Nadir Bədəlovun 65 yaşı tamam olur

Ssenarist, sənətşünas Nadir Bədəlovun ad günüdür, 65 yaşı tamam olur.

N.Bədəlov 4 avqust 1956-cı ildə Bakının Buzovna qəsəbəsində anadan olub.

N.K.Krupskaya adına Kitabxanaçılıq texnikumunun mədəni-maarıf şöbəsində və M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində təhsil alıb.

1978-ci ildən qəzet və jurnallarda teatr və kino sənətkarlarına, tamaşa və filmlərə həsr olunan məqalələr yazıb. “XX əsr. İncəsənət”, “Kino sənətkarları”, “Teatr və zaman”, “İncəsənət almanaxı”, “Qala”, “Qara kabinet”, “Doğma və yad daş”, “Etnos”, “Çərçivə”, “Siyasətnamə” və digər radio və TV layihələrinin müəllifi olub. Yazdığı məqalələr, hazırladığı layihələr onun yaradıcılığında böyük rol oynayıb.

1998-ci ildən etibarən yeni yaranan Space TV-də baş redaktor və sonradan isə “Yaradıcılıq” şöbəsinin müdiri vəzifələrində çalışıb. Bir müddət “Günaydın” səhər proqramının müəllifi və bədii rəhbəri olub. 2006-2010-cu illərdə ANS PRESS Mətbuat evinin “El” jurnalının şef-redaktoru vəzifəsində işləyib. Paralel olaraq ANS televiziyasında “Naməlum məşhurlar”, “Dahilərin divanı” və “100-cü baxış” tok-şoularında müəllif və aparıcı qismində çıxış edib.

Onun hazırladığı proqramlar özünəməxsusuluğu ilə seçilib, tamaşaçı auditoriyasının fikrinə hörmətlə yanaşıb.

N.Bədəlov deyir ki, verilişləri hazırlayanda tamaşaçıları da özünə həmmüəllif etməlisən: “Qoy, tamaşaçı baxanda, əlini stola vurub öz-özünə desin – “necə oldu ki, bu mənim ağlıma gəlmədi?”. Sanki tamaşaçı özü bunu bilirdi, amma ifadə etmək ağlına gəlməyib. Bəhs etdiyim Sokrat metodudur. Sokrat adətən sual verə-verə öz fikirlərini tərəf müqabilinə çatdırırdı. Tərəf müqabili isə Sokratın almaq istədiyi fikrə özü gəlib çıxırdı. Mən bu metoddan hər zaman istifadə etmişəm. İstər auitoriyada, istər televiziyada, istərsə də yazılarımı hazırlayanda çalışıram ki, proses dialoqda olsun, monoloq olmasın”.

N.Bədəlov eyni vaxtda pedaqoji fəaliyyətlə məşğul olub. O, müəllimlik sənətini uca tutan, tələbələrinə biliklər aşılamaqla yanaşı, onları cəmiyyət üçün yetişdirməyin vacib olduğunu hiss etdirməyi bacaran özəlliklərə də məxsusdur. Bu baxımdan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kinoşünaslıq və Ekran Dramaturgiyası kafedrasında çalışdığı vaxtlar tələbələrlə dialoqda olmağa üstünlük verib, onları dinləməyə də can atıb, auditoriyada sadəcə danışmayıb: “Belə bir ifadə var, hər bir kitab oxuyan, əslində özünü oxuyur. İnsanların daxilində müəyyən fikirlər var, sadəcə onu oyatmaq lazımdır. Mən danışaraq, tələbələrdəki o isdedadları, fikirləri üzə çıxarmağa çalışıram. Bu elə bir şeydir ki, özündən də qaynaqlanmalıdır”.

Şarlotta Brontenin, Mişel Montenin, Uilyam Folknerin, Aqata Kristinin, Ambroz Birsin, Yu Nösbenin əsərlərini Azərbaycan dilinə tərcümə edən sənətşünas 2010-cu ildə “Salnamə” sənədli filmlər studiyasında redaktor vəzifəsində işləyib.

Nadir Bədəlovun ssenariləri əsasında da müxtəlif mövzularda filmlər çəkilib.

“Fitnə”(2016) sənədli filmi gəncləri radikal dini qrupların təsirindən qorumağın təbliği üzərində qurumaqla yanaşı, dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edilir. Maarifləndirici səciyyə daşıyan film milli-mənəvi dəyərlərin qorunması, ölkədə tolerantlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

“Şəhadət”(2017” sənədli filmi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub. Filmdə Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir.

Onun ssenarisi əsasında çəkilən “Mirzə Cəlilin Azərbaycanı”(2020) adlı sənədli filmi isə “Molla Nəsrəddin”  ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olundu. Film əsasən Mirzə Cəlilin əsərlərinin motivləri və personajları üzərində qurulub və filmə Cəlil Məmmədquluzadə yaradıcılığının əsas hadisəsi olan “Molla Nəsrəddin” jurnalı ilə bağlı faktlar da daxil edilib.

Bu məqalədə Nadir Bədəlovun yaradıcılığının sadəcə bir qismindən bəhs etdik. Onun yaradıclığı geniş olduğu qədər də, geniş də təhlilə ehtiyacı var. Təbiət etibarilə liberal olan, geniş dünyagörüşünə malik sənətşünas Nadir Bədəlovu yubiley yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, yaradıcılıq uğurları arzulayırıq.

aki.az