“Onun qəribə taleyi” sənədli-bədii filminin təqdimatı oldu

Noyabrın 2-də Nizami Kino Mərkəzində görkəmli teatr və kino aktrisa, Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunan “Onun qəribə taleyi” sənədli-bədii filminin təqdimatı oldu.

Nizami Kino Mərkəzində keçirilən təqdimatda tanınmış ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, xalq artistinin həmkarları və yaradıcı gənclərin nümayəndələri iştirak ediblər.

Mərhum aktrisanın evində, çalışdığı teatrlarda və “Azərbaycanfilm” kinostudiyasında çəkilən filmdə sənədli kadrlardan geniş və yerində istifadə olunduğu kimi, eyni zamanda bədii xüsusiyyətlər də filmə rəngarənglik qatıb.

Xüsusilə aktrisanın ilk sənət addımlarını atdığı Milli Teatrda səhnələşdirilən tamaşalarda- “Nişanl qız”, “Mənim günahım”, “Təhminə və Zaur”, “Medeya”, “Xurşidbanu Natəvan”, “Büllur sarayda”, eyni zamanda Bakı Bələdiyyə Teatrıda səhnələşdirilən bir çox tamaşalardan səhnələr də yer alıb.

Xalq yazıçıları Anarın, Elçinin, teatr rejissoru Mərahim Fərzəlibəyovun, kinorejissor Elxan Qasımovun, tənqidçi Əsəd Cahangirin, Xalq artistləri – Ramiz Məlikin, Nurəddin Mehdixanlının, Səidə Quliyevanın aktrisanın yaradıcılığı ilə bağlı fikirləri filmdə öz əksini tapıb.

Qeyd edək ki, bir sevgi tarixçəsi üzərində qurulan “Onun qəribə taleyi” filmində Amaliya Pənahovanın 45 illik məhəbbət hekayəsi – tələbəlik illərindən başlayan həyat yolunun keşməkeşli və mübarizə dolu olması, sonralar yaratdığı Bələdiyyə Teatrındakı fəaliyyəti, və nəhayət ictimai xadim kimi kürsüdən vətəndaşlıq mövqeyindən çıxış etməsi və s. məqamlar filmdə diqqətə çəkilir və böyük ekran vasitəsilə həmin anları izləmək daha da həyəcan verirdi.

Filmin ekrandan olan təsirilə millət vəkilləri- Sabir Rüstəmxanlının, Nizami Cəfərovun, Xalq yazıçısı Elçinin canlı səhnədən aktrisanın parlaq istedadına söykənən çıxışları tamaşaçı auditoriyası tərəfindən böyük rəğbətlə qarşılandı. Bəlkə də ona görə ki, həmin təqdimatda bütün tamaşaçılar Amaliya Pənahovanın işığına yığışmışdı, onu keçdiyi yoldan keçməyə və həyat tərzinə boylanmağa can atırdı.

Görkəmli aktrisanın teatra gəlişi, ilk tamaşası ilə şöhrət  qazanması, kino üçün kəşf olunraq önəmli sənət nümunələrində yer alması, rejissor kimi tamaşalar hazırlaması və s. hər biri onun qazandığı uğurların əslində arxasında necə gərgin əmək, zəhmət olmasından xəbər verirdi.

O, bir teatr kraliçası idi, gəldi, rolunu oynadı, çoxlarının sadəcə həsəd etdiyi, ancaq aşa bilmədiyi yollardan keçdi və zamanında da səhnəni tərk etdi…

Bu, onun qəribə taleyinin sadəcə kiçik bir parçası idi. İllər keçəcək, ancaq Amaliya Pənahovanın yaradıcılığı daima araşdırılacaq, təhlil ediləcək və o tamaşalarında, tamaşaları isə onda əbədi yaşayacaq…

İctimai Televiziyanın təşəbbüsü ilə çəkən filmin ssenari müəllifi Vidadi Hüseynov, quruluşcu rejissoru Ruslan Hüseyn, prodüseri Əziz Əliyev, layihənin rəhbəri isə Tural Sevdimalıdır.

Filmdə Amaliya Pənahovanın obrazını aktrisa Aygün Fətullayeva canlandırıb. Eyni zamanda filmdə Elnur Məmmədov, Əhməd Salahov, Şahzadə Babayeva, Zülfiyyə Məmmədova və digərləri yer alıb.

aki.az