Özbəkistan Azərbaycan alimindən film çəkir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə bu ildən etibarən Özbəkistanın tanınmış klassik şair və yazıçıları haqqında, sənədli və bədii filmlərin çəkilməsi, eyni zamanda onların əsərlərinin yenidən nəşr olunması həyata keçirilməyə başlayıb.

Azərtac-ın məlumatına görə, “Özbəkkino” Milli Agentliyinin sifarişi ilə Özbəkistanın “First Art Media” şirkəti “Maqsud Şeyxzadə: azadlığa can atan şair” adlı filmin çəkilişinə start verilib.

Xatırladaq ki, “Özbək ədəbiyyatının Şekspiri” adlandırılan Maqsud Şeyxzadə 1908-1967-ci illərdə yaşayıb yaradıb, şair, dramaturq, ədəbiyyatşünas, tərcüməçi və pedaqoq kimi fəaliyyət göstərib və yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biridir. Onun həyat və yaradıclığına həsr olunan bir çox filmlər çəkilib.

“Maqsud Şeyxzadə: azadlığa can atan şair” filminin çəkilişlərinin bir hissəsi Azərbaycanda, şairin doğulduğu Ağdaş rayonunda aparılacaq.

Özbəkistanın “First Art Media” şirkəti, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Özbəkistan və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin dəstəyi ilə hazırlanan sənədli filmlə bağlı artıq Özbəkistanda müəyyən işlər görülüb, ölkədə bir sıra çəkilişlər aparılıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, Maqsud Şeyxzadə öz yaradıcılığı ilə iki xalq arasında dostluq körpüsü yaradıb: “Hüseyn Cavid, Abdulla Şaiq kimi klassiklərimizdən dərs alan Maqsud Şeyxzadənin əsərlərinin özbək ədəbiyyatının inciləri siyahısına daxil edilib”.

Filmin çəkilişləri başa çatdıqdan sonra Daşkənd və Bakıda təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulub.

aki.az