Orxan Fikrətoğlu: Mədəniyyət Nazirliyinin siyasəti, yeni dalğanı yaratmaqdır

Türkiyə ilə hər sahədə olduğu kimi, kino sahəsində də əlaqələr genişlənməkdədir. Bu baxımdan da artıq ölkəmiz qardaş ölkə ilə müştərək film istehsalına başlayır. Bu barədə mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu “Real” Tv-yə müsahibə verib.

Aparıcı Kamran Qasımov, söhbətə yenicə fəaliyyətə başlamış, kino mexanizminə nəzarət edən AR Kino Agentliyinin kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsini, Azərbaycan kinosunun beynəlxalq rəqabətə davamlılığının təmin edilməsini, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsini diqqətə çəkib.

Hazırda Azərbaycanda kino siyasəti hansı səviyyədədir? Müştərək film istehsalı, bu istiqamətdə olan müzakirələr və s. sualları mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu belə cavablandırıb:
“Mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nazirliyin nümayəndə heyəti Türkiyədə rəsmi səfərdə oldu. Səfər zamanı müxtəlif görüşlər, müxtəlif şöbələr üzrə ikitərəfli danışıqlar aparıldı, o cümlədən, kino sahəsi müzakirə mövzusuna çevrildi. Kino sahəsində Azərbaycan və Türkiyə əlaqələri bir daha gözdən keçirildi və müştərək addımlar atmaq üçün qərarlar qəbul olundu. Azərbaycan kinosunun tarixinə tamamilə yeni formada, yeni fəlsəfi yanaşma ilə baxmaq, yeni kino ailəsi yaratmağa dövlət olaraq maraqlıyıq. Çünki Azərbaycan gerçəkliyini, ölkəmizin informasiya savaşının bir hissəsi olaraq dünyaya yaymağa maraqlı olan amillərdən biri, bəlkə də birincisi elə kinodur. Müxtəlif festivallara çıxış, və festivallar çərçivəsində Azərbaycan həqiqətlərini, Azərbaycan insanının varlığını, dərdini dünyaya yaymaq hər birimizin, cəmiyyəti düşündürən amillərdən biridir. Bu baxımdan kinematoqrafiyanın inkişafı xarici əlaqələrdən keçir. Çünki festivalların xarici ölkələrdə keçirilməsi və bu festivallarda bizim təmsil olunmağımız, həmin ölkənin Azərbaycana olan siyasi və diplomatik münasibətindən də asılıdır. Bildiyimiz kimi, Türkiyə və Azərbaycanın Şuşa Bəyannaməsindən sonra həm hərbi, həm diplomatik, həm də siyasi zəmində bir olması mədəniyyətimizə də öz təsirini göstərdi, xüsusilə kino sahəsinə”.

O.Fikrətoğlu söhbət əsnasında “Bozdağ” kino şirkətilə olan əməkdaşlıqdan da söz açaraq bildirib ki, şirkətin yaradıcısı və rəhbəri Mehmet Bozdağla uzun illərdir başlayan və bir qədər ləngimiş layihə artıq həyata keçirilməyə başlayır:

“Layihə Azərbaycanın 44 günlük müharibədə göstərdiyi qəhrəmanlığa, şücaətə həsr olunub. Daha sonra müştərək bir layihəmiz də olacaq – Azərbaycanın tarixi və bu tarixdə türk qardaşlarımızın rolu – və beləliklə layihələrimiz davam edəcək. Ümumiyyətlə, Azərbaycan-Türkiyə əlaqələri Türkiyənin mədəniyyət naziri Mehmet Nuri Ersoyun dediyi kimi, Türkiyə üçün də strateji əhəmiyyətə malikdir. Mədəniyyət naziri Adil Kərimli də bu barədə deyir ki, bizim Türkiyə ilə, ümumiyyətlə, qardaş ölkələrlə birlikdə addımlamağımız, mədəniyyətimizin dünyaya çıxması baxımından da çox mühümdür”.

Vətən müharibəsi haqda çəkiləcək filmin serial, yoxsa film şəklində olması ilə bağlı suala O.Fikrətoğlu cavabında bildirib ki, serial formatında olmayacaq: “Ancaq, danışıqlar tam olaraq bitməyib. Biz artıq istehsalın başlamasında maraqlıyıq. Çünki 2 ilə yaxındır ki, filmin istehsalatında ləngimə var. Ümumiyyətlə tez bir vaxtda layihələrin hamısını istehsalata buraxmaq fikrindəyik”.

Müsahibədə O.Fikrətoğlu Türkiyənin TRT kanalının rəhbəri Mehmet Zahid Sobacı ilə olan görüşündən bəhs edib: “M.Sobacı Azərbaycanı sevən, ölkəmizə hərtərəfli hörmət edən ziyalılardan biridir. Onunla olan görüşümüz çox uğurlu alındı. Görüşdə müştərək görüləcək sənədli filmdən danışdıq. Yaxın günlərdə TRT-nin nəzdində fəaliyyət götərən TRT Belgesel kanalı Azərbaycana gələcək. Belə ki, ümumtürk tarixilə bağlı, Azərbaycanın tarixi və türklərin bu ərazidə izləri ilə bağlı silsilə sənədli filmlərin istehsalına start veriləcək. Bütün bunlar müştərək layihələr olacaq. Bu baxımdan da müştərək layihələrdə Azərbaycan kinematoqrafçıları da iştirak edəcək ki, bu da yeni iş yeri deməkdir. Bundan başqa, TRT ilə ustad dərslərinin təşkil olunması ilə bağlı razılıq da əldə etdim. Razılığa əsasən, həmin sənəd yaxın günlərdə imzalanacaq. Belə ki, TRT Azərbaycanda, ARKA çərçivəsində yeni animasiya, sənədli filmlərin, eləcə də serialların çəkilməsilə bağlı kurslar açacaq”.

Ümumiyyətlə kino sahəsinin sənayeləşməsi çox böyük gəlir deməkdir, deyən O.Fikrətoğlu onu da xatırladır ki, ARKA 2 il dövlət tərəfindən maliyyələşəcək, növbəti 3-cü ildə artıq maliyyələşməyəcək. Buna görə də proqramımız yeni meydanın yaranması deməkdir. Yeni meydanda prodüser şirkətləri yaradılacaq və stimullaşdırılacaq, kino özü-özünü doğruldacaq və özəl dövlət münasibətləri fonunda təkmiləşdiriləcək. Bir sözlə, tamamilə yeni bir sənaye baxışından söhbət gedir. Bizim bir çoxlarımzın zehnində köhnədən qalan – donor yalnız dövlət olmalıdır, bir mənbədən pul gəlməlidir və hamı bu mənbəyə doğru işlərini qurmalıdır, fikirləri dəyişir. Artıq bizim görüntüdə kino yeni bir fəlsəfə üzərində qurulacaq ki, bu da kino bazarının yaranması ilə başlayacaq.

ARKA-nın keçirdiyi müsabiqə və onun nəticələrinə gəlincə, O,Fikrətoğlu bildirib ki, Mədəniyyət Nazirliyinin siyasəti, təbii ki, yeni dalğanı yaratmaqdır. Önəm verdiyimiz tərəf isə tələbə və gənclərin gündəmə gətirilməsi, onların yeni dalğa olaraq, Azərbaycan kinematoqrafiyasına transfer olmasıdır.

O da qeyd olundu ki, müsabiqə hələ ki, bitməyib, müsabiqənin ən vacib şərti pitçinqdir. Ekspert şurası müəyyən layihələri artıq pitçinq mərhələsinə buraxıb. Orada müxtəlif prodüser şirkətlərini təmsil edən filmlər var. Hətta elə filmlər var ki, əsas maliyyəni özü ödəyir, dövlətdən müəyyən maliyyə istəyir. Ekspert şurası ilk mərhələdən keçən prodüser layihələrini AR Film Fonduna dəvət edəcək, bir çoxlarını maraqlandıran suallara orada cavab tapılacaq. Müsabiqəyə göndərilən hər bir ssenari haqqında, hətta yarımçıq ssenarilər haqqında belə resenziyalar hazırlanıb. O.Fikrətoğlu qeyd edir ki, resenziyalar müəlliflərə veriləcək, kimsə razılaşmasa, apellyasiyaya şikayət edə biləcək iki, bizim apellyasiya mexanizmimiz də var: “Apellyasiya mexanizmində Mədəniyyət Nazirliyinin İctimai Şurası, mütəxəssislər, Türkiyəli rejissor, ssenarist, prodüser Semih Kaplanoğlu kimi dünya miqyasında tanınan kinematoqrafçılar var. Onların hər biri öz rəyini bildirəcək”.

O.Fikrətoğlu islahatlarla bağlı suala da cavab verib: “30 ildə baş verməmiş bir prosesi çox tez bir zamanda icra etməyi düşünürük. Daha çox Azərbaycan cəmiyyətinin, xüsusuilə, kino ictimaiyyətinin bizə sifarişi budur ki, 30 ildə dəyişməyən Sovet zehniyyətini 10 gün içində dəyişək, bu, əlbəttə ki, mümkün deyil. Öncə yeni bir meydan, yeni bir kino aləmi yaradılmalıdır. Ona görə, prodüserlər yetişdiririk, ssenari inkişaf proqramları yaradırıq. Yeni kino dalğası, azərbaycanlı məzmununu kinematoqrafiyaya gətirilməsi, Azərbaycan həqiqətlərinin, dövlət maraqlarımızın, müharibədə qazandığımızın qələbənin ekrana gətirilməsidir”.

O.Fikrətoğlu son olaraq onu da xüsusilə qeyd edib ki, tələbə layihəsi onun arzusudur: “Çünki illərlə Mədəniyyət və İncəsənət Universitetini bitirmiş gənclər işsiz qalırdılar. Biz artıq onların hər birinə Mədəniyyət Nazirliyi tərəfindən maliyyə ayırırıq və onlara özlərini göstərmək şansını veririk. Yalnız Mədəniyyət və İncəsənət Universiteti deyil, eləcə də digər kino məktəbləri də bura cəlb olunub, onlar arasında özəl məktəblər də var, Rüstəm İbrahimbəyovun yaratdığı Kino Məktəbinin tələbələri də var və s. Bu gənclərin arasından seçiləcək rejissorlar gələn il xüsusi proqram çərçivəsində təhsil almaq üçün Avropaya göndəriləcəklər. Artıq bir neçə il sonra bizim, kino dilində danışmağı bacaran, dünya kino dilini mənimsəmiş rejissorlarımız olacaq. Ancaq bu o demək deyil ki, biz köhnə tariximizin üzərindən xətt çəkirik. Əksinə “Azərbaycanfilm” kinostudiyasının, uzun illər Azərbaycan kinosunun yetişdirdiyi adların da qorunmasında maraqlıyıq. Bu günlərdə görkəmli rejissor Rasim Ocaqovun, görkəmli aktyor Həsən Məmmədovun yubileylərini keçirəcəyik ki, bu da bizim kino irsimizə olan hörmətimizdən irəli gəlir”.

aki.az