“Polşa kino günləri”nin açılışı “Balkondan kino” ilə başladı

Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı “Polşa kino günləri”nə start verib.

6 sentyabr Azərbaycan kinoteatrında Visla Polyak Film Festivalı ilə Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə keçən “Polşa kino günləri”nin ilk filmi – Pavel Lozinskinin “Balkondan kino” sənədli filmi nümayiş olunub. Nümayişin moderatorluğunu kinoşünas Sevda Sultanova edib.

Sənədli filmdə rejissor evinin eyvanında kamera quraşdıraraq 2 il ərzində 2000 insanla söhbətləşib, 80-ni hekayələşdirib.

Kamerasına tuş gələn adamlardan həyat haqqında düşüncələrini öyrənməyə çalışan Pavel Lozinskinin filmi izləyənlər tərəfindən marqla qarşılanıb.

Rejissor İlkin Yusif bildirib ki, Pavel Lozinskinin balkonu filmdə Tanrı obrazındadır. Kameraya danışanlar da sanki ora etiraf üçün gəlir: “Müəllifi struktor çox narahat etməyib. Sadəcə balkondan insanlarla söhbət etmək və ümumiyyətlə insan haqqında film çəkmək istəyib. Düşünürəm ki, bu müəllif tərəfindən atılmış kifayət qədər cəsarətli addımdır”.

AKİ-nin katibi, rejissor Əli İsa Cabbarov düşüncələrini bölüşərkən filmdə bədii canlandırma sezdiyini deyib: ““Mən “bomoj” xəttinin bəlkə aktyor oyunu ola biləcəyini düşünürəm. Çünki Lozinskinin bir filmi var ki, orada ana və qızı psixoloqun qəbulundadır. Orada adamı təəccübləndirəcək dialoqlar var. Filmin sonunda məlum olur ki, bu aktyor oyunudur”.

Kinoşünas Sevda Sultanova isə Əli İsa Cabbarovun fikrinə qarşı bildirib ki, Pavel Lozinski müsahibəsində sözügedən obrazın aktyor olmadığını deyib.

Filoloq Sədaqət Kamal qeyd edib ki, insanlar hamısı yol gedir, yuxarıdan baxan da onlardan nə məna axtarırsınız deyə soruşub: “Filmin sonunda bir qadın cavab verir ki, həyat elə özü mənadır. Bu fikir çox xoşuma gəldi”.

Xatırladaq ki,  “Polşa kino günləri” davam edir, tədbir çərçivəsində daha 3 film – 13 sentyabr – “Məsihin bədəni” bədii filmi,  20 sentyabr – “Antiqəhrəman” sənədli filmi, 27 sentyabr “İzlər qalmasın deyə” bədii filmi nümayiş olunacaq.

aki.az