Oleq Səfərəliyev – 70

“Mənim üçün janr fərqi yoxdur. Əgər sən peşəkarsansa, öz işinin mahiyyətini bilməlisən. Elə fikir var ki, onu bədii filmin, eləsi var serialın, eləsi də var sənədli filmin estetikası ilə verirsən. Əsas odur ki, sən iş görürsən, tamaşaçıda çəkdiyin işə baxmağa maraq yarada bilirsən və öz fikrini ifadə edib tamaşaçıya çatdırırsan” deyən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Kino məktəbinin rəhbəri, rejissor Oleq Səfərəliyevin anadan olduğu gündür, 70 yaşı tamam olur.

Oleq Səfərəliyev 13 oktyabr 1952-ci ildə Qazaxıstanın Cambul vilayətində anadan olub.

1973-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini, 1988-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini – Sergey Solovyovun emalatxanasını bitirib.

1987-ci ildə “Murad-Sad” adlı diplom işini çəkib və elə o vaxtdan “Mosfilm”ə dəvət olunub.

1991-ci ildə Azərbaycan Dövlət Rus Dram Teatrında Xalq yazıçısı Rüstəm İbrahimbəyovun “Ailə çərçivəsi” pyesini səhnələşdirib.

1993-2003-ci illərdə Rusiyanın “ORT”, “RTR” və başqa telekanallarında fəaliyyət göstərib.

1995-2005-ci illərdə “Avrasiya-Film” kino şikrətinin baş prodüseri olub.

“Canlı yayım” (1989, rejissor), “Kilsə”(sənədli film, 2003), “Müdriklərlə söhbətlər”(sənədli film, 2004),  “Ka-De-Bo” (2007, rejissor, ssenari müəllifi, prodüser), “Savva Morozov” (2007, serial, rejissor), “Petrovka 38, Semyonovun komandası” (2009, rejissorlardan biri, serial), “Qorxu mağarası” (2010, rejissor), “Dəlisov yubiley” (2011, kreativ prodüser), “Növbətçi mələk-2” (2012, serial, rejissor ), “Qadınlar və digər bəlalar” (2014, serial, rejissor) filmlərini çəkib.

2014-cü ildə Şəki televiziyası üçün “Yeni il səfəri” adlı musiqili televiziya filmini çəkib.

“Azərbaycanfilm” kinostudiyasının 2006-cı ildə istehsal etdiyi “Əlvida, cənub şəhəri” filmi rejissorun yaradıcılığında xüsusi yer tutur.

Rüstəm İbrahimbəyovun “Təbəssümlə oyanaraq” əsəri əsasında ssenarisini yazdığı filmdə Qarabağ müharibəsinin törətdiyi fəsadlar nəticəsində paytaxt Bakıya gəlmək məcburiyyətində qalan qaçqınların həyat tərzi, onların şəhər həyatına uyğunlaşması və yerli əhali ilə münasibətləri öz əksini tapıb.

O.Səfərəliyev deyir ki, filmlər də müxtəlifdir: “Çoxşaxəli süjet xətti olan filmlər də var. İstənilən film, istənilən ədəbiyyat nümunəsi həyatı əks etdirməlidir. İstənilən cəmiyyətdə qatil də var, qətl də, sevgi də, xəyanət də… Film bu xarakterləri ifadə etməlidir. Tamaşaçı öz qəhrəmanlarına baxmalıdır, tamaşaçıya yalan göstərmək olmaz. Amma hər şeyi də rəngsiz, boyasız şəkildə təqdim etmək düz deyil. Çünki hər bir obraz eyni zamanda yaradıcı təfəkkürün məhsuludur. Bir obraz bir neçə insanın müştərək xarakterini birləşdirə bilər.  Bu gün bu xarakter var, sabah olmayacaq. Bu gün bu küçə var, sabah olmayacaq. Mənim filmimdə çəkilən küçələr, həyətlər artıq yoxdur… Məsələn, 1987-ci ildə “Murad-Sad”ı çəkdiyimiz həyət indi yoxdur. Filmlər, kino həm də bu baxımdan əhəmiyyətlidir”.

Müstəqil düşüncənin tərəfdarı olan rejissor onu da qeyd edir ki, istərdim, kino ağrı yaratsın, baxdıqdan sonra ürək və yaxud heç olmasa diş ağrısın.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından rejissor Oleq Səfərəliyevi 70 illik yubiley yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

aki.az