Nəriman Əbdülrəhmanlı Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinin qalibi oldu

VI Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinin nəticələri açıqlandı.

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, yazıçı Nəriman Əbdülrəhmanlı VI Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinə  “Xarabalıqlar altında xatirələr” adlı hekəyəsi ilə qatılıb və birinci mükafata layiq görülüb.

İkinci mükafat Türkiyədən olan iştirakçı Arzu Toprağın “Dünyanın sahilində” hekayəsinə, üçüncü mükafat isə Türkmən yazıçısı Kamal Bayatlının “Məhəbbətin bilinməyən tərəfi” hekayəsinə verilib.

Onu da qeyd edək ki, bu il Avrasiya Yazıçılar Birliyi və TÜRKSOY ilə birgə təşkil olunan müsabiqəyə 933 əsər təqdim olunub.

Azərbaycan, Başqırdıstan, Çuvaşiya, Qaqauz, Cənubi Azərbaycan-İran, Qazaxıstan, Qırğızıstan, Krımtatar, Kumuk, Kosovo, Makedoniya, Malkar, Özbəkistan, Türkmənistan, Türkmənistan-İraq, Cənubi Türkmən-Əfqanıstan və Türkiyə, bir sözlə, 23 türk dövlətinin yazarları müsabiqədə bir araya gəlib.

VI Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinin münsiflər heyətində Türkiyəni Osman Çeviksoy, Azərbaycanı Rəşad Məcid, Türkmənistanı Mehmet Ömər Kazançi,  Kosovanı Taner Güclütürk və b. təmsil ediblər.

Xatırladaq ki, Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinin qalibi Nəriman Əbdülrəhmanlı ədəbi fəaliyyətə 80-ci illərdən başlayıb. Elə həmin illərdən də kinopublisistika və kino tarixi ilə ciddi məşğul olub, 4 cildlik “Azərbaycan kino sənəti tarixi” monoqrafiyasını yazmaqla yanaşı, qələmə aldığı ssenarilər üzrə bədii və sənədli kinofilmlər çəkilib.

N.Əbdülrəhmanlı еyni zamanda bədii tərcüməylə ciddi və ardıcıl məşğul olur, gürcü, rus və türk dillərindən dünya ədəbiyyatı nümunələrini dilimizə çevirib. 10 cildlik “Dünya nəsrindən seçmələr” antologiyası hazırlayıb. Əsərləri türk, rus, ərəb, gürcü, bolqar, fransız və ingilis dillərinə tərcümə olunub. “Könül elçisi” romanı, Türkiyədə və İranda nəşr edilib. Yazıçı bu yaxınlarda görkəmli rejissor Həsən Seyidbəylinin 100 illiyinə həsr etdiyi kitabı ilə oxucularının görüşünə gəlib.

aki.az