Moskva Beynəlxalq Kino Festivalında erməni filminə qadağa!

Azərbaycanın Mədəniyyət Nazirliyinin rəsmi sosial şəbəkə hesabında bildirilib ki, erməni filmi Moskva Beynəlxalq Kino Festivalının proqramından çıxarılıb. Bu barədə məlumat verən Lent.az onu da qeyd edir ki, 1-8 oktyabr 2020-ci il tarixində keçiriləcək 42-ci Moskva Beynəlxalq Kino Festivalının “Dünyadan filmlər” adlı müsabiqədənkənar proqramına erməni rejissor Civan Avetisyanın “Cənnətin qapısı” (“Gate to heaven”) adlı bədii filmi də daxil edilmişdir.

Dünya ölkələrindən-ABŞ, Fransa, İtaliya, Çexiya, Bolqarıstan, Almaniya və Litvadan da kinematoqrafçıların da cəlb olunduğu filmdə erməni rejissor öz xislətlərinə sadiq qalaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi saxtakarlıq və yalan üzərində qurulan bir kinosüjeti tamaşaçılara təqdim edir. Hadisələri Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində cərəyan edən filmin yaradıcıları bununla bir daha kinematoqrafdan məqsədli şəkildə təbliğat müharibəsində alət kimi yararlandıqlarını göstərirlər.

Xatırladaq ki, ermənilər əvvəllər də bu qəbildən filmlər çəkərək, xaricdəki lobbisinin dəstəyi ilə müxtəlif ölkələrdə nümayiş etdirmişdir.

Bəhs olunan ekran əsərinin Moskva Beynəlxalq Kino Festivalının müsabiqədənkənar proqramına daxil edilməsi ilə bağlı məlumatlar yayılandan sonra Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən müvafiq addımlar atılmış, nəticədə ermənilərin mənfur hərəkətlərinə qarşı vaxtında tədbirlər görülmüşdür. Bunun nəticəsidir ki, “Cənnətin qapısı” filminin Moskva Beynəlxalq Kino Festivalının “Dünyadan filmlər” proqramından çıxarıldığı, eləcə də festivalın rəsmi saytından silindiyi ilə bağlı festivalın rəhbərliyi tərəfindən nazirliyə rəsmi müraciət daxil edilib.

Yeri gəlmişkən, Azərbaycan rejissoru İsmayıl Səfərlinin “Balıqçı qızı” bədii filmi də bu il 42-ci Moskva Beynəlxalq Kino Festivalının əsas proqramına salınıb və festivalda ölkəmizi təmsil edəcək.

aki.az