“Möcüzələr adası” filmi/Həsən Seyidbəylinin 100 illiyi/ rubrikasında

1963-1975-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin I katibi, 1975-1980-ci illərdə sədri vəzifəsində çalışmış, görkəmli rejissor, yazıçı Həsən Seyidbəylinin 100 illiyinə həst etdiyimiz rubrikamızda bu dəfə “Möcüzələr adası” filminin yaranma tarixinə nəzər yetirəcəyik.

Ssenari müəllifi və rejissor işi Həsən Seyidbəyliyə aid olan film 1963-cü ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehslata buraxılıb.

Xəzər dənizində salınmış Neft daşlarının qəhrəman neftçilərinə, onların əməyinə və məişətinə həsr olunmuş filmlə bağlı rejissorun geniş xatirələri var. Bu barədə bir qədər sonra…

 

“LİTERATURNAYA QAZETA”NIN 25 SENTYABR 1951-Cİ İL NƏŞRİNDƏN…

 

Azərbaycan kinosunda müəyyən bir boşluğun, film qıtlığının yaranması 1940-cı illərin sonu 1950-ci illərin əvvəllərinə təsadüf edir. Xüsusilə də dövrün gənc rejissorları bu boşluqdan daha çox əziyyət çəkirdilər. Çünki onlara film çəkilişi nadir hallarda tapşırılırdı. Həsən Seyidbəyli də həmin gəncliyin arasında idi.

Yazıçı K.Simonov və kinorejissor V.Rudovkin “Literaturnaya qazeta”nın 25 sentyabr 1951-ci il nəşrində dərc etdirdikləri “Gənc reJissor və ssenariçi kadrlar haqqında” adlı məqalədə yazırdılar: “Müstəqil film çəkməyə heç bir ümidi qalmayan Həsən Seyidbəyli kinodan ayrılmış və bədii yaradıcılığa keçərək, “Bizim Astarada” adlı yaxşı bir povest yazmışdır. Bəs necə olur ki, ali savad almış on doqquz nəfərdən heç biri öz ixtisası üzrə işləmir?…”

K.Simonovla V.Rudovkinin birgə qələmə aldığı məqalədən belə məlum olur ki, o dövrdə ali təhsilli 19 kadrın heç biri ixtisası üzrə çalışmayıb. Bəlkə də onlar arasında yeganə kadr olaraq Həsən Seyidbəyli gec-tez, hardasa çoxsaylı kinosevərlərin istəyi ilə öz ixtisası üzrə fəaliyyətə başlayıb.

 

HƏSƏN SEYİDBƏYLİ: TAMAŞAÇILAR İLK FİLMİMƏ MÜSBƏT QİYMƏT VERDİLƏR, MƏNİ BU SAHƏDƏN UZAQLAŞMAĞA QOYMADILAR

 

Həsən Seyidbəyli 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunun səs operatoru fakültəsində bir il oxumuş, 1943-cü ildə Moskvada YİDKİ-nin recissorluq fakültəsini, əvvəlcə S.Eyzenşteynin, sonra Q.Kozintsevin emalatxanasını, daha sonra həmin institutun nəzdində Ali ssenari kurslarını bitirmişdir. 1943-cü ildə quruluşçu rejissor dirlomunu alandan sonra işlə təmin oluna bilməyib. Çünki müharibə illəri və müharibədən sonrakı dövr üçün xarakterik olan film qıtlığı bu gənc sənətkardan da yan keçməmişdi. O vaxtlar çəkiliş üçün elə bir material da yox idi. Ona görə də Həsən Seyidbəyli ədəbi işlə məşğul olmağa başlayır. O, məqalələr, ssenarilər, povestlər yazır. Bu əsərlər sonralar təkcə oxucular üçün deyil, həm də ədəbi tənqid tərəfindən yüksək qiymətləndirilib.

H.Seyidbəyli yazır: “Yazıçının həyat tərzi, yaradıcılıq imkanları məni o qədər cəlb etmişdi ki, başqa cür yaşayıb-yaratmağı təsəvvürümə gətirmirdim. İstədiyim vaxt yaradıcılıq məzuniyyətlərinə gedirdim- Moskvada, Leninqradda, Qara dəniz sahillərində yazıçı yoldaşlarımla görüşlər, söhbətlər, istirahət…İstədiyim vaxt respublikamızın kolxozçuları ilə, tərsanə fəhlələri ilə, böyük tikintilərin qəhrəmanları ilə görüşürdüm və bu görüşlər mənə ilham verir, yeni əsərlər yaratmağa ruhlandırırdı. Demək olar ki, tükənməz yaradıcılıq planlarım var idi. Buna görə də özlüyümdə belə qərara gəlmişdim ki, “Telefonçu qız” bir rejissor kimi mənim ilk və son filmim olacaqdı”.

HAŞİYƏ: Həsən Seyidbəylinin “Telefonçu qız” əsəri “Azərbaycanfilm” kinostudiyasının planına salındığı vaxt filmin rejissor işi isə arzusuna əsasən İsidor Annenskiyə tarşırılmışdı. Filmin ssenarisinin yazılışında İsidor Anenski ilə birgə Həsən Seyidbəyli də iştirak edir. Çəkilişlərdən bir müddət sonra məlum olur ki, Moskva Kino Komitəsinin redaktorları çəkilən materialları qəbul etmir. Buna görə də filmin istehsalı dayandırılır, yenidən çəkilişlər başlanır, ancaq çəkiliş meydançasında bu dəfə rejisor qismində Həsən Seyidbəyli iştirak edir. Bu barədə “Telefonçu qız” filmi haqqında yazılan məqalədə geniş məlumat verəcəyik. Sadəcə onu qeyd etmək istərdik ki, Həsən Seyidbəyli 1962-ci ildə çəkdiyi “Telefonçu qız”dan sonra hər hansı bir film çəkəcəyinə inanmayıb.

Rejissor bu barədə deyib: “Düşündüyüm kimi olmadı, tamaşaçılar və kino mütəxəssisləri, həm də mətbuat ilk filmimə müsbət qiymət verdilər və məni bu sahədən uzaqlaşmağa qoymadılar”.

Ona görə ki, Həsən Seyidbəylinin rejissorluq diplomuyla yanaşı, geniş dünyagörüşünə malik düşüncə tərzi var idi, bir rejissor kimi zövqlü idi, təcrübəlıi idi, ən önəmlisi isə planlı iş quran və tələbkar səviyyədə ekran işi yaradanlardan idi.

 

“MÖCÜZƏLƏR ADASI” SSENARİSİ STUDİYA TƏRƏFİNDƏN QƏBUL OLUNSA DA, ÇƏKİLİŞİNİ HEÇ KİM ÖZ BOYNUNA GÖTÜRMÜRDÜ

 

Həsən Seyidbəyli bildirib ki, “Telefonçu qız”dan əvvəl yazdığı “Möcüzələr adası” ssenarisi studiya tərəfindən qəbul olunsa da, onun çəkilişini heç kəs öz boynuna götürmürdü: “Bəziləri bəyənmirdi,  bəziləri də ssenarinin ekran təcəssümünü görmürdü. Kinostudiya bir vahid, yəni bir film çəkilişi üzrə planı yerinə yetirmirdi. İş o yerə gəlib çıxdı ki, mən ikinci filmi çəkməyə başladım, yenə də öz ssenarim üzrə”.

Yeri gəlmişkən, kinorejissor Lətif Səfərova da “Möcüzələr adası” filminin quruluşu tapşırılıb, hətta rejissor çəkiliş qrurunu müəyyənləşdirərək hazırlıq prosesinə başlayıb. Amansız ölüm rejissoru bu arzusunu reallaşdırmağa imkan verməyib. Ancaq başqa bir mənbədə yazılır ki, guya Lətif Səfərov əsərin mənasını düzgün şərh edə bilməyib. Onun qələmə aldığı rejissor ssenarisi povestin ruhuna yad olduğu üçün nəticədə də onu çəkiliş meydançasından uzaqlaşdırıblar. Əslində isə əsər üzərində iş aparan Lətif Səfərov onun film üçün yaramadığı fikrini irəli sürmüş, ancaq əlacsız olaraq çəkilişə başlamağa hazırlaşıb. O mənada əlacsız ki, o dövrdə təzyiqlərlə üz-üzə qalan Lətif Səfərov demək olar ki, kino ilə bağlı hər bir işdən uzaqlaşdırılıbmış. Sonda filmin çəkilişi Həsən Seyidbəylinin özünə tarşırılıb.

O, bu barədə yazıb: “Bildiyiniz kimi “Möcüzələr adası”nın mövzusu Xəzər dənizində salınmış əfsanəvi dəniz şəhəri-Neft daşlarının əmək adamlarına, neftçilərə, onların əməyinə və məişətinə həsr olunub. Ömrünün yarısını bu adada keçirən adamlar, yeni şəhərə işləməyə gələn gənclər, onların xarakterləri, qarşılıqlı insani münasibətləri haqqında gedən söhbət filmin əsas qayəsini təşkil edir. Eyni zamanda isə filmdə qaldırılan mühüm və vacib məsələlər aydın və nikbin notda, xəfif və xeyirxah təbəssümlə ifadə olunub. Filmdə bir qədər də şərti romantika və poetik intonasiya aydın sezilir. Bu isə gənclər haqqında söhbətə lirik ovqat bəxş edir”.

H.Seyidbəylinin filmlərində daima ictimai, sosial və mənəvi problemlərə geniş yer verilib. Bu baxımdan “Möcüzələr adası” filmində də müasirlərimizin əməyindən, mənəvi-əxlaqi saflığından bəhs olunur.

Rejissorun dediklərindən: “Kino rejissoru olmaq çətin, mürəkkəb, eyni zamanda isə fövqəladə bir sənətə sahib olmaq deməkdir. Əsl kino rejissorunun insanlara deyiləsi vacib, dərin, ümumbəşəri fikri, sözü, həqiqəti olmalıdır. Kino rejissoru öz mövzusunun, öz qəhrəmanlarının fədaisi, vurğunu olmalıdır. Təsadüfi deyil ki, ssenari və rejissor işi mənə aid olan “Möcüzələr adası” filmində yenə də əsas qəhrəmanlarım gənclər idi. Kağız üzərində gənclərin obrazlarını yaratmaq, əlbəttə ki, nisbətən asandır. Çünki həyatı öyrənirsən, yüzlərlə cavanla görüşürsən, bəzən çox bəyəndiyin bir gənci ədəbi qəhrəmanın üçün prototir seçirsən, ümumiləşdirmələr aparırsan…Filmdə isə bunun əksi olur. Kağız üzərində hərtərəfli ümumiləşdirilmiş, redaktorların “qələmindən çıxmış” bir obrazı konkret bir aktyorun simasında ekranda canlandırmaq çox çətindir. Ona görə ki, yuxarıda dediyim kimi, ümumiyyətlə, gənc aktyor problemi hələ həll olunmamış problemdir. Orta yaşlı, yaxud yaşlı aktyorları biz teatrlarımızdan dəvət edə bilərik, lakin gəncləri bu yolla tapmaq o qədər də asan deyil, çünki teatrlar özləri də gənc istedadlar cəhətdən qıtlıq çəkirlər”.

 

FİLMİN SINAQ ÇƏKİLİŞLƏRİNDƏN FRAQMENTLƏR VƏ YA REJİSSORU NARAZI SALAN AKTYOR OYUNLARI

 

Hər hansı bir ekran əsərinin sınaq çəkilişi filmin sonrakı taleyini həll edir. Bu baxımdan Həsən Seyidbəyli “Möcüzələr adası” filminin sınaq çəkilişlərinə onlarla gənci dəvət edib.

Xatırladaq ki, “Möcüzələr adası” filminin sınaq çəkilişlərinə kənar studiyalardan çox sayda aktyorlar dəvət olunub.

Həsən Seyidbəyli deyib: “”Möcüzələr adası”nda qəhrəmanlarımızın əksəriyyəti gənc neftçilər idi, odur ki, axtarışlara başladım . Demək olar ki, cavanların böyük bir qismi yenə də kənardan çağırıldı. Kamran rolunda “Romen” Qaraçı teatrının aktyoru Oleq Xabalov, Məryəm rolunda Ukrayna İncəsənət institutunun aktyorluq şöbəsinin tələbəsi Zoya Nedbay, o biri rollarda Azərbaycan televiziya və Radio verilişləri Komitəsinin diktorlarından Tamilla Qafarova, Roza Tağıyeva və neft daşlarında işləyən neftçilərin özləri də çəkildilər. Bir çox fikir mübadiləcindən sonra biz cəsarətli, bəzən də bir qədər sərt təbiətli insanların mənəviyyatı barədə təbəssüm doğura biləcək poetik bir lövhə yaratmağı qərara aldıq. Filmin intonasiyası, təsvir vasitələri tamamilə orijinal olmalı idi”. Əsas ağırlıq yenə də aktyorların üzərinə düşürdü. Ancaq bir iş var ki, hər aktyor da məsuliyyətin ağırlığını dərk etmirdi və yaxud dərk etmək istəmirdi. Məsələn, Həsən Məmmədov, Fazil Salayev, Oleq Xabalov, eləcə də digər aktyorların əksəriyyəti öz işinə qarşı nə qədər çox tələbkarlıq nümayiş etdirirdilərsə, Ukrayna aktrisası Zoya Hedbay bir o qədər çox çəkiliş prosesinə maneçiliklər törədib. Bunun hansı səbəbdən yarandığını rejissor öz xatirələrində qeyd edib. “Çəkiliş vaxtı yaradıcı heyətin tərkibində olanların əksəriyyəti ilə, xüsusilə Oleq Xabalovla işləmək məni gündən-günə ruhlandırırdı. Çünki o məşqləri sevirdi, məşqə böyük həvəsi vardı, həm də axı o, teatr aktyoru idi. Onda olan ciddi məşq vərdişi teatrdan gəlirdi”.

HAŞİYƏ: Oleq Xabalov “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə (“Qaraca qız”(1966), “Sən niyə susursan?”(1966), Yaşamaq gözəldir. qardaşım(1966), “Ulduzlar sönmür”(1971) və s.

Rejissor bildirib ki, Oleq Xabalovdan fərqli olaraq Zoya Nedbay isə işə səhlənkar yanaşır, məşqdən qaçırdı: “Məşqlərə biganəlik bu qızı bəzən qəribə hərəkətlərə sövq edirdi. Cavan idi, heç iyirmi yaşı olmazdı. Bir də görürdün çəkilişi qoyub başqa şəhərə yola düşüb, sorağı gah Odessadan, gah Kiyevdən gəlirdi. Zoya Nedbay bir şeyi dərk edə bilmirdi ki, kağız üzərində yaranmış obrazı canlandırmaq üçün onu bütün varlığınla mənimsəməli, duymalı, obrazın dünyasına daxil olmalısan, onun hərəkətlərini, həyəcanlarını, faciəsini və ya sevincini bütün sinirlərinlə yaşamalısan, bunları öz yaradıcılıq süzgəcindən keçirməlisən. Məşqlər rejissora aktyorun mürəkkəb dünyasını öyrənməyə və bu mürəkkəb dünyanı çox vaxt öz daxili imkanlarına bütünlüklə bələd olmayan aktyorun özünə tanıtmağa, göstərməyə kömək edir. Və belə hərtərəfli tanışlıqdan sonra rejissor “kağıza köçürülən” obrazı aktyorun xarakterik cizgiləri və boyaları ilə birləşdirir, zənginləşdirir. Bütün bunlar ekrandakı obrazın kağızda yazılanları mexaniki surətdə əks etdirməsi demək deyil, o öz səsi, öz nəfəsi, öz xarakteri, öz rlastikası ilə bütöv bir fərdiyyət kimi tamaşaçının gözü önündə canlanmalıdır”.

 

REJİSSOR SƏBRİ, TƏLƏBKARLIĞI SAYƏSİNDƏ ALINAN UĞURLU İŞ

 

Sənətə yenicə qədəm qoyan təcrübəsiz aktrisa Zoya Nedbayın hərəkətləri yaradıcı heyəti də narahat etməyə başlayır, eyni zamanda isə bu, çəkilişin ümumi gedişinə də maneçilik törədirdi. Ancaq deyəsən, sonda hər şey öz qaydasına düşüb ki, nəticədə də aktrisa Həsən Seyidbəylinin səbri, tələbkarlığı sayəsində sənətin, xüsusilə kino sənətinin məsuliyyətini dərk edib.

Təvazökar rejissor olan Həsən Seyidbəyli isə Zoyada sənətə qarşı olan məsuliyyət hissinin yaranmasını onun öz uğuru hesab edib. Bu barədə xatirələrində yazıb: ”Zoya Hedbay bizi xeyli incitdikdən sonra filmin axırına yaxın, az da olsa bu həqiqəti dərk etdi və işimiz nisbətən yoluna düşdü. Belə məşqlərdən sonra Z.Hedbayın gözləri dərinləşdi, elə bil daxilində sehrli bir aləm yarandı, sifəti operator üçün, necə deyərlər, o qədər də “əlverişli” deyildi. Arif Hərimanbəyov onu təbii rakurslarla vermək üçün maraqlı bir işıq fəndi tapmışdı. Elə kadrlar vardı ki, orada Nedbay çox iri planda uzun müddət danışır, yaxud susurdu. Lakin bu, tamaşaçını yormurdu, əksinə, Nedbayın Məryəmi ön planda susduqca gərginlik get-gedə artır, tamaşaçı intizarla onun nə deyəcəyini, yaxud nə qərara gələcəyini gözləyirdi…”. Beləliklə də sonda rejissorun təkidi, səbri ilə aktrisa vaxtlı-vaxtında çəkiliş meydançasına gələrək öhdəsinə düşən çəkilişlərdə iştirak edir. Adətən, kino işçiləri öz əsərlərini Moskvanın Kino evində, ən tələbkar kinematoqrafçılara göstərir, bir növ, hesabat veriblər.

H.Seyidbəyli deyib: “Bütün həyəcanlar da bundan sonra başlanır, çünki tamaşadan sonra çox ciddi və açıq tənqidi söhbətlər olur. Belə tənqidlərə dözmək o qədər də asan deyil. Sərt, ciddi, ən yüksək sənətkarlıq mövqeyindən verilən qiymətin sevinci də, kədəri də böyükdür. “Möcüzələr adası” filminin Moskva Kino evindəki tamaşasından sonra müzakirə keçirilmədi. Bizi mehribancasına alqışladılar”.

Maraqlı bir məqamı da diqqətinizə çatdıraq ki, filmin təhvili zamanı bütün yaradıcı heyət orada olsa da, Zoya Nedbay yenə də görünmürdü. Sonradan məlum olur ki, onun səhlənkarlığı nəzərə alındığı üçün filmin nümayişinə də dəvət etməyiblər.

Həsən Seyidbəyli bu barədə deyib ki, filmin nümayişinə Zoya Nedbayı dəvət etməmişdik. Alqışlar o qədər “təkidli” idi ki, Nedbayın gözlənilmədən amfiteatrın birinci sırasında görünməsi hamımızı heyrətləndirdi. O, belə idi: gözlənilmədən qeyb olur, gözlənilmədən də üzə çıxırdı…

Bir məqama da toxunaq ki, filmə kənar studiyalardan dəvət alan aktyorlardan Oleq Xabalov, Zoya Nedbay sonralar digər kinostudiyalardan dəvət alaraq müxtəlif canrlı filmlərə çəkilmişlər ki, bunda da Həsən Seyidbəylinin böyük rolu olmuşdur.

Moskva tərəfindən yüksək qəbul olunan filmin çəkilişləri əsasən pavilyonda və Xəzər dənizinin sahillərində, neft yataqlarında lentə alınıb. Dənizdə olan çəkilişlər zamanı yaradıcı heyət süni çəkiliş metodundan istifadə ediblər.

FİLMİN YARADICI HEYƏTİ:

Ssenari müəllifi və rejissor Həsən Seyidbəyli, operator-Arif Hərimanbəyov, rəssam-Elbəy Rzaquliyev, bəstəkar-Tofiq Quliyev, səs oreratoru-İlya Ozerski, II rejissor-Məmməd Əlili, mahnıların mətni-Nəbi Xəzri və A.Rlavnikindir.

Rollarda iştirak edirlər: Həsən Məmmədov(Nazim), Oleq Xabalov(Kamran), Zoya Nedbay(Məryəm), Fazil Salayev(Fazil), Leonid Piroqov(Polyakov), Tamilla Qafarova(Samiyə), İ.Muxtarov(Cabbar), A.Steranova(Karitonov), Yusif Yulduz(Qulam dayı), Y.Turıleva(Nataşa).

Tofiq İLK