Piratçılığın səviyyəsi audio-video məhsul bazarında 90%-dən 57%-ə düşüb

Azərbaycanın audio-video məhsulları bazarında piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə 90%-dən 65%-dək azalıb. Hazırda vəziyyət necədir, nə kimi dəyişikliklər var, onu Əqli Mülkiyyət Agentliyinin ötən ilki hesabatından öyrənmək mümkün olacaq.

Apa-nın məlumatına görə, agentlik Azərbaycanda piratçılığın səviyyəsini açıqlayıb. Hesabata əsasən aidiyyəti dövlət qurumları ilə görülən birgə tədbirlərin nəticəsi olaraq 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 22%-ə, audio-video məhsul bazarında 90%-dən 57%-ə, proqram təminatında 96%-dən 71%-ə düşüb.

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev bildirir ki, ola bilsin, hansısa statistik rəqəmlər belə nəticəyə gəlməyə əsas verir, amma Siz məndən audiovizual əsərlərin – filmlərin müəllifi kimi və bu sahədə fəaliyyət göstərən ictimai təşkilatın rəhbəri kimi soruşsanız, mən qətiyyətlə deyə bilərəm ki, göstərilən bu nəticə – Əqli Mülkiyyət Agentliyin, müəlliflərin, məhkəmə sisteminin və digər dövlət qurumlarının bu istiqamətdə gördükləri məqsədyönlü və ardıcıl fəaliyyətinə tamamilə uyğun gəlmir: “Yəni ən azından bu faiz 10-20-yə düşməli idi ki biz, yəni müəlliflər bunu hiss eləsinlər… Bəs nədir problem!? Biz artıq 20 ildən çoxdur ki, audiovizual əsər müəlliflərinin hüquqlarının kollektiv idarəçiliyini həyata keçiririk və bu sahədə baş verən bütün proseslərin bilavasitə iştirakçısı olmuşuq. Bu illər ərzində, audiovizual məhsulların istifadəçiləri olan bütün təşkilatları, müəllif hüquqi ilə bağlı bütün qanunvericilik, o cümlədən normativ-hüquqi sənədlər haqqında ətraflı məlumatlandırmışıq. Adama elə gəlir ki, normal təşkilat üçün nə problemdirdir ki: qanun var, onun icra mexanizmiləri var, dövlətin icra hakimiyyəti orqanının rəyi var, hətta Ali Məhkəmənin qərarı da – ancaq istifadəçi icra etmir ki, etmir! Bu təşkilata normal təşkilat demək olarmı?”.

H.Mehdiyev qanunu pozanın “Connect” TV-nin olduğunu bu təşkilatı yenidən məhkəməyə vermək məcburiyyətində olduqlarını bildirir: “Bundan əvvəl məhkəməmiz 3-4 il çəkdi, yenisi də bir 3 il çəkər… Yenə hamı işini-gücünü atıb bütün güclərini sərf edəcəklər məhkəmələrə. Məsələnin həlli isə çox sadədir… TV kanalın fəaliyyətinə lisenziya verən təşkilat MTRŞ-dırsə deməli onların qanuni fəaliyyətinə nəzarəti edən və qanun pozuntusu ilə bağlı tədbir görmək, yəni onun lisenziyasını dayandırmaq da onun səlahiyyətindədir. Bəs niyə tədbir görülmür? Yoxsa qanun pozuntusunu təsdiqləyən Ali Məhkəmənin Qərarları MTRŞ üçün əsas deyil? Neçə illərdir ki, biz TV kanalları müəlliflərin hüquqlarını pozmamağa çağırırıq və buna baxmayaraq yaradıcı insanların yaratdığı əsərlərdən istədikləri kimi istifadə edirlər, xüsusi ilə də sənədli və xronikal materiallardan, öz yaratdığı filmlərində və verilişlərində bolluca istifadə edirlər. Bu istifadə üçün nəinki icazə alınmır və müəlliflər bu istifadədən qonorar almırlar, hətta heç müəlliflərin adları da göstərilmir. Azərbaycanda ən böyük problem isə, heç bir istifadəçinin istifadə etdiyi əsərlərin dəqiq reestrinin aparılmamasıdır. Xarici kanallarda olan tcrübə isə bizimkilər üçün önəmli deyil…

Hər TV kanalda xüsusi müəllif hüquqların istifadəsinin “qeydiyyat şöbəsi” olur və o şöbə tv-nin istifadə etdiyi bütün xarici və yerli əsərlərin (film, musiqi, ədəbiyyat, foto və s.) və onlardan parçalarının istifadəsinin saniyəbə saniyə qeydiyyatını aparır və sonda hüquqsahiblərinə qonorarla birlikdə bu siyahını təqdim edirlər və bu bizim kimi təşkilatlar üçün xarici təşkilatlarla təmsilçilik münasibətlərində əsas sənəddir. Bis isə heç nə təqdim edə bilmirik, çünki bizim istifadəçilər üçün müəllif hüququ ikinci dərəcəli bir məsələdir!

Kinorejissorlar Gildiyasının sədri deyir: “Artıq bir ildir ki, Kinorejissorlar Gildiyası Əqli Mülkiyyət Agentliyinin nəzdində olan Əqli Mülkiyyət Hüquqların Təminat Mərkəzi ilə birgə Nazirlər Kabinetinin 2007-ci il 24 avqust tarixli 132 nömrəli Qərarına uyğun “Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarın minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları”nın icrasın başlanılmışdır. N.K.Qərarına uyğun Audiovizual məhsulların idxalçıları tərəfindən ödəniləcək qonorar üçün yollanılan müqavilələrə eyni münasibət görürük. Biz bu qənaitə gəlirik ki, sahibkarlar deyəsən Azərbaycanda “xüsusi statusa” malikdirlər və onlar üçün qanun yetərli deyil! Ancaq ölkədə problemi yaradan məmur yox, sahibkarlardır! Bəlkəm 5 dəfə məmurları danlayanda bir kərə də sahibkarları düzgün yola çağıraq?! Necə bilirsiniz… bəlkə bu kömək edər?”.

aki.az