Murad İbrahimbəyov – 55
Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor, ssenarist Murad İbrahimbəyovun 55 yaşı tamam olur.
M.İbrahimbəyov Bakıda doğulub. İbrahimbəyovlar nəslində doğulmaq onun yaradıcılığa meyl etməsində böyük rol oynayıb. Orta məktəb illərindən hekayələr yazmağa başlayıb, ədəbi nəşrlərdə çap etdirib. Ali təhsil almaq zamanı gəlincə isə o, Rusiya Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini seçir, Sergey Gerasimovun kursunda təhsil alır. Sonralar İqor Talankinin emalatxanasında məşğul olub.
Rejissor kinodakı fəaliyyəti dövründə “Qızıl buğaların valsı”, “Gənc qadın üçün kişi”, “Olmuş hadisə” kimi tammetrajlı, “Dundukley”, “Bir nəfər hamı üçün” kimi qısametrajlı filmlər çəkib.
Maqsud İbrahimbəyovun povesti əsasında çəkdiyi “Gənc qadın üçün kişi” filmi ABŞ, Latın Amerikası, Misir, Bolqarıstan, Polşa, Fransa, İspaniya və Türkiyədə keçirilən kinofestivallarda nümayiş etdirilmiş, ona bir sıra mükafatlar qazandırmışdır.
Rejissor hələ ötən əsrin 95-96-cı illərində “İlin rejissoru” kimi, Rusiyanın “Yaşıl alma, qızıl yarpaq” mükafatına, “Kinoşok”un və kinotənqidçilərin “Ədəbiyyat və kino” festivalının mükafatlarına layiq görülüb.
2019-cu ilin yayında Kino Evində Murad İbrahimbəyovun sənədli filmlərinin təqdimatı oldu. “İnsan” sənədli trilogiyasına daxil olan “Neft” filmi Venesiya Beynəlxalq Film Festivalının qısametrajlı filmlər müsabiqəsində “Gümüş şir” mükafatının qalibi olub. Xronikal kadrlardan ibarət olan “İnsan” sənədli trilogiyası sonralar rejissor tərəfindən genişlndirilərərk “İnsan və sivilizasiya” mövsuzunda xronikal kadrlardan ibarət, özünəməxsus montaj təfəkkürü ilə seçilən sənədli filmlərə çevrilib. “Mənim Dağıstanım. Etiraf” filmində rejissor tanınmış avar şairi, publisist, siyasi xadim Rəsul Həmzətovun(1923-2003) yaradıcı portretini təqdim edir. Rejissor bütün filmlərində olduğu kimi burda da daha çox təsvir dili ilə fikirlərini çatdırır.
Azərbaycan Kinematoqrafçılar İttifaqının “Uğurlu bədii həllinə görə” illik mükafatının qalibi olan “İnsan” sənədli trilogiyasının adı əslində təsadüfi olaraq seçilməyib. Çünki filmlərdən göründüyü kimi insanoğlunun yaranışı, sərf etdiyi əmək, insan əli ilə yerin altından çıxarılan qara qızılın-neftin dünya üzərində hökmranlığı, əksər müharibələrin yaranışına səbəb verməsi, həyatdakı mübarizələr, bütün dünyada baş verən müharibələr, ölümlər… bir sözlə, hər biri həyatın qanunlarına çevrilib.
Rejissorun dediyi kimi, zamanın kəsişməsi, tarixin təkrar olunması, bir parça çörək uğrunda mübarizə aparan əməksevər insanın çətinliyi və bu əməyin sayəsində rahatlığa qovuşanların laqeydliyi…Ağla-qaranın, xeyirlə-şərin mübarizəsi kimi…Ancaq nə olur olsun, həyat davam edir və insanlıq hər zaman dünyaya gəlməkdə israr nümayiş etdirir.
“Mənim Dağıstanım. Etiraf” filminin yaranması haqda rejissor maraqlı bir məqamı da diqqətə çatdırdı: “Həyatımda mürəkkəb bir durum yaranmışdı və mən anladım ki, dağa qalxmalıyam. Və filmin çəkilişində dağlarda olduq , ordakı pak insanlarla ünsiyyətdə olduq. Bir sözlə, bu film məni böhrandan xilas etdi”.
Əslində bütün rejissorların əsas yaşam səbəbi elə onların quruluş verdikləri, yaratmaq istədikləri, çəkmək arziusunda olduqları filmləridir. Həyat davam edir və Murad İbrahimbəyovu qarşıda neçə-neçə sənət nümunələri yaratmaq gözləyir.
Murad müəllimi bu gözəl gün- ad günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyəti adından təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan Kinematoqrafçılar İttifaqı