Rusiyada keçirilən 17-ci Baykal Beynəlxalq Film Festivalında “L.İ.Qayday adına Ən yaxşı bədii film” mükafatına layiq görülmüşdür.

“Azərbaycanfilm” kinostudiyası ilə Rusiyanın “BayTMedia” studiyasının birgə istehsalı olan film, quruluşçu rejissor kimi kinoda ilk tammetrajlı bədii filmidir.

“Qırmızı bağ” 30-dan çox beynəlxalq kinofestival və kinoforumlarda iştirak etmiş, bir çox mükafatlar qazanmışdır. Bundan başqa, Rusiyada 30-cu “Nika” mükafatının “MDB və Baltikyanı ölkələrin ən yaxşı xarici filmi” mükafatına nominant olmuşdur.

Rejissor film haqqında deyir ki, ilk ideyası bir müəllim haqqında pritçadan doğan, lirik komediyaya oxşayan mövzu idi: “Bu barədə oxumasam da, uşaqlıqda qocaların söhbətindən eşitmişdim.

Sanki bu ssenarinin içində böyümüşəm, ya da o mənim içimdə böyüyüb. Lakin hara gedib çıxacağı ağlıma gəlmirdi. 2000-ci ildə Şəki teatrının aktyorlarını başıma yığıb qısametrajlı bir film kimi çəkdim. Montaj elədim. Qalırdı təkcə səsləndirilməsi. Moskvaya apardım, müəllimlərimə göstərdim ki, belə bir kurs işi üzərində işləyirəm. O zaman ustadım Aleksey German dedi ki, bu ciddi və tammetrajlı filmin materialıdı, kurs işinə xərcləməyim. Elə oldu “Odla qol-boyun”u çəkdim və həmin o natamam filmin kadrlarını sandıqda gizlətdim. Ssenari çox qaldı masaların üstündə, dolablarda. 2010-cu ildə Moskvada diqqət çəkdi”.

M.Səlimli deyir ki, bu film onun üçün bir günün, bir ayın, bir ilin filmi deyil, əksinə ömrünün filmidir: “Qırmızı rəng mənim üçün qanın rəngidir. Bu yeni başlanğıcın rəngidir, qan bağlılığının rəngidir. Bağ – müqəddəs yerdir. Qırmızı bağ, həm də başlanğıc nöqtəsidir. Bir çox xətt gəlib məhz qırmızı bağda birləşir”.

İstər teatrda, istərsə də kinoda qaynar iş sistemiylə çalışan rejissoru narahat edən məqamlar çoxdur.

Film çəkilişləri ilə bağlı deyir ki, müsabiqə elan olunmalı, mexanizm dəqiq qurulmalıdır: “Əgər müsabiqələrin mexanizmi dəqiq qurulmasa kinorejissorların, ssenaristlərin inamı itir. Müsabiqələrin keçirilməsi çox yaxşıdır və bu, davamlı olmalıdır. Müsabiqələrin mexanizmi dəqiq işlənməlidir. Elə işlənməli və nəzarət edilməlidir ki, müəlliflərdə inam yaransın. Onlar inanmalıdırlar ki, ssenari hər hansı müsabiqədə qalib gəlsə, deməli, çəkiləcək. Bu mənada çatışmayan cəhətlər çoxdur.
Kinomuzda son illərdə çox sürətlə dəyişikliklər baş verir. Mütəxəssislər dəyişir, studiya rəhbərləri dəyişir. Bu dəyişmələr çaşqınlıq yaradır. İnanıram ki, tezliklə kinoya yeni nəfəs gələcək”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından Mirbala Səlimlini yubiley yaşı münasibətilə səmimi qəlbdən təbik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

aki.az