“MOSKVA PREMYERASI”-nın proqramında “GƏNC AZƏRBAYCAN KİNOSU”
17-21 dekabr tarixlərində Moskvada MDB ölkələrinin təmsilçiləri “Moskva premyerası” beynəlxalq kino festival keçirilib.
MDB ölkələrinin təmsilçilərinin iştirak etdiyi festival çərçivəsində “Gənc Azərbaycan kinosu” adlı xüsusi proqram təqdim olunub.
Proqrama Rüfət Həsənov və Elvin Adıgözəlin “Buqələmun”, Elmar İmanovun qısametrajlı “Ayrılıq”(E.Kundaqla birgə), Teymur Hacıyevin “Axşama doğru”, Azər Quliyevin “Təngənəfəs” və Lalə Əliyevanın “Onlar pıçıldayır, bəzən də qışqırırlar” filmləri daxil edilib.
Şübhəsiz ki, proqrama daxil olan bir tam və dörd qısametrajlı filmlər Bakı və ətraf ərazilərdən olan kinematoqrafçılar nəsli haqqında yalnız fraqmentar təsəvvür yaradır.
Buna baxmayaraq, on ilə yaxındır ki, sənətə gəlmiş bu rejissorlar hazırkı müasir Azərbaycan kinosu haqda təsəvvür yaradırlar.
Xatırladaq ki, on ölkədən 100-ə yaxın iştirakçı və bir çox qonaqların iştirak etdiyi festivalın açılış və bağlanış mərasimləri “İllüzion” kinoteatrında, “Voznesenski” mərkəzində isə qısametrajlı filmlərin birgə istehsalı və təbliği problemləri ilə bağlı panel müzakirəsi keçirilib.
Festivalın bədii rəhbəri Rusiya Kinematoqrafiya Sənəti Akademiyasının üzvü, Moskva mükafatı laureatı Vyaçeslav Şmyrovdur.
“Moskva premyerası” festivalı 2003-cü ildən keçirilir və festivalın ilk prezidenti SSRİ xalq artisti Aleksey Batalov olub.
aki.az