Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyovla Moskvada vida mərasimi keçirilib.
Vestikavkaza.ru saytının məlumatına görə, mərasim Kino Evinin Böyük zalında saat 13:00-da başlanıb.
R.İbrahimbəyovla vidalaşmaq üçün Kino Evinə gələnlər sırasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu, Rusiyanın keçmiş Mədəniyyət naziri, Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, rusiyalı rejissor Andrey Konçalovski, aktyor İqor Kostolevski və digər şəxslər yer alıb.
Kinodramaturqun oğlu rejissor Fuad İbrahimbəyov vida nitqində qeyd edib ki, atası onu hər mətləbdən agah edib. “Mənimçün o, ilk növbədə mənə hazırda bildiyim və bacardığım hər şeyi öyrədən ata idi. Mən çox istərdim ki, biz hamımız bu gün Moskvada onunla vidalaşaq və bir azdan biz Bakıya yola düşəcəyik ki, atamı orda torpağa tapşıraq. Hamımız dərin kədər və hüzn içindəyik” deyə Fuad İbrahimbəyov qeyd edib.
Mixail Şvıdkoy Rusiya Prezidenti Vladimir Putinin teleqramını oxuyub. O, həmçinin Rüstəm İbrahimbəyov haqqında şəxsi xatirələrini bölüşüb: “O, həmişə heyrət doğuracaq dərəcədə müdrik, həssas, dərin adam olub. Düşünürəm ki, doğma torpaq onun üçün çox böyük önəm kəsb edirdi. Azərbaycan onun üçün çox böyük əhəmiyyətə malik idi… Bunu Rüstəmin qardaşı Maqsud İbrahimbəyov haqqında da demək olar…
O, sözün dəyərini anlayan, bilən yaradıcı insanlardan idi. Yazıçı idi və onun üçün çox vacib idi ki, ədəbi əsərləri yalnız səhnədə və kinematoqrafda yer tapmırlar, həm də nəşr səhifələrində oxunurlar. Rüstəm müasir həyatda baş verənlərə münasibətdə çox həssas idi. Qeyd olunmalıdır ki, Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının Birinci katibi olduğu dövrdə onun həyatında çox böyük rolu olub”.
1978-ci ildə “İstintaq” filmi ekranlara çıxandan sonra kino ictimaiyyətində və siyasi dairələrdə kəskin müzakirələr doğurmuşdu.
Bu məqamla bağlı Şvıdkoy qeyd edib ki, məhz Heydər Əliyevin belə bir yaradıcı cəsarətə dayaq olması böyük mərdlik və şücaət idi.
“İbrahimbəyov qısqanc insan olmadığına görə başqasının istedadına da həssas münasibət göstərməyi bacarırdı. Məhz bu cəhəti sayəsində Pavel Lungini kəşf etmişdi…Təsadüfi deyil ki, o, əslən Şamaxılı idi. Şamaxı isə dünyanın ən gözəl, ən poetik yerlərindən biridir” deyə Şvıdkoy fikrini tamamlayıb.
“Bu çox böyük itkidir. O heyrətamiz insan idi. Əsl ziyalı idi. Nəhəng yaradıcı və böyük ruhsal səxavətə, xeyirxahlığa malik möhtəşəm şəxsiyyət idi – onun Rusiya və bütün dünya üçün etdikləri ölçüyəgəlməzdir. Mənə elə gəlir ki, bu itkinin yerini heç nə ilə, heç kimlə doldurmaq mümkün deyil. Rüstəmin bütün doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm” deyə “Vestnik Kavkaza” saytının müxbiri ilə söhbətdə İqor Kostolevski bildirib.
Andrey Konçalovski vurğulayıb ki, R.İbrahimbəyov mədəniyyətin seçilmişi, dayağı idi. “O, həm sovet, həm milli, həm Zaqafqaziya, həm Azərbaycan mədəniyyətin seçilmişi idi. O da, qardaşı Maqsud da. Ona görə danışmaq çətindi. Rüstəm sovet, Rusiya, Azərbaycan kinematoqrafında bütöv bir epoxanın yaradıcılarından biri idi. Çox böyük şəxsiyyət idi. Birmənalı şəkildə klassik idi. Bir sözlə, çox böyük itkidir. Lakin əlimizdən heç nə gəlmir. Onun adı həmişəlik sovet, rus və Azərbaycan teatr və kino, ən əsası isə mədəniyyət ensiklopediyasında qalacaq – mədəniyyətin dayaqlarından biri olmuş şəxsiyyət kimi”.
aki.az
.