Son zamanlar, 1997-ci ildə qəbul olunmuş kinematoqrafiya sahəsinə aid olan 38 nömrəli qərara dəyişiklik edilib. Qeyd edək ki, Hesablama Palatasının dövlət sifarişini icra edən dövlət studiyalarında 2024-cü ildə apardığı yoxlamalarda əsas iradlardan biri müəllif qonorarlarının sözügedən qərarda təsbit edilmiş məbləğlərdən çox olmasıdır.
Bununla bağlı, AKİ sədri, Xalq artisti Rasim Balayev ötən ilin mayında Baş nazir Əli Əsədova məktub ünvanlamışdı. AR Kino Agentliyi bu istiqamətdə təşəbbüslərlə çıxış etmiş, aidiyyəti qurumlarla birlikdə Mədəniyyət Nazirliyində işçi qrup yaradılmışdı.
2025-ci il yanvarın 10-da Baş nazirinin aparatından AKİ sədrinə qonorarları nizamlayan qərarda dəyişikliklər edildiyi barədə məlumat verilib. Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 38 nömrəli Qərarına 10 nömrəli əlavə – “Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları” Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilib. Yeni redaksiyaya əsasən, kino istehsalı ilə bağlı müəlliflərə ödənilən qonorarın yüksək hədd məhdudiyyəti ləğv edilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi Əli İsa Cabbarovun bildirdiyinə görə, qərara dəyişiklik kinematoqrafçılar və aidiyyəti qurumların birgə səyinin nəticəsidir. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin, nüfuzlu bir kino xadimi olaraq burada xüsusi rolu oldu. Belə ki, onun Baş nazir Əli müəllim Əsədova ünvanladığı rezonanslı müraciət və ondan sonra Baş nazir tərəfindən onun qəbul etməsi həlledici oldu. Gələcəkdə effektiv ola biləcək bir mexanizmin şahidi olduq: kino ictimaiyyətini narahat edən problemləri qaldırır, aidiyyəti rəsmilər işçi qrup yaradır, ictimai təşkilatlar hökumətlə kommunikasiyanı təşkil edir. Kino ictimaiyyəti və kino sahəsində fəaliyyət göstərən aidiyyəti qurumların birgə fəaliyyəti kinomuzun bütün problemlərinin həllini tezləşdirən bir mexanizmdir. Qeyd edək ki, 38-ci qərarın günün tələblərinə uyğunlaşdırılması Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin 27.09.2024-cü il tarixli bəyanatında da tələb olunurdu.
Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən bildiriblər ki, kino sahəsində dövlət maliyyələşməsi sahəsində effektivliyin artırılması istiqamətində bundan sonra də birgə fəaliyyəti davam etmək əzmindədirlər.
aki.az