“Qəlbdən qələmə”- yolun əvvəlində

Noyabrın 28-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində “Qəlbdən qələmə” ssenarinin inkişafı məktəbi layihəsinin iştirakçılarının təltifetmə mərasimi keçirilib.

Gənc ssenaristlərə sertifikatların təqdimetmə mərasimi iştirakçıların ssenarilərinin müzakirəsi ilə başlayıb. Tədbirin ekspert kürsüsünü Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov, kinoşünaslar Sevda Sultanova ilə Aygün Aslanlı və “Qəlbdən qələmə” layihəsinin təlimçisi, London Film Məktəbinin məzunu olan rejissor Cavid Zaidov bölüşüb.

Müsabiqənin qaliblərindən Günay İsmayılzadə yazdığı ssenarinin qısa xülasəsini belə təsvir edib: “Mənim hekayəmin adı “Uçurumun astanasında” adlanır. Bu hekayə Bakıda yaşayan, orta məktəbdəki bütün qiymətləri “əla” olan və 14 yaşında atası tərəfindən ərə getməyə məcbur edilən bir qızdan -Nərgizdən və onun təhsil alması üçün çalışan anasından bəhs edir. Ərə getmək istəməyən Nərgiz iki dəfə intihara cəhd etməklə atasının məcburiyyətindən qurtulur”.

Kinoşünas Sevda Sultanova məlum hekayəni şərh edərkən bildirib ki, G.İsmayılzadənin ssenarisinin adı daha çox serial adına bənzəyir: “Məncə, daha fərqli ad düşünə bilərdiniz. Bütün hallarda, mənə elə gəlir ki, mövzunuz çox aktualdır. Yaxşı mövzuya toxunursunuz. Amma məsələn, mən o filmdə ataya fokuslanıb, onun necə dəyişdiyini, intihara cəhdin ona necə təsir etdiyini və bir president yaratmağınızı görmək istərdim”.

Qaliblərdən Həmid Piriyev hekayəsini nəql edərkən bildirib ki, müsabiqə elan olnunanda sinopsisi hazır olmadığı üçün o, layihəyə öz hekayəsini göndəribmiş: “Sonradan layihə boyunca Cavid bəylə hekayə üzərində işlədik və ssenari hazır oldu. Bizim hekayənin adı “Göyqurşağında balıq ovu”dur. Hekəyə dostu və sevgilisi arasında seçim etmək məcburiyyətində qalan Səfər adlı gəncdən bəhs edir. O, uşaqlıqda ata-anasını itirib, 3 yaşlı bacısı və nənəsi ilə birlikdə yaşayır. Səfər sevdiyi qızla evlənmək üçün pul yığsa da, o, pulu dostu Yusifin əməliyyat xərcinə ödəməli olur”.

“Qəlbdən qələmə” layihəsinin rəhbəri Afaq Yusifli bildirib ki, əslində, Kinematoqrafçılar İttifaqında işə başladığı ilk günlərdən o, Ittifaqın katibi Əli İsa Cabbarovla bu müsabiqə haqda  müzakirələr edirmiş: “Yəni, layihə avqust ayında başlasa da, biz bu tarixdən 3-4 ay əvvəl “nələri necə etməliyik?” deyə, götür-qoy edirdik. Konsepsiyanı qurandan sonra isə təlimçi axtarmağa başladıq. Nə xoş ki, Cavid Zaidovla rastlaşdıq və o, bizim təlimçimiz oldu. İlkin konsepsiyamız bu idi ki, ssenari haqda müəyyən bilikləri olan, ssenari və ya yazarlıq təcrübəsi olan, həmçinin, ən azından bu sahədə ibtidai bilikləri olan, 23 yaşdan yuxarı şəxsləri seçək. Avqustun 8-də biz müsabiqəyə başlayanda, gözlədiyimizdən xeyli yuxarı, 74 nəfərdən müraciət aldıq. Hətta 74-cü şəxs gecikmişdi və son müraciət tarixi bitdikdən sonra qeydiyyatdan keçmişdi. Bu qədər iştiraçkı arasından seçim etmək Cavid Zaidov və bizə çox çətin oldu. 74 nəfər arasından 15 nəfər müsahibə mərhələsinə keçdi. Onlardan 9-u həm Bakı, həm də Şəkidəki təlimlərimizdə iştirak etdi. 3 nəfər isə sadəcə Bakıdakı təlimimizdə iştirak etdi. Əslində, biz 7+3 yəni, 7 gün Şəkidə intensiv təlim, 3 gün Bakıda inkişaf təlimi müəyyənləşdirmişdik. Amma Cavid Zaidovun səyi nəticəsində bu 3 gün daha da artıq oldu”.

İlk dəfə layihə rəhbəri olmağın həyəcanını yaşayan A.Yusifli gördüyü işdən yetərincə zövq aldığını deyib: “Ümid edirəm ki, uşaqlar da öz nəticələrindən razıdır. Mənim üçün bu layihədə olmaq sevindirici haldır və bu etimada görə Əli İsa Cabbarova təşəkkür etmək istəyirəm. Bundan sonra da belə layihələr olsa, mən yenə də layihə rəhbəri olmağa iddialıyam. Məncə, hər şey inanmaqdan başlayır. Ona görə də bizim bu layihəni apara biləcəyimizə kimlər inanıbsa, onların hər birinə təşəkkür edirəm. Bir şeyi də qeyd edim ki, hazırda mənim üçün bundan sonrakı mərhələ daha da maraqlıdır. Yəni, iştirakçıların əziyyət çəkib, yazdığı işlərin vizual ekran həllini görmək çox maraqlıdır. Əslində, rejissorluq “Demə, göstər!” deməkdir, amma bizdə belə oldu ki, əvvəlcə, siz dediniz, biz dedikləriniz üzərində işlədik. İndi isə çox maraqlıdır ki, siz dediklərinizin üzərində işləyəsiniz. Şəxsən öz adımdan deyə bilərəm ki, bütün layihələrdə sizə dəstək olmağa hazıram”.

Ssenarilərin müzakirəsindən sonra ekspertlər müsabiqənin qaliblərinə sertifikatlar təqdim edib. Onların hər biri iştirakçılara arzularını dilə gətirib. Kinoşünas Sevda Sultanova gənclərə “yox” deməyi bacarmağı tövsiyə edib: “Birincisi, bizim boz həyatımıza rəng qatdığı üçün Kinematoqrafçılar İttifaqına təşəkkür edirəm. İştirakçılara gəlincə, onlarla bəzi fikirlərimi bölüşmək istəyirəm. Doğrudur, biz bayaq ssenarilərin müzakirəsi vaxtı sizə bəzi irad və qeydlərimizi bildirdik, amma  demək istəyirəm ki, ürəyiniz necə istəyirsə, filminizi elə çəkin. “Yox” deməyi bacarın. Çünki elə zamanlar olur ki, orada emosiyalara nəzarət etmək lazım deyil. İlk işlərinizdə mükəmməl olmağa cəhd etməyin. Onsuz da çəkə-çəkə öyrənəcəksiniz. Hamınıza uğurlar diləyirəm”.

Rejissor Əli İsa Cabbarov çıxışında  məlum tədbirin 12 yeni filmin yaranış günü ola biləcəyini qeyd edib: “Biz burada bəlkə də 12 bədii filmin cücərtiləri və doğuş prosesindəyik. Ssenari yazmaq iynə ilə gor qazmaq kimi bir şeydir. Siz balaca-balaca uğurlar əldə etməlisiniz, 12 səhifə, 25 səhifə materialınız hələ ilk addımınız, birinci hərfinizdir. Sizdən yorulmadan o biri addımlarınızı atmağınızı xahiş edirəm. Bizim kinomuzun buna ehtiyacı var”.

Əli İsa Cabbarovla həmfikir olan kinoşünas Aygün Aslanlı ssenari yazmağın Azərbaycanda çox ciddi problem olduğunu bildirib: “Bayaq Afaq dedi ki, “kino “demə, göstər!” dir. Amma məncə, necə deyəcəyimizi, yəni, fikrimizi cümlə ilə ifadə etməyi bilməliyik ki, necə göstərəcəyimizi də bilək. Ssenari məsələsi bizdə çox ciddi problemdir. Ona görə də ssenaridən başlamaq məncə çox vacibdir”.

Rejissor Cavid Zaidov isə çıxışında təlimçisi olduğu müsabiqə haqda bunları deyib: “Mənim üçün çox maraqlı təcrübə oldu və ümid edirəm ki, bu, qarşılıqlı idi. Bizim 9+3 nəfərlik iştirakçılarımızın əksəriyyəti öz ssenarisini artıq yekunlaşdırıb. Onlara demək istəyirəm ki, bacardığınızı edin ki, öz kinonuzu çəkəsiniz”.

Yeri gəlmişkən, artıq müsabiqə iştirakçılarından Günay Səlimzadə Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə təlimboyu inkişaf etdirdiyi ssenarisi üzrə filminin çəkilişlərinə başlayıb.

Tədbirdə iştirakçılara sertifikatların təqdimatından sonra məlum ssenari müsabiqəsinin qalibləri haqda filmin nümayişi baş tutub. Rejissorluğunu Orxan Adıgözəlin etdiyi film müsabiqə iştirakçılarının Şəkidə keçirdikləri bir həftəlik təlimdə yaşadıqlarından bəhs edir.

SON SÖZ ƏVƏZİ: Azərbaycan Kinematoqrafçılar İttifaqı ilk dəfə 2021-ci ilin avqust ayında elan etdiyi sözügedən müsabiqəni növbəti illərdə də keçirməyi planlaşdırır.

İzolda Ağayeva Lalə

 

 

aki.az