Mixalkovla İbrahimbəyovun məhəbbət ərazisi
Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən, Venesiya Film Festivalının “Qızıl Şir” mükafatına layiq görülmüş “Urqa- məhəbbət ərazisi” filmi haqqında məlumatı olan çox azdır. Yüksək sənət dəyəri olan, tamaşaçıda incə yumor, lirik-romantik, həyat eşqi ilə zəngin hisslər oyadan bu filmi ümumiyyətlə görməyənlər də ola bilər.
1970-ci ildə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Nikita Mixalkov “Müharibənin sonunda sakit bir gün” adlı diplom filmini çəkir. Bundan sonra onların arasında sıx əməkdaşlıq başlayır və sonrakı illərdə kinematoqrafçılar birlikdə uğurlu filmlər ərsəyə gəlməsinə nail olurlar. Həmin filmlərdən biri də “Urqa – məhəbbət ərazisi” idi.
“Urqa – məhəbbət ərazisi” filmi Monqolustan ərazisində cərəyan edən hadisələrdən bəhs edir və sovet-fransız kinematoqrafçıları tərəfindən 1991-ci ildə istehsal olunmuşdur. Bu filmi bir çox hallarda Sovet dövrünün sonuncu filmi də adlandırırdılar. Olduqca maraqlı sujet xəttinə malik olan “Urqa: məhəbbət ərazisi” filmi hardasa, Monqolustan çöllərində bir yerdə yaşayan gənc monqol, çoban cütlüyündən, onların adət-ənənələrindən və yaşadıqları hadisələrdən bəhs edir. Onların yaşadığı ərazi Çinin nəzarətindədir və çinlilərin doğum nisbətini məhdudlaşdıran hökumət, etnik monqollara üçdən çox olmayaraq uşaq sahibiliyinə icazə verib. Qombo (Bayartou) və Paqmanın (Badem) artıq kiçik bir qızı və oğlu var və bir körpələri də dünyaya gəlib. Onların geniş yurdlarında o qədər də çox sivilizasiya dəyərləri yoxdur, lakin bu, onların, uşaqlarının və onlarla birlikdə yaşayan nənələrinin hər gün xoşbəxt və sevincli olmağına mane olmur. Onlar səhərdən axşama kimi işləyirlər: kişilər öküzlərə, qoyunlara, atlara baxır, qadınlar isə evdəki təsərüffatla məşğul olurlar.
Rusiyadan Çinə işləməyə gələn yük maşını sürücüsü Sergey (Vladimir Qostyuxin) bir gün öz yük maşını ilə bu ərazidən keçir. Sükan arxasında yuxuya gedərək, o yük maşınını gölə sürür. Xoşbəxtlikdən Qombo vaxtında köməyə gəlir və sürücünü kabinadan çıxarır. Monqollar yad adamın nə dediyini anlamasalar da, onu sevinclə qəbul edirlər. Şərq qonaqpərvərlik adətinə görə qonağa süfrə açılır, təzə quzu əti verilir. Səhər Sergey yola düşür. Paqma onunla birlikdə həyat yoldaşını şəhərə göndərir. Ona vacib bir tapşırıq verilir – arzuolunmaz hamiləlikdən qorunmaq üçün qoruyucu almağı. Şəhərə çatan Sergey bərbad yataqxanaya yerləşir, Qomba isə alış-verişə gedir qoruyucu əvəzinə televizor, papaq və velosiped alır.
“Urqa: Məhəbbət ərazisi” filmi haqqında bir çox maraqlı faktlar da mövcuddur. Filmdə Monqol adət-ənənələri də özünə məxsus yer almışdır. Məsələn, köçəri monqolların ənənəvi sevgi ritualı var. Uşaqın mayalanması bütün qohumların bir yerdə yaşadığı yurdun içərisində deyil, açıq sahədə baş verir. Qadın qabağa qaçır, kişi isə ona çatır və sevgilisi razılaşarsa, “urqanı” – ilgəkli bir dirəyə torpağa batırır. Adətən çobanlar ondan otlayan heyvanları tutmaq üçün istifadə edirlər. Əgər urqa yerə batırılıbsa, bu yoldan keçənlər üçün işarə rolunu oynayır ki, sahiblərini narahat etməsinlər. Dirək götürülmədikcə, kənar şəxsin məhəbbət ərazisinə daxil olması qadağandır.
Yeri gəlmişkən, filmin Monqolustanda çəkiliş sifarişi İtaliya telekanalından gəlsə də, Rüstəm İbrahimbəyova və Nikita Mixalkova layihəni öz üzərinə götürmüş fransız kino şirkəti, prodüser Mişel Seydu dəstək olub. Fransızlar filmin səsinin redaktə edilməsinə və yenidən yazılmasına cavabdeh idilər.
Ssenari cəmi 12 səhifədən ibarət idi. İbrahimbəyov əvvəlcədən yalnız süjet konturunu qeyd etmişdi: qoruyucu ilə olan xətt, natura çəkilişləri və Çingiz xanın yuxusu. Ətraflı ssenari artıq çəkiliş zamanı meydanda yaradılırdı.
Çəkiliş ekspedisiyası Çinin ərazisində Daxili Monqolustanda yerləşən Hulun Buir Aimaq ərazisində üç ay davam edib.
Film eyni anda üç dildə çəkilib: monqol, rus və çinin mandarin dialektində. Pərdə arxasında rus olmayan bütün replikaları filmin rejissoru N.Mixalkov səsləndirib. Baş rol ifacıları Qomba və həyat yoldaşı Paqma həvəskar aktyorlar olublar. Çəkiliş meydançasında yeganə peşəkar aktyor daha əvvəl İbrahimbəyov və Mixalkovun birgə işi olan “Avtostop” filmində çəkilən Vladimir Qostyuxin idi.
“Urqa: Məhəbbət ərazisi” filmini çəkən ukraynalı operator Vilen Kalyuta 85 min metr uzunluğunda 35 mm-lik plyonkadan istifadə edib. Əvvəlcə film əfsanəvi valsın şərəfinə “Mançuriya təpələrində” adlanırdı. “Urqa” adını İtaliya tərəfi təklif etmişdi.
“Urqa: Məhəbbət ərazisi” filminin dünya premyerası 25 sentyabr 1991-ci ildə Parisdə baş tutub. Film Rusiyadan “Oskar” mükafatına ilk namizəd olub. Bundan başqa, Venesiya Film Festivalının “Qızıl Şir”, “Nika” və Avropa Kino Akademiyasının mükafatını alıb. Həmçinin, şəkillər “Kinotavr” Qran Prisində qeyd olunub, Sezar və Qızıl Qlobus nominasiyalarına və Rusiya Dövlət Mükafatına layiq görülüb.
Səbuhi Məmmədov