“Peşəsi: ssenarist – qadın müəlliflər üçün ssenari emalatxanası” yekunlaşıb
Aprelin 7-də Narjih Gallerydə “Peşəsi: ssenarist – qadın müəlliflər üçün ssenari emalatxanası” layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirin moderatorluğunu kinoşünas Aygün Aslanlı edib.
Ssenari yazmaq və bu sahədə peşəkarlaşmaq istəyən qadın müəlliflər üçün nəzərdə tutulan bu layihə İsveçrə Əməkdaşlıq Təşkilatı və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə layihəsidir. Ümumi qəbul zamanı 25 müraciət daxil olub.
Tədbirdə layihə iştirakçıları öz bədii film ssenarilərini müzakirə ediblər.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov tədbirdə çıxışı zamanı hazırlanan ekran əsərində ssenaristlərin roluna diqqət çəkib. Əli İsa Cabbarov bildirib ki, film və serial sektorunda qadın ssenaristlərin sayını artırmaq lazımdır.
Layihənin təlimçisi, London Film Məktəbinin məzunu Cavid Zaidov bildirib ki, hazırda qadın ssenaristlərə tələbat çoxdur. O, bunu ekran əsərində qadın problemlərinə yetərincə diqqət ayrılmaması ilə əlaqələndirib.
Çıxışlardan sonra layihəni uğurla bitirən 8 qadın müəllifə sertifikatlar təqdim olunub. Təqdimatdan sonra layihənin Şəki mərhələsində çəkilmiş film nümayiş olunub.
aki.az