“Moskovskaya premyera” da Azərbaycan filmləri
29 noyabr – 5 dekabr 2022-ci il tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində keçmiş SSRİ-nin tərkibində olan ölkələrin 4-cü Beynəlxalq Film Festivalı “Moskovskaya premyera”sı keçirilir.
Qeyd edək ki, Beynəlxalq Film Festivalı ilk dəfə 2003-cü ildə Rusiya kinosunun tamaşaçı festivalı olaraq keçirilib və 2014-cü ilə qədər festivalın prezidenti teatr və kino aktyoru, rejissor, pedaqoq Aleksey Batalov olub.
Film Festivalı yenilənmiş beynəlxalq formatda isə 2019-cu ildən keçirilir. “Moskovskaya premyerası”nın müasir vəzifəsi keçmiş SSRİ ölkələrinin mədəni və kino məkanının inkişafından ibarətdir.
Bu il festivala on bir ölkədən 120-yə yaxın iştirakçı və qonaq çağrılıb.
Müsabiqədə bu il Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Rusiya, Tacikistan, Özbəkistandan tam və qısametrajlı filmlər iştirak edir. Bir çox filmin dünya premyeraları Avropa və Asiyanın ən böyük film festivallarında baş tutub. Festival çərçivəsində 40-dan çox film nümayiş olunacaq.
Azərbaycan tərəfi festivalda “Bir cənub şəhərində”, “Əlvida, cənub şəhəri”, “Alisanın bir günü”, “Qobelen” və “İstintaq” filmlərilə təmsil olunacaq.
Dekabrın 3-də rusiyalı tamaşaçılar görkəmli kinorejissor Eldar Quliyevin dünya şöhrətli yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun ssenarisi əsasında 1969-cu ildə çəkdiyi, “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan məşhur “Bir cənub şəhərində” filmini izləyəcəklər. Eyni gündə festivalın “Xalqlar Dostluğu” proqramı çərçivəsində Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Oleq Səfərəliyevin çəkdiyi “Əlvida, cənub şəhəri” filmi də nümayiş olunacaqdır.
Xatırladaq ki, festivalda filmi Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Oleq Səfərəliyev təqdim edəcək.
Dekabrın 3-də tamaşaçılar qısametrajlı filmlərdən birinə, Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Alisanın bir günü” filmini görə biləcəklər. Psixoloji dramın rejissoru Nikita Qruşindir.
Dekabrın 4-də “Rus təcrübə sahəsi” proqramı çərçivəsində Rusiya və Azərbaycanın birgə istehsalı olan “Qobelen” filmi tamaşaçıların diqqətinə təqdim olunacaq. Filmin ssenari müəllifi və rejissoru Rinat Bekdir.
Dekabrın 5-də festival çərçivəsində görkəmli rejissor Rasim Ocaqovun 1979-cu ildə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “İstintaq” filmi nümayiş olunacaq.
Rejissor Ayaz Salayev beynəlxalq festivalın münsiflər heyətinin üzvüdür.
Son olaraq qeyd edək ki, festival çərçivəsində bu il dünyasını dəyişmiş görkəmli kinematoqrafçılara həsr olunmuş sessiyalar da təşkil olunacaq. Onların arasında görkəmli dramaturq Rüstəm İbrahimbəyov da var.
aki.az