Qələbəyə aparan gün...

27 sentyabr 2021-ci il Azərbaycanda anım günüdür…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin II Qarabağ Müharibəsi bitdikdən sonra Vətən müharibəsinin başladığı günü “Anım Günü” kimi qeyd etmək barədə 2 dekabr 2020-ci ildə imzaladığı  Sərəncamda deyilir: “Dövlət Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram ki, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin”.

Qeyd edək ki, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Ermənistan işğalçıları tərəfindən zəbt edilərək 30 il əsarətdə qalmasi yaxın tarixi keçmişdir. Bu illər ərzində Azərbaycan dövləti  işğalçılıq siyasətinə qarşı qətiyyət nümayiş etdirərək torpaqlarımızı sülh yoluyla azad etmək üçün çox çalışdı. İstər Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində, istərsə də onun layiqli davamçısı İlham Əliyevin prezident təyin oldunduğu gündən bu günə qədər göstərdiyi qətiyyət və ortaya qoyduğu mövqe xalqda böyük inam yaratmışdı. Bir qədər əvvələ qayıdaq:

2016-cı ilin Aprel döyüşləri…

Aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə baş verdi. Dörd gün davam edən və tarixə Aprel döyüşləri kimi yazılan həmin münaqişə Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri baş verən ən şiddətli döyüşlər idi. Rəsmi məlumata görə, Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir.

2020-ci ilin iyul döyüşləri…

12 iyuldan başlayaraq Ermənistan tərəf Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutur. Tovuz döyüşləri Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Vətən müharibəsinə gedən yolda ən mühüm mərhələlərdən biridir. Bu döyüşlərdən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatına başlayan Ordumuz 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək Azəraycan torpaqlarını işğaldan azad etdi.

General-mayor, Silahlı Qüvvələrin 3-cü Ordu Korpusunun komandir müavini – Qərargah rəisi, 2020-ci il iyul ayının 12-16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olmuşdur. Polad Həşimovun iyul ayında şəhid olması, sentyabr ayında II Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynamışdır.

Ali Baş Komandanın əmrilə Azərbaycan ordusunun əks hücuma keçməsi illərin təcrübəsindən, hazırlığından xəbər verirdi. Əks hücum əməliyyatı dünyanın inkişaf etmiş ölkələri tərəfindən təhlil edilir ki, bu hücum əməliyyatı içində də Şuşa əməliyyatı xüsusilə diqqətdə dayanır.

Əslində 30 illik əsarət gizli mübarizələrin Azərbaycan ordusunun üzərində bir güc kimi hökm sürərərək onları savaşa hazırlayıb. Xalq olaraq biz olacaqlardan xəbərsiz olsaq da, Ali Baş komandanımız İlham Əliyev prezidentliyi dövründə daima xalqa səslənməsi, xalqdan bir az  daha səbrli olmalarını istəməsi içimizdə bir ümid işartısı yaradırdı.

Və nəhayət həmin gün yetişdi və gözlədiyimizdən(bəlkə də gözləmədiyimizdən) daha böyük nəticə ilə bizlərə təqdim olundu.

27 sentyabr 2020-ci il…

Həyatımıza, ölkəmizə, torpağımıza, əsasən isə dünyamıza öz gəlişi ilə elə bir iz buraxdı ki, bunu sözlə ifadə etmək nə qədər çətin olsa da, bir il öncə olan yaşantılarımızdan təsirlənərək həmin günləri sözə, cümləyə çevirməyə cəhd edirik. Həmin gün səhər saatlarında Ermənistanın hər zamankı kimi təxribar xarakterli Azərbaycan Ordusunu atəşə tutması artıq səbr kasasının dolduğu bir gün oldu.

Prezident İlham Əliyev öz çıxışlarında daima həmin anı xatırladarq vurğulayır ki, dəfələrlə xəbərdarlıq olmasına baxmayaraq Ermənistan tərəf yenə də geriyə addım atmadı.

Azərbaycan Ordusu Ali Baş Komandanından “savaşa hazır ol” əmrini artıq almışdı. Öncə sadəcə düşmən tərəfin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilir.

Azərbaycanda hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda isə qismən də olsa səfərbərlik elan edilir. Qısa müddətdə qarşıdurmalar o həddə çatdırıldı ki, savaş meydanı İkinci Qarabağ Müharibəsinin başlanmsından xəbər verdi.

Azərbaycan Ordusunun gücü göründüyü kimi yetərincə idi, ancaq Xalq gücünün dəstəyinə ehtiyacı var idi. O anın şahidi olduğumuz üçün böyük qürur hissilə demək istərdik ki, Azərbaycan xalqı savaş günlərində elə dəstək nümayiş etdirdi ki, bu gücün qarşısında artıq heç kim dayana bilməzdi. Kiçikdən böyüyə hamı Ali Baş kopmandana mənəvi, dövlətimizə, ordumuza isə həm maddi, həm mənəvi dəstək verdi.

Müharibənin öz sərt qanunları var və həmin qanun-qaydalara əsasən ön cəbhənin gücü  arxa cəbhə vəziyyəti ilə sıx bağlıdır. Bəzən sadəcə bir SÖZ Ordunun qəhrəmanlıq gücünü daha da artıra bilər, onda elə bir əhval-ruhiyyə yaradar ki, düşmənin texnikasından belə qoprxmaz. Ön cəbhədə savaş qızışdıqca, torpaq uğrunda döyüşərək şəhidlik zirvəzinə yüksələnlərin ölüm xəbəri arxa cəbhəni qorxutmurdu, əksinə daha da qəzəbləndirirdi və “Ya indi, ya da heç vaxt” şüarı əhali arasında yayılaraq öz təsirini hiss etdirirdi.

27 sentyabrdan başlayaraq böyük həyəcanla hər gün TV vasitəsilə prezidentin çıxışlarını, onun dünya ölkərinin mətbuatı vasitəsilə bütün dünyaya səslənərək haqq səsimizə səs vermələrini, bizə qarşı olan torpaq iddiasının saxtakarlıqdan başqa bir şey olmamasını, tarixi faktlarla çıxışlarını izlədik və izlədikcə başa düşdük ki, bizim bizdən başqa dəstəyimiz yoxdur. Məhz o günlərdə XALQ olaraq İlham Əliyevin ətrafında cəmləşərək ona yalnız olmadığını hiss etdirdik. Bu gücün qarşısında kimsə dayana bilməzdi…

  • Biz o günlərdə analarımızın öz övladlarını könüllü savaşa göndərdiyinin şahidi olduq.
  • Biz gəlinlərimizin öz həyat yoldaşlarını od-alovun içinə necə ürəklə göndərdiklərinin şahidi olduq.
  • Biz Azərbaycan kişilərinin şənlik əhval-ruhiyyəsində şəhid olmuş oğlunun yerinə tək oğlunu da göndərdiyinin şahidi olduq.
  • Biz həyat yoldaşı şəhid olmuş qadının onun tabutunu çiynində apardığının da şahidi olduq.
  • Biz xalqın evində olan ərzağının, yatağının belə əsgərlərimizə göndərdiklərinin şahidi olduq.
  • Biz nənələrimizin, babalarımızın təqaüd pulunu ön cəbhəyə göndərdiyinin şahidi olduq.

Daha nələrin şahidi olmadıq ki?! Və şahid olduqlarımız bizləri sadəcə irəli səslədi…

Qeyd edək ki, II Qarabağ Müharibəsində Ali Baş Komandanın əmri və Azərbaycan ordusunun qəhrəmanlıq şücəati nəticəsində işğalda olan torpaqlarımız – 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, 8 noyabrda Şuşa şəhəri düşmən əsarətindən azad edildi.

Moskvada imzalanan üçtərəfli (Azərbaycan, Rusiya, Ermənistan) müqaviləyə əsasən, 10 noyabrda Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılmasına qərar verildi. Qərardan sonra 2020-ci il 20 noyabrında Ağdam, 25 noyabrında Kəlbəcər, 1 dekabrda Laçın rayonları azad edildi.

HAŞİYƏ: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2900 nəfər hərbi qulluqçusu həlak olmuş, 19 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. İtkin düşənlərin tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülməkdədir.

Hərbi ekspertlərin fikrincə, Qarabağ ərazisinin mürəkkəb relyefə malik olması və möhkəm istehkamların mövcudluğu döyüşlərdə böyük itkiyə səbəb olan amillərdəndir. Çünki dağlıq ərazi müdafiədə olan tərəfə üstünlük yaradır və onun müdafiə olunma imkanlarını daha da genişləndirir.

O da xüsusilə qeyd olunur ki, Azərbaycan Ordusunun peşəkarlığı, düzgün strategiya və taktikanın tətbiq edilməsi, müasir silah-sursat, hərbi texnika və texnologiyadan geniş istifadə, ən əsası, hərb tarixində ilk dəfə yeni döyüş standartlarının tətbiqi hesabına Azərbaycan öz itkilərini tam minimuma endirə bildi. Bütün bunların nəticəsidir ki, Azərbaycan tərəf ən mürəkkəb şəraitdə uğurlu əməliyyat apararaq müharibədən minimum itkilərlə çıxmağın nümunəsini ortaya qoyub.

SON SÖZ ƏVƏZİ: 30 il yaşadığımız ağrı-acılar bir daha sübut etdi ki, Azərbaycan xalqı, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur, onların hər birinin adı əbədiləşdirilir, həyatımıza daxil olur və bizimlə bərabər bu müstəqil ölkəmizin azadlıq yolunda bərabər irəliləyirlər. Şəhidlərimiz bizim azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuzdur. Bu anım günündə şəhidlərimizin ruhunu böyük ehtiramla yad edir və Allahdan hər birinə rəhmət diləyirik!

GülQAR