“Polşa kino günləri”nin son filmi nümayiş olundu
Azərbaycan Kinematoqrafçılar İttifaqının “Visla” Polşa Film Festivalı ilə birgə sentyabr ayında həyata keçirdiyi “Polşa kino günləri” başa çatdı.
27 sentyabr “Polşa kino günləri” çərçivəsində son film, Yan Matuşinskinin “İzlər qalmasın deyə” bədii filmi göstərildi. Tədbirin moderatoru AKİ üzvü, kinoşünas Sevda Sultanova idi.
S.Sultanova qeyd edib ki, Matuşinski Yeni Polşa Kinosunun ulduzlarından sayılır: “Matuşinski sənədli filmlərlə yanaşı iki tammetrajlı bədii film çəkib. Müəllifin real hadisələrə əsaslanan “Sonuncu ailə” bədii filmi müasir Polşa kinosunda ən güclü debütlərdən biri sayılır. Film XX əsrin tanınmış rəssamlarından biri, postapokaliptik tablolar çəkən Zdzislav Beksinskinin ailə hekayəsindən bəhs edir. Film bir ailənin tədricən mənəvi və fiziki məhvə məhkum olmasından bəhs edir”.
Moderator onu da qeyd etdi ki, Y.Matuşinskinin bədii filmlərində müəllifin hadisələrə individual baxışından çox, faktoloji əsas güclüdür: ““İzlər qalmasın deyə” filmində hadisələr 1980-ci illərdə Polşadakı siyasi gərginlik fonunda baş verir. Siyasi etirazların fəallarından biri, şair Barbara Sadovskayanın oğlunu milislər qətlə yetirilir. Bütün film hadisənin yeganə şahidi Yurekin hakimiyyət orqanları tərəfindən satın almaq cəhdini, insanlara psixoloji təzyiqini təsvir edir”.
Ağır dramatik hekayəyə söykənən “İzlər qalmasın deyə” filmi tamaşaçılar tərəfindən maraq və gərginliklə izlənilib. Ümumiyyətlə tədbir çərçivəsində nümayiş olunan bütün filmlər müasir Polşa kinematoqrafiyasını təmsil edirdi ki, nəticədə də Azərbaycan tamaşaçısında yeni Polşa kinosu haqqında tam təsəvvür formalaşdırdı.
Xatırladaq ki, “Polşa kino günləri”ndə Azərbaycan kinoteatrında Pavel Lozinskinin “Balkondan kino” tammetrajlı sənədli filmi, Yan Komasanın “Məsihin bədəni” tammetrajlı bədii filmi, Mixal Kavetskinin “Antiqəhrəman” tammetrajlı sənədli filmi nümayiş olunub.
aki.az