Polad Bülbüloğlu -75
4 fevral Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, TÜRKSOY-un sədri, bəstəkar Polad Bülbüloğlunun dünyaya göz açdığı 75-ci ilin tamam olduğu gündür.
P.Bülbüloğlu geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınır. Eyni zamanda bir çox filmlərin (İstintaq davam edir” (1966), “Uşaqlığın son gecəsi” (1968), “Babək” (1979), “Sevinc buxtası” (1977), “Yol əhvalatı” (1980), “Qorxma, mən səninləyəm” (1981) və s.), teatr tamaşaları üçün yazılmış musiqilərin, simfonik poemaların müəllifidir.
1988-2006-cı illər Azərbaycanın Mədəniyyət naziri vəzifəsində çalışan P.Bülbüloğlu ölkənin mədəniyyətinə geniş töhfəlr verdi, mədəniyyətimizin inkişafında böyük rol oynadı.
2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi isə artıq onun ölkələr arasında mədəni əlaqələrin güclənməsində siyasi gedişlər etməsi ilə diqqəti çəkdi. Nahaq yerə demirlər ki, ən böyük siyasət elə mədəniyyət, mədəni təbliğatdır. Onun Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizələr, diplomatiyaya qoyulan məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələr, Dağlıq Qarabağa etdiyi səfərlərdə, Azərbaycanın maraqlarını qoruması və s. gördüyü işlər artıq tarixə yazılıb və mübarizə hələ bitməyib, mübarizə davam edir. Bəstəkarın vətənpərvərlik mövqesindən çıxış etməsi hər zaman təqdirəlayiqdir və məhz bu səbəbdən Azərbaycanda “2009-cu İlin Adamı” elan edildi.
Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, qorunmasında, dostluq əlaqələrinin daha da möhkəmlənməsində də böyük əmək sərf edir. Bu xidmətlərinə görə, Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb, “Şərəf” ordeni, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Hətta heykəltəraş və rəssam Zurab Seretellinin “Mənim müasirlərim” adlı heykəllər silsiləsi çərçivəsində abidəsi ucaldılıb. Bəstəkar 75 illik yubileyinə həsr olunan Moskva Myuzikl Teatrındakı ifası ilə bir daha sübut etdi ki, hələ görüləcək işlər çoxdur.
Azərbaycanın dəyərli sənətkarı Polad müəllimi doğulduğu bu gözəl gün münasibətilə ürəkdən təbrik edir, “daima var olun, yolunuz açıq, başınız uca olsun” deyirik.
Azərbaycan Kinematoqrafçılar İttifaqı