Namiq Ağayev - 60

“Kinoda çatışmayan cəhədlərdən biri dramaturgiyadır. İkinci böyük problem rejissorların aktyorlarla işləyə bilməməsidir. İndi  ət tökən mizanlar var, hansı ki, artıq çeynənib. Qızın xəstəliyə düçar olması, donor vasitəsilə kiminsə xilas edilməsi, vannada vena kəsmək, klipdə mübahisə etmək, səhrəda döyülüb atılmış birini xilas etmək. Bunlar artıq heç kimə lazım deyil. Yeni nəsə etmək lazımdır” deyən Azərbaycan Kinematoqrafçılr İttifaqınıln üzvü, rejissor Namiq Ağayevin ad günüdür, 60 yaşı tamam olur.

Namiq Ağayev 20 iyun 1962-ci ildə Bakıda dünyaya göz açıb. 1979-1984-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram rejissoru fakültəsində təhsil alıb. 1986-1987-cü illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında rejissor assistenti, 1987-1993-cü illərdə Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor, 2009-2010-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işıq üzrə rəssam, 2010-cu ildə Azərbaycan Dövlət Kukla Teatrında rejissor vəzifələrində çalışıb. Bir müddət televiziyada rejissor işləyib, Space TV-də Yaradıcılıq emalatxanasının rəhbəri olub.

N.Ağayev rejissor kimi müxtəlif janrda olan filmlər (“Bahar oğlu” (sənədli televiziya filmi), “İnterpapa”(tammetrajlı bədii film), “Qızlar”(bədii serial), “Biz Qarabağlıyıq” (sənədli televiziya filmi), “Molla Pənah Vaqif”(sənədli televiziya filmi), “Nəbi Xəzri”(sənədli televiziya filmi), “Ol” filmi və s.) çəkib, eyni zamanda aktyor kimi də bir çox filmlərdə maraqlı rollar ifa edib.

Daima müxtəlif layihələrə imza atan Namiq Ağayev “Ol” filmi ilə sözün həqiqi mənasında tamaşaçılara OL -yəni nə olur-olsun var olmanın vacib olduğunu deməyi bacarıb.

Rejissor film haqqında danışarkən deyib ki, filmdə bir az etiraz var idi: “Amma mənim film içində film janrından acığım gəlir. Bu, asan yoldur. Məncə, bu, ssenari və fantaziya kasadlığıdır. Doğrudur, “Ol” etiraf filmidir, amma bu, mən deyiləm. Camaatın da boynuna yıxırlar ki, komediya istəyirlər. Ümumiyyətlə, tamaşaçı nə qədər kobud olsa, o qədər yaxşıdır. Əslində, sənətçilərin həmişə bir etirafı var ki, çox mədəni tamaşaçı onların işini asanlaşdırır”.

N.Ağayev deyir ki, rejissorun yaşlı olması çox yaxşıdır: “Çünki onda rejissor hər hansı bir radikal yön tutmur. Yəni, həddindən artıq erotizmə, patriotizmə və yaxud da sentimentə qaçmır. İndi biz gəncliyimizi yadımıza salanda, düşünür ki, necə ola bilərdi ki, biz hansısa orijinal, gözəl bir fikir düşünə bilərdik? Amma rejissor özü filosof olmur. Sadəcə etdiyi fəlsəfi çıxır. Demək istədiyim odur ki, gənc ehtirası elədir ki, əgər gəldisə, onu gərək isti-isti çəksin də bu yazıq. Yəni, rejissorun ağlının olması vacib deyil, əsas odur ki, gələn hissi ötürə bilsin”.

Təəccübləndirməyi sevən Namiq Ağayev 2014-cü ildə rejissor Asif Rüstəmovun dram janrında çəkdiyi “Axınla aşağı” tammetrajlı bədii filmində baş qəhrəmanı – Əlini oynayıb.

O, “Axınla aşağı” filminə görə “Ən yaxşı aktyor” nominasiyasında (2015), “Ol” filminə görə “Ən yaxşı orijinal ssenari” nominasiyasında (2018) “Qızıl Pəri” Mükafatlarına layiq görülüb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından rejissor Namiq Ağayevi yubiley yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

aki.az