Moskvada R.İbrahimbəyovun adına olan “Qızıl tağ” kinoforumu keçirilib

15-18 sentyabr tarixlərində Moskvada R.İbrahimbəyov adına “Qızıl tağ” Beynəlxalq Milli Kinematoqrafiya Forumu keçirilib. Forum tanınmış yazıçı, kinodramaturq və ssenarist Rüstəm İbrahimbəyovun xatirə gecəsi ilə açılıb. Forumun müsabiqə proqramının qaliblərinin mükafatlandırılması gecənin mühüm hissəsi olub. Kinodramaturq və pedaqoq Pavel Fin müsabiqə proqramının münsiflər heyətinin sədri kimi çıxış edib. Münsiflər heyətinin tərkibi Kinematoqrafçılar İttifaqı Konfederasiyası Şurasının sədri Viktor Vasilyev, kinorejissor, prodüser, AKİ katibi və Bakı kinoməktəbinin direktoru Oleq Səfərəliyev və kinoprodüser, yazıçı, ssenarist Yekaterina Kononenkodan ibarət olub

Forumun açılışında Rüstəm İbrahimbəyovun həyat və yaradıcılığından bəhs edən sənədli film təqdim olunub. Ssenarist və rejissorun həyatı arxiv videoçarxlarında, ailə fotolarında, yaxın dost və həmkarlarının xatirələrində, habelə xatirələr kitabından parçalarda nümayiş etdirilib.

Forumun müsabiqə proqramının qalibləri:

Ən yaxşı bədii film: “Su oğlanı”, rejissor Fayzullo Fayzov (Tacikistan);

Ən yaxşı sənədli film: “Poçtalyon”, İbadilla Adjibayev (Qırğızıstan);

Ən yaxşı debüt: “Yay tezliklə bitəcək”, Yana Skopina (Qazaxıstan);

Ən yaxşı qısametrajlı film: “Mələklərin kiçik qardaşı”, Umedşo Mirzoşirinov (Tacikistan);

Ən yaxşı tələbə debütü: “Quyu”, Elnur Paşa (Azərbaycan).

Ümumilikdə, 2023-cü ildə Forumun müsabiqə proqramında iştirak etmək üçün Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan iştirakçılarından 51 ərizə təqdim edilib.

Qalib filmlər “Moskino-Kosmos” kinoteatrında və tamaşaçılara təqdim olunub. Forumun rəsmi hissəsindən əvvəl – sentyabrın 5-12 sentyabr tarixlərində Kinematoqrafçılar İttifaqları Konfederasiyası Qazaxıstan, Belarus və Özbəkistanın aparıcı kino xadimlərinin onlayn ustad dərslərini təşkil edib.

Forum çərçivəsində sentyabrın 16-da “MDB ölkələrinin kino məktəblərinin tələbə filmlərinin istehsalı və tələbə filmləri festivallarının təşkili sahəsində əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanın moderatorluğunu kino və televiziya operatoru, “JAS ÓNER” kinojurnalının redaksiya heyətinin sədri və Qazaxıstan Milli İncəsənət Universitetində “Kamera sənəti” emalatxanasının rəhbəri Talqat Tayşanov edib.

Sentyabrın 17-də Almatı Menecment Universitetinin tərkibində Media və Kino Məktəbində Rəqəmsal Filmçilik proqramının rəhbəri, rejissor və prodüser Azat Hakimovun moderatorluğu ilə “Kinematoqrafçılar İttifaqları Konfederasiyasına üzv ölkələrin birgə film istehsalı” mövzusunda seminar keçirilib.

Kinematoqrafçılar İttifaqları Konfederasiyasının icraçı direktoru, R.İbrahimbəyov adına “Qızıl tağ” Forumunun baş direktoru Fatimə İbrahimbəyova tədbir iştirakçılarına öz minnətdarlığını bildirib və forumun müsabiqə proqramının qaliblərini təbrik edib.

aki.az