Ömür Nağıyevin əziz xatirəsinə...

“Bütün yaranan varlıqlar arasında insan yeganə məxluqdur ki, daimi olaraq dar çərçivəyə çığmır” deyən aktyor, rejissor Ömür Nağıyevin ad günüdür, yaşasaydı 68 yaşını qeyd edəcəkdi…

Aktyoru çərçivəyə sığdırmaq, onun qarşısında sədd çəkmək o qədər də asan məsələ deyil. Hətta əgər həmin aktyorun öz sözü, öz qəhrəmanı, öz dünyası, öz seçimləri varsa, onda çərçivə, sədd dediyimiz məvhumlardan heç bəhs etməyə dəyməz…

Öz seçimləri olan, sənətdə özünəməxsus yolu olan Ömür Nağıyevin də qarşısında sədd çəkmək mümkün deyildi. Çünki o, bir peşəkar kimi nə istədiyini və istədiyi işdə nələr etmə gücünə sahib olacağını yaxşı bilirdi…

Ö.Nağıyev 1 iyun 1953-cü ildə Bakıda anadan olub.

1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino və televiziya rejissorluğu fakültəsində Yevqeniy Matveyev və  Aleksey Batalovun kursunda təhsil alıb.1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərməyə başlayıb.

1971-ci ildə Polşa kinematoqrafçılarının istehsalı olan “İkinci Dünya Müharibəsi necə başlanır” filmində Kapitan rolunda, 1975-ci ildə Tacikistan, Özbəkistan, Hindistan kinematoqrafçılarının birgə istehsalı olan “Qanq üzərində zühur” filmində Nikxələs rolunda, 1976-cı ildə Oman Ərəb Respublikasının istehsalı olan “Çavus Qadban” filmində çavus Qadban rolunda çəkilib.

“Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalşan aktyor,  Azərbaycan televiziyasında rejissor kimi də çalışıb.

1980-ci ildə Sankt-Peterburq Dövlət Teatrında, 1995-1997-ci illərdə Bakı Bələdiyyə Teatrında, 2005-ci ildən isə Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb.

Təhsilə, tərbiyəyə, peşəkarlığa böyük önəm verən aktyorun keçdiyi həyat yolu qısa olsa da, maraqlı olub, maraqlı olduğu qədər də zəhmətkeş olub. İşdən kənar həyatı ömürdən saymayan, öz üzərində çalışmaqla, bilgilərini, məlumatlarını daima yeniləyən, oxuduğuna qane olmayaraq daha artıq mütaliə ilə geniş dünyagörüşünə sahiblənən Ö.Nağıyev bütün canıyla-qanıyla kino üçün yaranmışdı. Onun maraqlı fakturası kinoda öz fərqliliyi ilə seçilirdi ki, bu da rejissorların diqqətindən kənarda qalmırdı.

Aktyor ilk dəfə 1969-cu ildə İsmayıl Şıxlının ssenarisi əsasında Hüseyn Seyidzadənin quruluş verdiyi “Dəli Kür” filmində tələbə rolunda çəkilib.

İkinci dəfə 1970-ci ildə Xalq şairi Səməd Vurğunun “Komsomol poeması”nın motivləri əsasında çəkilən, rejissor Tofiq Tağızadənin quruluş verdiyi “Yeddi oğul istərəm” filmində kənd sakinlərindən birini oynayır. Film qələbə naminə canlarından belə keçməyə hazır olan qəhrəman oğullar – 20-ci illərin komsomolçuları haqqında romantik hekayədir. Hər iki filmdə aktyor oynadığı epizodik rollarda o qədər də diqqəti çəkməsə də ilk qazandığı təcrübələr onu sonrakı filmlərə hazırlayır.

1972-ci il Ömür Nağıyevin həyatında önəmli rol oynayır. Aktyor iki filmə “Həyat bizi sınayır” və “Var olun, qızlar”a dəvət olunur.

Vidadi Babanlının ssenarisi əsasında Şamil Mahmudbəyovun quruluş verdiyi “Həyat bizi sınayır” filmi xeyirxah insanların köməyi ilə həyatın sərt sınaqlarından çıxan gənc metallurqun taleyindən söhbət açır və filmdə Ömür Nağıyev Fərəc rolunda çəkilib.

Eldar Quliyevin quruluşunda çəkilən “Var olun, qızlar” filmində aktyor Rüstəm roluna çəkilib.

Yeri gəlmişkən, film 1958-ci ildə baş vermiş bir hadisə üzərində qurulub. Belə ki, 1958-ci ilin yayında Abşeron çimərliklərindən birində dənizdə batan uşaqları xilas edərkən özü həlak olan Bakı məktəblisi Tofiq Hüseynovun məhz kimləri xilas etdiyi, xilas edilmiş qızların sonrakı taleyi barədə söhbət açır, filmdə müxtəlif talelər, xarakterlər açıqlanır.

Filmin çəkilişlərinin bir hissəsi Bilgəh çimərliyində lentə alınıb. Və ölüm səhnəsinin olduğu epizodun çəkilişi zamanı dənizdə güclü dalğanın olması vacib idi. Çox çətin bir şəraitdə çəkiliş aparılıb.

Hətta çəkiliş heyətinin 1958-ci ildə dənizdə baş vermiş faciəli hadisənin  yenidən təkrar olunma təhlükəsi ilə qarşılaşma ehtimalı yaranıb.

Bərk külək sahilə yaxın yerdə çimən balaca uşağı çəkib dənizin içərilərinə doğru aparır. Rüstəm rolunun ifaçısı Ömür Nağıyev yaxınlıqda olduğu üçün hadisənin şahidi olub və düşünmədən belə suya tullanaraq batan uşağı xilas edib.

Yüksək insani keyfiyyətlərə malik olan aktyor  fədakar, ürəkli olduğu qədər də cəsarətli idi və düşünmədən, hətta həyatını təhlükəyə atmaq bahasına olsa belə başqalarının həyatını xilas etmə duyğusuna sahib idi. Bu, onun insan kimi özəlliyi idi…

Aktyor 1973-cü ildə rejissor Tofiq İsmayılovun quruluş verdiyi “Bizim küçənin oğlanları” filmində Rasim rolunda çəkilib. Film bir kəndin ayrı-ayrı küçələrinin özünəməxsus məhəlli adət-ənənələrindən, eyni şəraitdə böyüyən məhəllə uşaqlarının gələcək talelərindən söhbət açır. Filmin çəkilişlərinin bir qismi  Qəbələ rayonunun Qəmərvan kəndində lentə alınıb.

Ömür müəllim deyirdi ki, filmdə oynadığı Rasim obrazı sadə, torpağa bağlı bir kənd uşağıdır: “Atası ona elmi kitablar alır ki, oğlu oxuyub öyrənsin, daha savadlı olsun. Rasimin isə marağı texnikayadır. Kəndddə televizoru, radiosu, ütüsü xarab olan ona müraciət edir. Və buna görə də kənddə yaşamaq istəyir, ali təhsildən imtina edərək texnika ilə məşğul olur. Bu rolu yaratmaq üçün nə bacarmışamsa, onu da etmişəm. Hətta oyunum o qədər təbii alınmışdı ki, sonradan Rasimin sonrakı həyatından bəhs edən bir film çəkilməsindən belə bəhs edilirdi”.

Maraqlı məqamlardan biri də odur ki, “Bizim küçənin oğlanları” filminin çəkilişindən 30 il sonra aktyor “Uçuş xətti” filminə çəkilib. Ermənistan-Azərbaycan müharibəsi və bu müharibədə qəhrəmancasına həlak olmuş Azərbaycan oğullarının fədakarlığından bəhs edən filmin çəkilişlərinin bir hissəsi Qəbələ rayonunda lentə alınıb.

Ö.Nağıyev fimdə baş rolda oynayıb və deyirdi ki, çəkiliş vaxtı bir daha o günlərə, “Bizim küçənin oğlanları” filmini çəkildiyi illərə döndüm, maraqlı günlər idi…

Aktyor 30-dan çox filmdə (“Evin kişisi”, “Anın quruluşu”, “Gözlə məni”, “Bağlı qapı”, “Əzablı yollar”, “Gümüşü furqon”, “İlıq dənizdə buz parçası”, “Bəyin oğurlanması”, “Cin Mikrorayonda”, “Qanlı zəmi”, “Bircəciyim”, “İşarəni dənizdən gözləyin”, “İmtahan”, “Şeytan göz qabağında”, “Doğma sahillər”, “Nə gözəldir bu dünya”, “Güllələnmə təxirə salınır”, “Arxada qalmış gələcək”, “Biz qayıdacağıq”, “Cavid ömrü” və s.) bir-birindən maraqlı obrazlar yaradıb.

Ömür Nağıyev rejissor kimi 1990-cı ildə yazıçı Yuri Kazakovun “Trallivalli”  hekayəsinin motivləri əsasında “Bəxtəvər” qısametrajlı bədii filmini ekranlaşdırır. “Debüt” studiyasında istehsal edilən film çox gözəl səsi olan, ancaq  uğursuz adamın taleyi haqqında niskilli film-hekayətdir.

1992-ci ildə Azərbaycanın dəniz qapısı kimi böyük önəmə malik olan Bakı limanı və onun tarixindən bəhs edən “Azərbaycanın dəniz qapısı” sənədli filminə quruluş verib.

2008-ci ildə Abşeron yarımadasında yerləşən qədim daş abidələrimiz, qayaüstü təsvir, yazılar və kurqanlardan bəhs edən “Abşeron gizlinləri” sənədli filmini çəkir.

Göründüyü kimi, onun mövzuları fərqli idi və fərqli olduğu qədər də özünəməxsusluğu ilə seçilirdi.

Ömür vəfa etsəydi, Ömür Nağıyevin sənətlə bağlı hələ görüləcək işləri, həyata keçirəcək planları var idi…Buna baxmayaraq yaşadığı qısa və şərəfli ömür yolunda çox işlər gördü və gördüyü işərlərlə sənətdə özünəməxsus iz qoymağı bacardı…

Yoxluğundan 8 il keçməsinə baxmayaraq heç unudulmayan ustad aktyoru ad günündə böyük sevgi və ehtiramla yad edirik!

X.QİYAS