Qərbi Azərbaycanın maddi və mədəni irsi AKİ-nin fokusunda

Azərbaycan Kinematoqrafçılar İttifaqı AR Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqənin qalibi olub. “QƏRBİ AZƏRBAYCANLILARIN QAYIDIŞ KONSEPSİYASININ” icrasına ictimai dəstəyin verilməsi mövzusunda elan edilmiş müsabiqənin qalibi olan layihənin büdcəsi 28500 AZN, adı “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz”dir. Layihənin rəhbəri Xalq artisti, AKİ sədri Rasim Balayev, müəllifi , ssenarist Füzuli Sabiroğlu olan layihə çərçivəsində sözügedən mövzuda sənədli film, sayt, infoqrafikaların yaranması nəzərdə tutulur. Layihənin özəlliyi budur ki, layihə çərçivəsində materiallar Azərbaycan və ingilis dillərindən əlavə erməni dilində də tərcümə olunaraq yayımlanacaq. Ermənistan ərazisində Azərbaycan abidələri haqqında unikal materialları işıqlandıracaq sənədli film və başqa kontentlərin Azərbaycandan kənarda, xüsusilə erməni izləyicilər arasında yayılması layihənin əsas məqsədlərindəndir. AKİ katibliyindən verilən məlumata görə, ittifaq ictimai təşkilat kimi ölkənin QHT icmasının tərkib hissəsi olaraq bundan sonra da, mədəni irsimizin tanınması, kino tariximizin öyrənilməsi və təbliği istiqamətində layihələrin icrasına diqqət ayıracaq. Layihənin prodüseri  AKİ katibi Əli İsa Cabbarov, layihə çərçivəsində istehsal olunacaq filmin rejissoru Mübariz Nağıyevdir.

aki.az