İyunun 18-də “Azərbaycan” CinemaPlus-da rejissor Namiq Ağayevin “Ol” bədii filminin nümayişi keçirildi. Tədbiri giriş sözü ilə açan moderator Sevda Sultanova, Namiq Ağayevin dünyaya, hadisələrə özünəməxsus, maraqlı baxışı olduğundan söz açdı və filmdə əsas rollardan birini oynayan, dünyasını dəyişmiş aktyor Fikrət Məmmədovun peşəkar ifasını vurğuladı. Səhnəyə dəvət olunan N.Ağayev tamaşaçıları salamlayaraq, bu tədbiri təşkil edən Azərbaycan Kinematoqrafçılar İttifaqına təşəkkürünü bildirdi.
Nümayişdən sonra filmin yaradıcı heyəti – rejissor Namiq Ağayev, əsas rolun ifaçılarından biri Vüsalə Ağayeva, operator Ramin Asimoğlu və xoreoqraf Rumiyyə Ağayeva səhnəyə dəvət olundular. Rejissor “Ol” filminin komanda kimi ilk iş olduğunu dedi:
“Bu komanda ilə biz indi də işləyirik, gələcəkdə də işləmək planımız var. “Ol” filminə dəqiq ssenari yazılsa da, süjet xəttində improvizasiyalar eləmişik. Fikrət Məmmədovun da burada dəst-xəti var. O çox aktiv, kreativ aktyor idi. Film ətrafında dramatik hadisələr yaşandı. Həm kortəbii işləmişik, həm də imkanlarımız daxilində. Təbii ki, çatışmazlıqlar var. Amma ümumilikdə, filmdən şikayətim yoxdur ki, gərək bunu belə edərdim. Filmin adı bir az art-haus kimi alındı. Amma kütləvi tamaşaçı bu filmi necə qəbul edəcək, bunu yoxlamamışıq. Hərçənd, beş ildir ki, çıxıb. Bu filmlə biz təcrübə topladıq. Hər il yeni film çəkmək istərdik, amma, heyif ki, bu imkan yoxdur. Mən həmişə deyirəm ki, öncə hüzurlu olaq ki, problemlərimizi həll edə bilək. Bu filmdə yaradıcı adamın çətinliklərini göstərmişik. Hazırda narkomaniyaya qarşı film çəkirik. Bu vacib problemdir. Büdcə tapana, layihənin təsdiqini gözləyənə kimi özümüz öz gücümüzə çəkməyə başladıq. Boyük komanda topladıq. Filmin üçdə birini etmişik”.
Filmin xoreoqrafı Rumiyyə Ağayeva bildirdi ki, filmə ilk dəfə baxanda kritik yanaşıb: “Deyirdim ki, filmdə nəsə çatışmır, düz deyil. Amma indi baxanda həqiqətən səmimi, gözəl əhvali-ruhiyyə ilə gedirəm buradan. Belə bir aqressiv zamanda çox pozitiv aldım. Təşəkkür edirəm, ata”.
Rejissor Vaqif Azəryar çəkiliş qrupunu bir daha təbrik etdi: “İkinci dəfədir ki, bu filmə baxıram. Mən onda və indi yaşadığım hisslər arasında fərqi görürəm. Bu bir daha onu göstərdi ki, filmin özünün energetikası var, təsir göstərə bilir. Nəticə etibarilə, bugünkü Azərbaycan kinosunu dövlət qərarları ilə yox, məhz belə canfəşanlıqla, müxtəlif cəhdlərlə bu cür qeyri-ənənəvi filmlər çəkməklə dirçəltmək olar. Bu filmdə mənə təsir edən, kino haqda monoloq oldu. Təkcə mənim yox, əksər kino adamının ürəyindən gələn sözlərdir. Bizim müasir kinonun köməyə, diqqətə ehtiyacı var. Daha çox Namiq kimi istedadlı adamlara meydan verilməsinə böyük ehtiyac var və kinomuzun dirçəlişi ancaq o imkanların verilməsi ilə əmələ gələ bilər. Filmdə çox gözəl məqamlar var, hekayə, sanki müxtəlif vəziyyətlərin nümayişidir, amma ana xətt kino yaratmaq istəyənlərin dərdini anladır. Çox istərdim ki, cavanlar arasında bu cür cəhdlər edən adamlar çoxalsın”.
Aktrisa Vüsalə Ağayeva yaradıcı prosesdən zövq aldğını bildirdi: “Namiqlə anlaşmayanda Ramin araya girirdi. Fikrət müəllim haqda “yoxdur” deyə bilmirəm. Çox böyük dəstək oldu partnyor kimi. Stilistika özü imkan verir ki, biz bu improvizasiyaları edək. Kino haqqında kino çəkmək istəmişik”.
Rejissorun sinif yoldaşı Arzu Babayev da təəssüratlarını bölüşdü: “Namiq, mən səni 1969-cu ildən tanıyan bir insan kimi deyirəm ki, sən hələ özünü tapmamısan. Elə bir yaradıcı insansan ki, yaradıcılığın aşıb-daşır və sən bir düşündürücü film çəkmisən. Sinif yoldaşların adından sənə uğurlar arzulayıram”.
Operator Ramin Asimoğlu dedi ki, bizim gözümüz rejissorun beynindəkilərini, fikirlərini ötürə bilirsə, bu, bizi xoşbəxt edir: “Mən bu sənətdə Namiq Ağayevin yanında böyümüşəm. Püxtələşməyə başlayandan bir yerdə işləmişik. Çəkilişdə bir-birimizlə danışmağa ehtiyac yoxdur, bir-birimizi sözsüz anlaya bilirik. Həm ssenarist, həm rejissor, həm aktyor olduğundan səhnələrin yükünün 90 faizi N.Ağayevin üzərində idi. Ona görə kamerann arxasından həm rejissor məsuliyyəti, həm də operator məsuliyyəti mənim üzərimə düşmüşdü. Hər səhnəni çəkəndən sonra bir dəfə baxırdı, demirdi “belə edək”, deyirdi ki, “bir də çəkək”. Yəni, Namiq müəllim səni çərçivəyə salmır, sıxmır. Hər kəsə imkan verir ki, özünü rahat hiss etsin, meydanda hər kəs özünü ifadə edə bilsin”.
Kinoşünas Sədaqət Kamal filmin son səhnəsində Namiq Ağayevin rəqsini bəyəndiyini dedi: “Bu film bütünlüklə sizin potensialınızın təzahürüdür. Cəsarətiniz xoşuma gəldi. Quranda deyilir ki, “Ol”. Siz də bir növ kinoya deyirsiniz ki, “Ol”. Kino sənayesinin inkişaf etdiyi ölkələrdə rejissorlar yuxuda gördüklərini çəkirlər. Çox istərdim ki, bizim kinomuzun belə səviyyəsi olsun ki, siz hər il belə filmlər çəkəsiniz. Fikrəti çoxdan tanıyırdım. Kinosuzluq onu məhv etdi. Kinonun faciəsində Fikrətin faciəsini nümunə kimi göstərirəm. Ona görə hamımız kinoya “Ol” deyək”.
Moderatorun “Siz filmdə həm aktyor kimi oynamısınız, həm də rejissorluq etmisiniz. Prosesi necə idarə edirdiniz” sualına, Namiq Ağayev belə cavab verdi:
“Raminin dediyi kimi, illərlə çiyin-çiyinə işləmişik, bu ilk böyük film idi. Bir-birimizi çox yaxşı hiss edirdik. Özümə kənardan baxa bilirəm. Ramin daxili plastikamı çox yaxşı bilir, sual vermir işləyəndə. Mən azbüdcəli film məsələsinə toxunmaq istəyirəm. Azbüdcəli film çəkmək üçün yaxşı ssenari, dramaturgiya lazımdır, ideya güclü olmalıdır. Mən prodüserlərə bir otaqda baş verən çox ssenarilər vermişəm, deyiblər ki, tamaşaçıya darıxdırıcı olar. Bizdə prodakşnlar tərəfdaşlıq etmək istəmirlər. İstəyirlər ki, film bütünlüklə onların olsun”.
Tamaşaçılardan biri dedi ki, filmi izləyəndə belə təəssürat yarandı ki, sanki kiminsə beyninin içindəyəm və onun gördüyü hallüsinasiyanı izləyirəm. Burada bəyəndiyim və bəyənmədiyim detallar var. Qızı ilk səhnələrdə barın qabağından götürüb deyirsiniz ki, yaxşı materialdır və ya hamam səhnəsi, yaxud Merilin Monronun kadrdakı heykəlciyi qadınlara material kimi yanaşma təəssüratını yaratdı. Hekayənin davamında belə göründü ki, Şahzadə qız real qəhrəman deyil. Ümumiyyətlə, qəhrəmanların real olmadığının fərqinə vardıq. Yeganə real olan qəhrəman nənə idi ki, o da sonda ölür. Bu ölüm, məncə, qəhrəmanların reallqdan tamamilə qopmasını göstərdi. Ümumiyyətlə, filmdə absurd və qeyri-real detallar çox idi”.
Digər tamaşaçının fikrincə, son kadrlarda kürəbəndin qapağını döyəcləyənlər prodüserlər idi:. “Onlar verdikləri pulu almağa gəlmişdilər. Filmi rejissorla ssenaristin əlindən alıb öz istədikləri kimi edəcəklər”.
Başqa bir tamaçı bildirdi ki, filmin ilk səhnələrində “dördüncü divar” qırılır və aktyor, tamaşaçı ilə danışır: ”Mən istərdim ki, bu filmi teatr səhnəsində tamaşa kimi görək. Aktyor oyunları teatral xarakterli gəldi. Sevindim ki, narkomaniya əleyhinə film çəkirsiniz. Mən cinayət işləri üzrə vəkiləm. Cinayətlərin çoxu narkomaniya ilə bağlıdır. Bu mövzuda çəkilən filmdə vəkil kimi əimdən gələn köməkliyi etməyə hazıram”.
Qeyd edək ki, “Ol” filmi Azərbaycan Kinematoqrafçıar İttifaqının təşəbbüsü ilə nümayiş olunub.
aki.az