Murad İbrahimbəyovun yeni filmi montaj mərhələsindədir
Tanınmış kinorejissor, ssenarist, Venesiya festivalının “Gümüş şir”, Rusiyanın ‘NİKA” kinomükafatlarının sahibi Murad İbrahimbəyov tammetrajlı “ANAMA” sənədli filmi üzərində apardığı işlər haqqında “Trend Life”-a danışıb. Murad İbrahimbəyov Azərbaycan Respublikası Minalardan Təmizləmə Agentliyinin fəaliyyətinə həsr edilmiş bu filmin ideyasının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məxsus olduğunu, ötən ilin qışında Azərbaycan minaaxtaranlarının fəaliyyətinin ekran həllini tapmaq təklifini aldığını, mövzunun onda böyük maraq doğurduğunu və artıq keçən ilin yaz aylarında “Azərbaycanfilm” kinostudiyasında filmin istehsalata buraxıldığını, yay aylarında isə çəkilişlərin başlandığını söyləyib. Hazırda film montaj mərhələsindədir. Filmdə Bolqarıstanın “Miramar” kinostudiyasının da iştirakı var. Filmin çəkilişləri Horadiz, Ağdam, Hadrut və Göygöldə aparılıb. Hazırlıq prosesində minaaxtaranların fəaliyyəti, iş prinsipi ilə yaxından tanış olmağa çalışan Murad İbrahimbəyov bu təhlükəli peşədə minaaxtaranlardan başqa kinoloqların, robotlaşdırılmış maşınlar, dron operatorlarının, dronlardan aparılan aeroçəkilişlər üzrə analitiklərin çalışdığını aşkar edib.
M.İbrahimbəyov: “Hazırlıq prosesi vurnuxmasız və ciddi-cəhdlə aparılarsa, çəkiliş zamanı gəlib çatanda sən artıq materialın içində olursan və o, özü sənə filmin dramaturgiyasını və təsvir həllini pıçıldayır. Hansısa məqamda mən özlüyümdə qərara aldım ki, bu film ənənəvi sənədli film janrına aid deyil, başqa sözlə, bu elmi-populyar kinodan daha artıq bir kinodur. Mən anladım ki, film insanlardan, insan talelərindən bəhs etməlidir. Və material buna imkan verir… Mənim əhvalatım işğaldan azad edilmiş yurdunun hər qarışına ölüm mənbəyi basdırılmış ərazilərin həyatını xilas edən insanlar haqqındadır”
Rejissor 1998-ci ildə dahi lider Heydər Əliyev tərəfindən ANAMA-nın yaradılmasını mərhum ölkə rəhbərinin uzaqgörənliyinin daha bir nümunəsi olduğunu vurğulayır. 44 günlük Vətən müharibəsindən sonra texniki təchizat və peşəkar mütəxəssislər cəhətdən bu illər ərzində yüksək dərəcəyə çatmış ANAMA-ya olan ehtiyacın böyüklüyünü qeyd edir. M.İbrahimbəyov Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş Azərbaycan torpaqlarına Böyük qayıdış” Dövlət Proqramının avanqardının məhz ANAMA olduğunu deyir.
Həm ssenari müəllifi, həm də quruluşçu rejissor kimi çıxış etdiyi “ANAMA” filmi M.İbrahimbəyovun filmoqrafiyasında özünməxsusluğu ilə seçilən fərqli kino dilidir.
Filmin operatoru Nadir Mehdiyev, səs rejissoru Orxan Ağalarov, montaj rejissoru Elşad Rəhimov, prodüseri Tofiq Musayevdir. Filmin premyerası bu ilə planlanır.
Samirə Behbudqızı