Afaq Yusiflinin NETPAC jüri sədri olaraq təşkilat üçün yazdığı məqaləni Azərbaycan dilində təqdim edirik.
Bu festival bir neçə ildir Azərbaycanla əməkdaşlıq etsə də, ilk dəfə idi NETPAC mükafatının verilməsi Gülnarə Abıkeyevanın təşəbbüsü ilə baş tutumuşdu. Nə yaxşı ki, bu il baş tutmuşdu desəm yanlış olmaz. Jürilərdən biri olaraq, mən də Azərbaycanı təmsil edirdim. Çünki Azərbaycan Kinematoqrafçılar İttifaqının NETPAC ilə əməkdaşlığı AKİ üçün dünya kinematoqrafiyasında Azərbaycanın iştirakını genişləndirmək baxımından olduqca vacibdir. Səbəblərini bu yazımda bir-bir sadalayacağam. Bayqonur özü bildirir ki, “NETPAC” mükafatı festival üçün peşəkar və mədəniyyətlərarası mühüm bir addımı təmsil edir, onu yeni beynəlxalq səviyyəyə yüksəldir və Qazaxıstanla yanaşı, region kinosu üçün də daha geniş imkanlar açır. NETPAC-ın iştirakı, beynəlxalq peşəkar ictimaiyyətin festivalımızın proqramına və burada təqdim olunan işlərin yüksək keyfiyyətinə artan marağını təsdiqləyir”.
Bayqonur nədir və onun xüsusilə gənclər üçün əhəmiyyəti nədədir?
Bayqonur – Qazax dilindən tərcümədə “Zəngin qəhvəyi”, yəni “çoxlu otlarla zəngin münbit torpaq” mənasını verir. Qazaxıstanda yerləşən, tarixi Sırdərya çayının sahilində bir şəhər və dünyanın ilk və ən böyük fəaliyyət göstərən kosmodromunun adıdır. 1961-ci ildə ilk insanın kosmosa buraxıldığı yer kimi məşhurdur. Amma təkcə şəhər və məkan deyil. Ölkənin Ultau regionunda bu adda həm də çay var. Beləliklə Qazaxıstan “zəngin” mənasını verərək insanın kəşfiyyat ruhunun, ambisiyasının və nailiyyətlərinin güclü bir simvolu kimi Bayqonur festivalına ilham verir. Beləliklə Qazaxıstan irsi ilə dərin şəkildə bağlılığını sübut etmiş olur.
Festivalın üç əsas gücü olur. Jürilər, onun nə dərəcədə incəsənət, söz azadlığı baxımından müstəqil yoxsa asılı festival olması, bir də göndərilən filmlərin güclülüyü. Birincidən başlasaq, bu il festivalda yerli jürilər beynəlxalq filmi, beynəlxalq jürilər yerli filmdə ən yaxşını, NETPAC münsifləri üçü beynəlxalq, on yeddisi yerli olmaqla sadəcə NETPAC-ın ən yaxşısını, yenə həm yerli, həm beynəlxalq komandadan ibarət 4-cü komanda da ən yaxşı debüt tammetrajlı filmi seçmək üçün dəvət olunmuşdular. İzlənəcək filmlər isə təkcə mövzu rəngarəngliyi deyil, eləcə də coğrafiya fərqliliyi ilə diqqət cəlb edirdi. Qafqazın hər üç ölkəsi – Azərbaycan, Gürcüstan, Ermənistan, Mərkəzi Asiyadan Tacikistan, Qırğızstan, Özbəkistan, Qazaxıstan və türkdilli ölkələrdən Saxa-Yakutiya, MDB-dən Belarus, Rusiya, Moldova öz filmləri ilə bizə öz dünyalarını göstərirdi.

Bu il 10-cu dəfədir təşkil olunan festival gənclər arasında o qədər məşhurdur ki, yerli filmlər olanda zalda oturmağa yer tapmaqda çətinlik yaşanırdı. Onların festivalı, göstərilən filmlərin komandalarını dəstəkləmək ruhu birbaşa insana sirayət edirdi. Əsl bayram ab-havasını gənclərin gözündə görə bilərdin. Təbii ki, gənclərə ünvanlanan festivalın ruhu azad olmasa o bu qədər sevilməz. Diqqət çəkən məqam, 10 il ərzində Bayqonurun özünün müstəqil siyasətini qoruyub saxlaması idi. Üçüncü məqam yarışmaq üçün təqdim olunan filmlər. Əksəri cavanlar tərəfindən çəkilsə də toxunduğu mövzular, qabartdığı problemlər heç də ancaq gənc təbəqə üçün deyildi. Dünyəvi mövzulara cavan müəllifin yanaşması zalda hər kəsi düşündürəcək gücdə idi. Zatən Bayqonurun da əsas məqsədi budur. İnkişaf etdirən bir platforma olmaq, dəstəkləmək, inanmaq və kiminsə mövcud potensialını üzə çıxarmağa dəstək olmaq. Təsadüfi deyil ki, məhz bu xüsusiyyətlərinə görə ona maraq təkcə Almatı şəhərindən, bütün Qazaxıstandan da yox, bütün Mərkəzi Asiya ölkələrindən xüsusilə hiss edilirdi. Məhz NETPAC mükafatında da coğrafiyanı bizə yaxşı tanıdan təqdim edilən filmlər vasitəsilə oldu. Qırğızıstan, Azərbaycan və Qazaxıstandan filmləri izləməklə biz həm də bu coğrafiyadakı tendensiyaları görmüş olduq. Əlbəttə ki, yerli filmlər arasında rəqabət daha güclü idi. Çünki əksər filmlər yerli idi. Əksər rejissorlar da gənc və tələbələr idi. Amma onların az yaşı filmlərinin dünyəvi mesajlarla zənginliyi, universal dildə danışa bilməsi ilə ziddiyyət təşkil edirdi. Bu baxımdan filmlərinə bu qədər əziyyət çəkib diqqət ayıran hər bir gənc qazax rejissora təşəkkür etməliyəm.
Bu yerdə bildirim ki, bu festival hər il regionda baş verən tendensiyaları, hadisələri diqqətlə izləyir və qaynar mövzuları müzakirə etmək üçün yaradıcı platforma yaradır sanki. Bu il Bayqonurun diqqət mərkəzi gender bərabərliyi, qadınlara qarşı diskriminasiya, qadın mövzularının çoxluğu idi. Buna dəstək olaraq jüri heyətində qadınların təmsilçiliyi, masterklas mövzularında bu mövzunun qabardılması məni çox şad etdi. Təsadüfi deyil ki, NETPAC münsifinin hər üçü qadın idi. Azərbaycanda məşhur bir cümlə var ki, “Qadın – qadının qurdu yox, yurdu olmalıdır.” Bu cümlənin praktiki formasını mən Almatıda gördüm. Üç münsifin yaşca ən cavanı mən olsam da, tamam dəstəyi və inamı hiss edərək, sədr vəzifəsinə məni seçdilər.

Bu festival diqqətəlayiq əksər filmlərin beynəlxalq arenada daha çox tanınmasını istəyir nəinki bir çox mükafat alan bir filmin. Bu baxımdan, qalibi seçərkən bizə biraz çətin olsa da, buna ciddi əməl etdik. Biz təkcə ən güclü, ən yaxşını seçmək üçün orada deyildik. İstedadı olan, söz deməyi bacaran, filmində mesajı tamaşaçıya ötürə bilmiş əlbət ki, həmişə tək film olmur. Bu dəfə də elə oldu. Hamının ortaq qərarı ilə qalibiyyəti “Ənsər” filminə verdik. Çətinlikdə yaşayan ananın məsuliyyəti, iş vəzifəsi, yoxsa analıq instinkti? Ana ən həssas insandır, amma işi də vaxtında görmək lazımdır. Lakin fiziki işdə ona kömək etmək istəyən kiçikyaşlı oğlan Ənsər həm də məhəllədə futbol oynamaq istəyir. Lakin anasına da söz verir ki, ona işlərdə kömək edəcək. Bəs nə qalib gəlir? Uşaqlığını yaşamaq istəyən uşağın arzusu yoxsa binada təmizlənməli olan yerləri bitirmək? Ana nəyi seçir? İnsanlığı, mehribanlığı və övladına uşaqlığını yaşamaq üçün azadlığı, ya həyatın gətirdiyi məcburiyyəti? Ağ-qara formatda çəkilən bu film bəzən unutduğumuz, amma həyatın ən vacib suallarını önə çıxarır. Ana-oğul münasibətini qısa formada amma konkret göstərir. Təbii ki, filmin metrajını biraz da uzada bilərdi. Amma əksər yerli filmlərin çox az büdcə ilə çəkildiyini nəzərə alsaq bu gənc komandaya bizdə böyük simpatiya yarandı və beləliklə qalibiyyət rejissor Anurbek Xamitova verildi. Buna baxmayaraq bizim beşliyimizdə olan filmlərdən Helios, Keeping anonymity, Qaran, Berkut kimi filmlər yerli kateqoriyada münsiflərin fərqli mükafatlarına layiq görüldü.

Təkcə nümayiş etdirdiyi filmləri ilə yox, zəngin kino proqramı, ilk Almatı serial festivalına ev sahibliyi etməsi, qaliblərə verilən pul dəstəyi və mükafatları, “Critics lab”, Yakut kinosunun tarixi və müasir tendensiyalar (Sardanı Savvinoy), Müstəqil Qazaxıstan kinosu kitabı, (Gülnarə Abıkeyeva), Mərkəzi Asiya və Qazaxıstanın bədii filmlərində qadın obrazı” (Aidə Maşurova), “Arzusu olan qadınlar, ruhu olan filmlər” adlı bədii film panel sessiyası, “Qadınlar öz həqiqətləri, film yaddaşı ilə” sənədli film panel sessiyası və daha bir çox fərqli masterklasları ilə Bayqonur doğrudan da tək Qazaxıstanın yox, bütün Mərkəzi Asiyanın aparıcı film festivalı, kino sahəsində mədəniyyət platforması əzmindədir.
Dağların əhatələdiyi almaların şəhəri Almatıya yolunuz düşsə bir çox simvolları özündə birləşdirən Bayqonuru axtarın. Axtarın ki, Mərkəzi Asiyanın və Qazaxıstanın o köçəri, təbiətlə harmoniyanı təbliğ edən həyat inanclarını, türkçülüyün qədim izlərini tapasınız. Azadlığın vəhşi çağırışçısını, ucsuz-bucaqsız çölləri, başı qarlı dağları, mədəniyyətin inkişafı üçün hər çətinliyə hazır olan cavanları, dəstəyi sənə sevə-sevə təmin edən təcrübəli kino işçiləri və heç nəyə boyun əyməyən azad ruhlu filmlər vasitəsilə daha dərindən hiss edəsiniz.
Növbəti Bayqonurda görüşənədək!

