Müstəqil kinomuzun uğuru “The Hollywood Reporter” də

Hilal Baydarovun ssenari müəllifi və rejissoru olduğu “Durna çırağı” bədii filminin dünya premyerası nüfuzlu Tokio Beynəlxalq Film Festivalının əsas müsabiqə bölümündə baş tutdu. Festivalın müsabiqə hissəsinə daxil edilən 15 filmdən 10 filmin dünya premyerası oldu. Bu filmlər dünyanın 113 ölkəsindən və regionundan 1533 film arasından seçilib.

“The Hollywood Reporter” jurnalı “Durna çırağı”nın dünya premyerasından bəhs edərək film haqqında təhlil xarakterli yazı ilə çıxış edib.

Aki.az məqalənin azərbaycan tərcüməsini təqdim edir:

“Azərbaycanlı rejissor Hilal Baydarov üçüncü filminə özünəməxsus vizual poeziya  və ekzistensial musiqi ilə qayıdır. Keçmiş polis və insan oğurluğu ilə məhkum olunmuş Davudun dediyinə görə,  durnaları qaranlıq meşələrdə diqqətlə yerləşdirilmiş fənərlərlə evə aparmaq əfsanəsi ovçuların onları tapması üçün tələ rolunu oynayır. Bu, həm personajlara, həm də “Durna çırağı” na uyğun metaforadır, azərbaycanlı yazıçı-rejissor Hilal Baydarovun 2020-ci ildə çəkdiyi “Səpələnmiş ölümlər arasında” filminin Venesiya tamaşasından sonra təxminən bir il ərzində ikinci filmidir.

Meksikalı rejissor Karlos Reyqadas və aktyor Denni Qlover filmdə onlara kifayət qədər tanış olan materialın prodüseri kimi iştirak edir. Rejissorun ilk iki filmindən aydın olmasa da, “Durna çırağı” filmi Baydarovun indiki kinonun qeyri-adi, ekzistensial janra köklənmiş, xətti təhkiyənin əks istiqamətinə  bir qədər aqqressiv yönələn rejissorlar arasında yerini möhkəmləndirir. Baydarov qısa müddət ərzində  keçmiş müəllimi Bela Tarr  və əfsanələrə əsaslanan hekayələrdən (Ölməkdə olan Siddhartha nağılı kimi) ilhamlanmışdır.

Filmin səciyyəvi xüsusiyyəti Davud adlı baş qəhrəman, Azərbaycanın  kələ-kötür torpaq örtüyünü əks etdirən uzun, sabit  kadrlar və çoxlarının iddialı kimi rədd edəcəyi poetik kadr arxası səslərdir. Bir çoxları Baydarov yaradıcılığını xəyalpərəst və inandırıcı adlandırır və hesab edir ki,  Durna çırağı filmi Tokioda dünya premyerasından sonra bir çox  festivallarda iştirak edəcəkdir.

Diqqətlə qurulmuş kvazi-vinyetka seriyasından ibarət filmin süjetində  hüquq fakültəsinin tələbəsi Musa (Elşən Abbasov) 4 qadını oğurlamaqda təqsirli bilinərək həbs olunan Davudun (Orxan İskəndərli) işini araşdırır. Bu qadınlardan heç biri ona qarşı ittiham irəli sürmək istəmir. Musa, Davud və onun ehtimal olunan qurbanları arasında görüşlər qüsursuz tərtib olunmuş meşə mənzərələri, parıldayan, çəyirtkə nöqtəli neft yataqları, qayalı Orta Asiya səhraları və tez-tez daxili düşüncələri və duyğuları əks etdirən mənzərələr fonunda baş verir. Maraqlısı odur ki, bu daxili düşüncələrin və duyğuların kimə məxsus olduğu müəmmalı olaraq qalır.

Davudun qaçırdığı qadınlar həm də filmin böyük ideyalarının, cinayət, ədalət və cəzadan tutmuş reallığın təbiətinə (demək olar ki, hər kadrda həkk olunmuş), sevgi və insanlığa qədər müxtəlif ideyaların araşdırılmasında bir bələdçi rolunu oynayır. Bütün personajlar bir misradan sətirləri oxuduqca: “Mən insanam və insan olmağın heç nəyi mənə qəribə gəlmir”- onların şəxsiyyətlərində bir axıcılıq müşahidə olunur; personajlardan yalnız bəziləri adı ilə müəyyən edilir və mövzulara universallıq qatır. Baydarov  aktyorlar – Nigar İsayeva, Səda Həsənova, Aytəkin Mirisova və Rəna Əsgərovanı tez-tez işıqlı, yaxından planda çəkilən, hər birinin paylaşdığı  melanxoliyanın yeni zirvələrinə yönəltməklə bu ümumiliyi ikiqat artırır. Onlar əmindirlər ki, Davud onların xatirələrindən uzaq olsa da, həyatlarını az da olsa  yaxşılaşdırıb.

Baydarovun seçdiyi  teatral məkanlar və tez-tez istifadə olunan poetik mülahizələr birlikdə həqiqətlə illüziya arasındakı sərhədi pozur, demək olar ki, başqa bir aləm tonu yaradır və istər-istəməz Davudun yalançı olub-olmaması sualını ortaya qoyur. Bəlkə onun fəlsəfi boşboğazlığında müəyyən dərəcədə hikmət var? Doğrudanmı o, Musanın və onun əsirlərinin bilmədiklərini bilir?

Baydarov bu suala cavab vermək istəmir və onun üçün bu sual xüsusi əhəmiyyət daşımır. “Durna çırağı” filmi impressionist vizual şeirdir və  sanki bu zamanda  mövcud deyil. Baydarov “Səpələnmiş ölümlər arasında” filminin ciddi təhkiyə strukturundan imtina edərək, dialoq əvəzinə səsli meditasiyalardan istifadə edir, hərəkətdən daha çox əhval-ruhiyyə yaradır, açıq-aşkar, gözəl obrazlar və heyranedici musiqidən (Kənan Rüstəmli ) istifadə edir.

Rejissor özü həm də kinematoqraf işini görür və onun sənədli filmə baxışı buna  sübutdur, poeziya tələbinə uyğun olaraq  həndəsi fiqurlar və zəngin təbiət arasında zərif şəkildə keçid edir. Baydarov müəllimi Tarrın zəriflik səviyyəsinə çatmaq üçün bir qədər də yol getməlidir, lakin o, şübhəsiz ki, ustad adını qazanmağa can atır”.

Ssenari müəllifi və rejissoru Hilal Baydarov, bəstəkarı Kənan Rüstəmli olan “Dürna çırağı” filmində Orxan İskəndərli, Elşən Abbasov, Hüseyn Nəsirov, Rəna Əsgərova, Aytəkin Mirişova, Məryəm Nağıyeva, Nigar İsayeva, Səda Həsənova, Kamran Hüseynov rol alıblar.

Xatırladaq ki, “Durna çırağı” Tokio Beynəlxalq Film Festivalında təqdim edilən ikinci Azərbaycan filmidir. Bundan əvvəl, 2014-cü ildə rejissor Elçin Musaoğlunun Qarabağ müharibəsindən bəhs edən “Nabat” filmi həmin festivalın iştirakçısı olub.

aki.az