Fevralın 18-də “Azərbaycan” CinemaPlus-da məşhur italyan rejisoru Federiko Fellininin “Orkestrin məşqi” bədii filminin nümayişi baş tutdu. Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə keçirilən tədbiri moderator, kinotənqidçi Sevda Sultanova açdı:
“Fellini ilə bağlı belə bir məşhur hadisə danışırlar: Günlərin birində o, filminin nümayiş olunduğu zala daxil olur. Zalı böş görən Fellini “mənim tamaşaçım artıq ölüb” deyir. Ola bilsin, bunu ciddi sənətə münasibətdə deyib. Amma bugünkü anşlaq göstərir ki, Fellininin tamaşaçısı heç zaman tükənməyəcək. Bu gün baxacağınız “Orkestrin məşqi”ni nümayişdən sonra sənətşünas, Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Nadir Bədəlovla birgə müzakirə edəcəyik. Çalışacağıq ki, təkcə bu filmdən yox, həm də Fellininin dünya kinosundakı əhəmiyyətinin nədən ibarət olduğu haqda danışaq”.
Nümayişdən sonra müzakirə baş tutdu. Sənətşünas Nadir Bədəlov “Orkestrin məşqi”nin bu gün üçün də aktuallığını qeyd etdi: “Bu gün filmə baxdım və deyirəm ki, görəsən, axtarsaq, belə bir müasir film tapa bilərikmi? Tramp hakimiyyətə gələndə, məşhur amerikalı aktyorlar onu tənqid edirdilər. Sən necə aparırsan özünü? Sən Amerika cəmiyyətindəsən. Hətta aktyor Robert de Niro onu duelə çağırmaq istəyib. Bu gün hazırkı vəziyyəti “Orkestrin məşqi”ndə gördük. Dörd il keçib və indi hamı Trampın ağzına baxır ki, görəsən, o, nə deyəcək”.

Sonra moderator filmin yaranma ideyasından danışdı:
“Fellini bir gün küçədə asfaltın söküldüyünü görür. Asfaltın altındakı torpaq ona qorxulu cəngəlliyi xatırladıb. Düşünüb ki, sivilizasiyanı cəngəllikdən ayıran qat kövrəkdir, bu müdafiə qatı çatlasa, dəhşətli şeylər baş verə bilər. İnsan təbiəti də belədir. Biz instinktlərimizi özümüzün mədəni davranışlarımızla gizlədirik. Amma cəmiyyətdə, sosial münasibətlərdə nəsə çat versə, instinktlər üzə çıxaraq, idarəolunmaz hala gəlib hər şeyi alt-üst edər. Filmin yaranmasına gətirən başqa hadisə isə belə olub. “Kazanova” filminin çəkiliş prosesindən telereportaj hazırlanırmış. Orkestrin məşqi zamanı dirijor işini yarımçıq qoyub, telekanaldan buna görə pul tələb edir. Və bu film mahiyyətcə, İtaliyanın 1970-1980-ci illər siyasi hadisələrinə rejissorun reaksiyasıdır. Fellini iki fərqli vəziyyəti birləşdirərək, siyasi vəziyyətin maraqlı kinometaforasını, bədii həllini tapır və bunu orkestrin fəaliyyəti, musiqi vasitəsilə ifadə edir”.
Tamaşaçılardan biri, gənc yazıçı Yusif Bidan filmin siyasi tərəfindən danışdı:
“Diqqətimi çəkən bir allüziya oldu. Dirijor, müsahibəsində Avropanın müxtəlif ölkələrindəki mülkiyyətlərini sayarkən, birdən sağ əlini silah kimi sol dizinə tutur və deyir: “Məni cəzalandıra bilərlər” Sol diz allüziyası həmin dövrün italyan marksist-leninist şəhər gerillası olan “Qırmızı Briqada”nın siyasi qətllərindəki simvolu idi. Onlar inqilabi hərəkat uğrunda öldürdükləri hökumət nümayəndələrinin sol dizlərinə atəş açırdılar. “Qırmızı Briqada”nın ən səs-küylü aktı isə İtaliyanın baş naziri Aldo Moronun oğurlanması və qətlə yetirilməsi idi. 1978-ci ili italiyasında Anderotti hökumətində iki partiya – İtaliya Kommunist Partiyası və Xristian Demokrat Partiyası danışıqlar aparırdı. Parlamentdən, hökumətdən kənar “Qırmızı Briqada”nın isə siyasi taktikası şəhər gerillası formasında idi. Yəni onlar danışıqların birmənalı əleyhinə idi. Əslində, briqadanın üzvləri sonrakı illərdə verdiyi açıqlamalarda deyirdilər ki, əsas məqsədləri, elə Anderottinin özünün oğurlanması və qətli yetirilməsi imiş, lakin onun mühafizəsi keçilməz olduğundan qırmızılar Aldo Moronu hədəf seçirlər və sabiq baş naziri qaçıraraq qətlə yetirirlər.
Fellininin bu filmi mənə həm də rejissor Elio Petrinin 1971-ci ildə çəkdiyi “İşçi sinifi cənnətə gedir” filmini xatırlatdı. Düzdür, ekranda görürsən ki, musiqiçilər səliqəli geyinib, taraş olunublar, ətirləniblər və Petrinin zavodundakı fəhlələrə oxşamırlar. Amma Petrinin zavodunda işçilər Həmkarlar İttifaqından narazı idi, elə Fellininin məbədində də vəziyyət eyni idi. Petrinin zavodunda baş verən açıq siyasi qarşıdurmalar Fellininin musiqi məbədində nisbətən liberal təbiətdə olsa da, mövcud idi. Deməli, Marksın proletariat adlandırdığı sinfin əyninə nə geyinməsinin, əməyini hansı şəraitdə satmasının əhəmiyyəti yoxdu. Onlar başlarının üstündə həmişə eyni simaları görür. Film dəmir iradənin, görünməz əlin ya da oruellsayağı desək, “böyük qardaşın” yerini də müzakirəyə açır. Sonda, düşünürəm ki, müasir insan filmlərdə Bertold Brextin təbirincə, eyniləşmə və katarsis yox, həyatın düzgün əksini axtarmalıdır”.

Kinotənqidçi Hacı Səfərov isə filmin mifik qatından danışdı: “Fikir veririsinizsə, sonda arfa yiyəsiz qaldı. Musiqi alətlərinin münasibətində maraqlı məqamlar vardı. Məqamlardan biri onların bir-birilə konfliktdə olması idi. Yalnız arfanın digər musiqi alətlərilə konflikti olmadı, onun ifaçısı musiqinin müqəddəsliyindən danışırdı. Fellini çox maraqlı vurğu edib. Arfa, Apollon tərəfindən yaradılıb. Apollon musiqi tanrısı olaraq, bundan sonra digər musiqi alətlərini yaradır. Apollonun təmsil etdiyi keyfiyyətlərdən biri ağıldır. Mən elə düşünürəm ki, bu hekayədə ağlın yiyəsiz qalması hərc-mərcliyə gətirir. Avopada aydınlanmadan sonra, faşizm meydana çıxdı, texnologiyaların inkişafından pis istifadə olunur. Burada ağılla, işıqla hərc-mərcliyin, xaosun mübarizəsi var və bu filmin mənasını daha da genişləndirib”.

Nadir Bədəlov növbəti şərhində bunları qeyd etdi:
“Mən Fellinini demokrat kimi tanımıram, Berqmanı da. Amma burada o, dirijoru diktator kimi vermir. Fellini ona xilaskar kimi baxır. Çünki məbəddə xaos baş verir, insanlar heyvanlaşırlar. Və rejissor, dirijoru aşağıdan yuxarı təsvir etməklə yüksəldir. İtalyanlar həmişə qürurlanıblar ki, biz Roma imperiyasının varisləriyik. Filmdə bir növ dağıntıların simvolunu verir. Roma imperiyası, sezarlıq, filmdə alman əsilli dirijorun gəlməsilə Avropa təzədən quruldu. Bu, instruksiyadan çox konstruksiyadır”.
Moderator, filmin kinematoqrafik tərəflərinə toxundu:
“Fellininin filmlərindəki komizm, qrotesk, güman ki, onun vaxtilə karikaturaçı işləməsilə bağlı idi. Ona görə, demək olar ki, onun bütün filmlərində, həmçinin, “Orkestrin məşqi”ndə karikatura intonasiyası var. Müsahibə metodu imkan verir ki, bütün qəhrəmanları tanıtsın. Əksər səhnələrdə arxa fonlar hərəkətlidir, telereportaj estetikası dinamikliyi əsaslandırır. İki nəfərin dialoqu zamanı, digər qəhrəmanları göstərməsi, yaradıcı, məişət söhbətlərinin arasında siyasi kontekstli tək-tük fikirlərin sanki təsadüfən fikir axınına girməsi, hər bir qəhrəmanın özünəxaslığı məharətlə atmosfer davamlılığını qoruyur. Ümumiyyətlə, Fellininin filmlərini barokko stilinə aid edirlər: xəyal, illüziya reallıqla, absurd rasionallıqla qarışdırılır, detallar və obrazlar mübaliğəli göstərilir”.
Yazıçı, ssenarist Firudin Qurbansoy da film haqda fikirlərini bölüşdü:
“Filmin əvvəli və axırı bir-birini tamamlayır. Əvvəl məbədi və iki yepiksopun qəbrini göstərirlər. Keçmişdə bura ibadətxana olub, amma sonra, bu ibadətxana təhqir olunur. Yeraltı dünyadan xəbər verən siçovulu da öldürürlər. Yeraltı dünya da onlara maraqlı deyil. Xaosdan, tozanaqdan sanki tamaşaçı da nəfəs ala bilmir. Məbəd təhqir olunanda tozanaq qopur və dağıdıcı zərbəyə malik dəmir oranı dağıdır. Rejissor insanları ona səsləyir ki, məbədləri qoruyun, təhqir etməyin, harmoniya üçün istifadə edin”.

Kinotənqidçi İlqar Quliyev Fellininin rejissor kimi unikallığından danışdı: “Fellini elə bir müəllifdir ki, hər yaşda baxanda ona yeni bir pərdə və qat açılır. Filmin sloqanı belə idi ki, “Həyat qeyri-müəyyənliyin sonsuz məşqidir”. Musiqinin sakrallığı da burada qeyd olunur, dirijorun sondakı replikası “musiqi bizi xilas edəcək” buna işarədir. Bu film E.Ryazanovun “Qaraj”, L.Bunüelin “Məhvedici mələk” və S.Lümetin “On iki qəzəbli kişi” filmlərini xatırlatdı. Bu filmlər də bir məkanda çəkilib və qəhrəmanlar müəyyən problemi həll etməyə çalışırlar və həll yolu tapandan sonra, həmrəy olandan sonra qapalılıqdan qurtula bilirlər. Hamının həmrəyliyə ehtiyacı var”.

Nadir Bədəlovun fikrincə, bu film sadə tamaşaçı üçün deyil: “Film dövrün həqiqətidir. Bədii əsər sabahkı günü xəbər verir. Sabahkı günə yol göstərir. “Qraf Monte-Kristo” əsərində yazılanlar, sonradan Fransa tarixində gerçəkləşdi. Qovoruxinin bir filmi var: “Voroşilov atıcısı”. Bu kimi əsərlər konstruksiya rolunu oynayır. Kinonun təməl funksiyalarından biri – xilas etməkdir. O, xilas etmək funksiyasını burada işə salır. Fellini, filmi telerepotaj estetikasında çəkir və bu, dünyadan reportaja çevrilir”.
Qeyd edək ki, “Orkestrin məşqi” filmi orijinal dildə, azərbaycanca subtitrlərlə nümayiş olunub. Filmin ssenari müəllifləri Federiko Fellini, Brunello Rondi, operatar Cüzeppe Rotunno, bəstəkarı Nino Rotadır.
aki.az