Nizami Abbas - 65

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi, operator, rejissor Nizami Abbasın ad günüdür, 65 yaşı tamam olur.

N.Abbas 1 yanvar 1957-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində anadan olub.

Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) kinooperatorluq fakültəsində təhsil alıb. 1974-1975-ci illərdə “Lenfilm”də operator köməkçisi kimi çalışıb. 1976-cı ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərməyə başlayıb.

Operator-rejissor kimi bir çox filmlərə (“Meydan” (1989),  “Sərhəd” (1990), “El bir olsa (1989), “Axırıncı addım” (1989),“Azadlığa gedən yollar (1990), “Qəm karvanı” (1990), “Ağ-qara dünya” (1991),  “Azadlıq elçisi” (1993), “Elan olunmamış müharibə” (1994), “Əzablı yollar” (1995), “Kinorejissor Arif Babayev” (2000), “Şəhidlik zirvəsi” (2001), “Kinorejissor Həsən Seyidbəyli” (2002),  “Pəhləvan komandir” (2015) və b.) quruluş verib.

1992-1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Sənədli Filmlər Kino-Telestudiyası”nın bədii rəhbəri olub.

Qeyd edək ki, 90-cı il hadislərində ölkəmizdə gedən azadlıq uğrunda mübarizəyə qoşulanlar arasında “Azərbaycanfilm”in kollektivi də olub.

Onlar istər paytaxtda, istərsə də Qarabağda baş verən hadisələri lentə almaq üçün könüllü şəkildə gecə-gündüz çəkilişlərdə idilər.

Nizami Abbas 1991-ci ildə könüllü olaraq cəbhəyə gedib və döyüş bölgələrində çəkilişlər aparıb.

Həmin illərdə hamı sadəcə bir məqsəd uğrunda çalışırdı, Azərbaycan müstəqillik əldə etsin.
Məhz həmin ərəfədə meydan hadisələri ölkənin müstəqillik qazanması istiqamətində mühüm rol oynamağa başlayırdı. Operatorlar Köçəri Məmmədov, Rəfail Salamzadə, Bağır Rəfiyev, Zaur Məhərrəmov və Nizami Abbas Ramiz Fətəliyevin rəhbərliyi ilə 18 gün ərzində “Meydan” filmini hazırlayırlar. Gənc kinooperator indiki döyüş filmlərinin səhnələrindəki hadisələrdən daha dəhşətli hadisələrin içində olur, real müharibə həyatını lentə alırdı.

N.Abbas 1990-cı ildə Cənubi Azərbaycanla Şimali Azərbaycanda yaşayan doğma insanların bir-birinə həsrətindən, illərlə ayrı düşməsindən, bütün çətinliklərə rəğmən yenə də qovuşa bilmələrindən bəhs edən “Sərhəd” filmini çəkir. “Sərhəd”i o vaxt çəkmək inandırıcı görünməsə də, Nizami Abbas buna nail ola bilir. Hətta Sovet sərhədçiləri çəkilişlərə nə qədər mane olmağa çalışsalar da, ikiyə bölünmüş Vətənin ayrılıq dərdinin ağırlığını 10 dəqiqəlik sənət əsərinə sığışdırmağa çalışır və buna nail olur.

Yeri gəlmişkən, N.Abbas Milli Qəhrəmanlar silsiləsindən bir neçə film çəkib. Qubadlı batalyonunun komandiri Əliyar Əliyev haqqında “Pəhləvan komandir” sənədli filmi, Tərtər özünümüdafiə batalyonunun komandiri Elman Hüseynovdan bəhs edən “İlk komandir” və İsgəndər Aznaurovun igidliklərindən söhbət açan “İsgəndərin sorağında”, Milli Qəhrəman Yusif Mirzəyevin xatirəsinə ithaf olunan “İgid əsgər” filmləri və s.

O, Milli Qəhrəmanlarımızın hər biri ilə şəxsən tanış olub və onlarla birgə döyüş əməliyyatlarında iştirak edib və deyir ki, hələ çəkməli olduğu filmlər çoxdur…

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından operator, rejissor Nizami Abbası ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Aki.az