Özbəkistan və Azərbaycan kinematoqrafçıları əməkdaşlıq edəcək
Özbəkistan və Azərbaycan kinematoqrafçıları arasında əməkdaşlıq məsələləri, təcrübə mübadiləsinin aparılması kimi məqamlar müzakirə olunub.
Müzakirə Özbəkistan Kinematoqrafiya Agentliyinin baş direktoru Firdavs Abduxalikov, Azərbaycan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov, “Filming Azerbaijan”ın direktoru İlkin Məmmədli və Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanovla onlayn görüşdə baş tutub. Bu barədə Azərtac Özbəkistan Kinematoqrafiya Agentliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Qeyd edək ki, görüşdə Özbəkistan Prezidentinin təşəbbüsü ilə Daşkənddə keçiriləcək “İpək Yolu dürdanəsi” beynəlxalq kinofestivalında Azərbaycan kinematoqrafçılarının iştirakı məsələlərindən də bəhs olunub.
F.Abduxalikov bildirib ki, bundan sonra hər iki ölkənin kinematoqrafçılarının iştirakı ilə birgə layihələrin həyata keçirilməsi istiqamətində işlər görüləcək.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov bildirdi ki, Özbəkistan kinematoqrafçıları ilk dəfə deyil ki, Azərbaycan kinosunun qapısını döyürlər: “Bildiyimiz kimi, Özbəkistan kinosunun illik büdcəsi yüksəkdir, çəkilən filmlərin sayı çoxdur. Özbəkistan Azərbaycan mədəniyyəti bir-birinə çox yaxındır. O da təsadüfi deyil ki, “Qaynana” filmi Özbəkistanda ən çox baxılan, yüksək reytinqli filmlərdəndir. Bir neçə il öncə Nizami Kino Mərkəzində “Özbək Kinosu Həftəsi” keçirildi.
Həmin məqamda Özbəkistanın qonaq heyətilə Azərbaycan kinematoqrafçıları arasında maraqlı təkliflər oldu. Təəssüf ki, Kino şöbəsinin əvvəlki rəhbərliyi bu təklifləri iqnor etdi. Hesab edirəm ki, Kino şöbəsinin bu təşəbbüsü çox lazımlı və vacibdir”.
AKİ katibi onu da qeyd etdi ki, Orta Asiyada olan respublikalarla, türk cümhuriyyətləri ilə daha sıx əlaqələr qurmalıyıq: “Bu sadəcə birgə filmlər istehsal etmək deyil, eyni zamanda Azərbaycan filmlərinin orda TV-lərdə, kinoteatrlarda nümayişi, prokatı olmalıdır. Onu da unutmamalıyıq ki, Sovetlər Birliyin dövründə bizim filmlərin orda çox yüksək reytinqi olub”.
aki.az