Nəriman Məmmədov Prodüserlər Gildiyasının sədri seçildi
Əməkdar incəsənət xadimi Müşfiq Hətəmovun Space telekanalının direktoru təyin edilməsi ilə əlaqədar olaraq Azərbaycan Prodüserlər Gildiyasının İdarə Heyətinin sədri vəzifəsinin icrası Gildiyanın İdarə Heyətinin üzvü, əməkdar mədəniyyət işçisi Nəriman Məmmədova tapşırıldı. Bu barədə Trend.az məlumat yayıb.
Azərbaycan Prodüserlər Gildiyası bütün kinematoqrafiya birliyini yaradıcılıq və peşə fəaliyyəti üçün əlverişli mühitin inkişaf etdirilməsi məqsədilə əməkdaşlığa çağırır.
Məlumatda o da qeyd olunur ki, 2021-2022-ci illər üçün Gildiyanın fəaliyyətinin daha ətraflı proqramı yaxın vaxtlarda açıqlanacaq. Prodüserlər Gildiyası Müşfiq Hətəmova gördüyü işlərə görə təşəkkür edir və yeni vəzifəsində ona uğurlar arzulayır.
Xatırladaq ki, Azərbaycan Prodüserlər Gildiyası 2012-ci ildə 15 dövlət və qeyri-dövlət təşkilatı tərəfindən təsis edilmişdir və İdarə Heyətinin yekdil qərarına əsasən Müşfiq Hətəmov gildiyanın sədri seçilmişdir. Gildiyanın əsas məqsədləri milli kinematoqrafın inkişafına dəstək, onun müasir texnika ilə təmin edilməsi, bu sahədə mütəxəssislərin hazırlanması, televiziya, yayım, kinoteatr, internet şəbəkələri ilə əməkdaşlığın qurulması, milli filmlərin xaricdə nümayişi və satışının təmin edilməsi, ekran əsərlərinin festivallarda iştirakına dəstək, müəlliflik və mülkiyyət hüquqlarının təmin edilməsindən ibarətdir.
aki.az