Qənirə Paşayeva kino sahəsinə ayrılan vəsaitin artırılmasını təklif edib
Mayın 27-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın 15 bənddən ibarət gündəliyi təsdiqləndikdən sonra gündəlikdəki məsələlərə baxılıb.
Gündəlikdəki məsələlərdən biri də “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi olub.
Teleqraf.com-un məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qanun layihəsinin müzakirəsində çıxışı zamanı kino sahəsinə ayrılan maliyyənin azlığından bəhs edərək bildirib ki, ötən ildə az idi, bu il də azdır.
Q.Paşayeva təklif edib ki, bu məsələyə təkrar baxılsın: “Bu maliyyə ötən il yetərli deyildi, bu il də yetərli görünmür”.
Xatırladaq ki, Milli Məclisin Mədəniyyət Komitəsinin 17 sentyabr 2020-ci il tarixində keçirilən payız sessiyasının ilk iclasında Mədəniyyət Komitəsinin sədri Azərbaycan mədəniyyətinin qorunması və inkişafı sahəsində qanunverici orqan olan parlamentin Mədəniyyət Komitəsi üzvlərinin də öhdəsinə mühüm vəzifələr düşdüyünü vurğulamış, qanunvericilik işləri planında nəzərdə tutulan qanun layihələrinə toxunaraq kinematorqafiya sahəsində ciddi problemlər və boşluqlar olduğunu bildirmiş və bu sahəni tənzimləyən mövcud qanunvericilikdə böyük dəyişikliklərə və təkmilləşdirmələrə ehtiyac duyulduğunu qeyd etmişdir.
aki.az