“Qərib cinlər diyarında” - 45

1977-ci ildə “Azərbaycanfilm” kinostudiyası “Qərib cinlər diyarında” filmini istehsalata buraxır.

Azərbaycan xalq nağılları əsasında ekranlaşdırılan film insan iradəsinin yenilməzliyi, var-dövlətin vətənə, ailəyə məhəbbəti əvəz edə bilməyəcəyindən bəhs edir. Filmin yaradıcı heyəti əfsanə və nağıllarımızın uşaq və gənclərin tərbiyəsində oynadığı rolu ön plana çəkərək şən, nikbin, eyni zamanda dərin məzmun kəsb edən maraqlı bir əsər yaratmağa nail olmuşlar.

Görkəmli operator, ssenarist, rəssam, rejissor Əlisəttar Atakişiyev tamaşaçılara “Bizim küçə”, “Sehrli xalat”, “Bir qalanın sirri”, “İstintaq davam edir” filmlərindən yaxşı tanışdır. Onun istər operator kimi, istərsə də rəssam, ssenarist kimi çalışdığı filmlər bir başqa əhval ruhiyyə üzərində köklənsə də, rejissor kimi müraciət etdiyi fimlər birbaşa öz daxili dünyasına aiddir. Hətta nağl filmlərində belə bəzən ssenarist kimi, bəzən rəssam kimi, və əlbəttə ki, operator, rejissor kimi filmə fərqli prizmadan yanaşıb. Məhz bu baxımdan ona uşaq-fantastika janrlarının məharətli rejissoru deyirdilər.

“Qərib cinlər diyarında” filmi üzərində çalışarkən müəlliflər insan iradəsinin yenilməzliyini, vətən məhəbbətini əks etdirən maraqlı bir ekran əsəri yaratmağı qarşılarına məqsəd qoyublar. Buna nail olmaq üçün öncə yaradıcı heyətin tərkib hissəsində peşəkarların olması, eyni zamanda sənətə yeni gələn kadrların istedadlı, qabiliyyətli olması vacib şərtlərdən biri idi. Bu baxımdan müəlliflər tez bir zamanda yaradıcı heyəti müəyyənləşdirir və çəkilişə başlayırlar.

BƏXTİYAR XANIZADƏ: ƏLİSƏTTAR ATAKİŞİYEV MƏCBURİYYƏT QARŞISINDA QALDIĞINDAN MƏNİ AKTYOR TRUPPASINA QƏBUL ETDİ

Filmin sınaq çəkilişlərinə 30-dan artıq aktyor əkiz qardaşların obrazında yoxlanıb, ancaq heç biri obraza uyğun gəlməyib. Elə həmin ərəfələrdə Əlisəttar Atakişiyevə məsləhət görürlər ki, İncəsənət İnstitutunda təhsil alan bir tələbə var, bəlkə onu da yoxlayaq. Söhbət həmin ərəfədə İncəsənət İnstitutunun 1-ci kursunda təhsil alan Bəxtiyar Xanızadədən gedir.

B.Xanızadə deyir ki, “Qərib cinlər diyarında” filminə çəkilməyi  təsadüfdür: “Sınaq çəkilişlərinə getdiyim vaxt artıq, aktyor seçiminə ayrılan müddət başa çatmışdı. Mən deyərdim ki, filmin rejissoru Əlisəttar Atakişiyev məcburiyyət qarşısında qaldığından məni aktyor truppasına qəbul etdi”.

18 yaşlı gəncin birdən-birə filmdə baş rola çəkilməsi, güclü sənət korifeyləri ilə tərəfmüqabili olması maraqlı olduğu qədər də məsuliyyətli idi: “Çəkiliş vaxtı mənə elə gəlirdi ki, filmin çəkilişinə yox, oynamağa gedirəm. Təsəvvür edin ki, hər gün kinostudiyaya gedişim toy-bayrama çevrilirdi. Ancaq etiraf edirəm ki, əgər hazırda belə bir filmə dəvət alsam, özümdə həddindən artıq məsuliyyət hiss edərəm. İllər keçdikcə də başa düşürəm ki, mən sözün həqiqi mənasında da Qərib obrazını yaratmamışam, əksinə oynamışam”.

Qeyd edək ki, filmdə əkiz qardaşların hər ikisini Bəxtiyar Xanızadə yaradıb. Sadəcə olaraq Əlisəttar Atakişiyev kino texnikasından istifadə edərək aktyoru bir dəfə sağ tərəfdən, bir dəfə isə sol tərəfdən çəkib, sonra isə həmin çəkilən hissələri geri qaytarırdı. Ancaq tamaşaçı auditoriyası heç bir şeydən xəbəri olmadan filmdə əkiz qardaşları seyr edirdi. Hətta “necə də bir-birlərinə bənzəyirlər, yəqin ki, hər ikisi həyatda da qardaşdırlar” deyə öz fikirlərini söyləməkdən çəkinmirdilər.

Filmdə nağıl xarakteri daşıyan-uçmaq, yox olmaq kimi süjetlər də çoxdur. Filmin tamaşaçıya məlum olmayan arxa kadrları haqqında Xanızadənin dediklərindən: “Mənə qismət olub ki, gənc yaşımda Gündüz Abbasov, Ağahüseyn Cavadov kimi sənət korifeyləri ilə filmə çəkilmişəm. Heç o vaxt onun da qiymətini tam olaraq dərk edə bilməmişəm. “Bir qalanın sirri” filmində Elşən kimi igid obraz yaradan Gündüz Abbasov “Qərib cinlər diyarında” filmində iblis rolunda idi. Filmdə belə bir epizod var ki, mən Gündüz müəllimin (iblisin) boynuna minməliyəm, o da məni uçurmalıdır. Bu səhnənin çəkilişi Nəbatət bağında gedirdi. Gündüz Abbasov məni bir dəfə, iki dəfə boynuna mindirdi. Açığı onun üçün çox çətin idi. Çəkilişin qızğın yerində Gündüz müəllim məni saxlaya bilmədi, yıxdı ağacların üstünə. Elə həmin məqamda Əlisəttar Atakişiyev qışqırdı: “Bu nədir, sən epizodu korladın, az qaldı ki, aktyoru əzəsən”. Yaxşı yadımdadır ki, rəhmətlik Gündüz Abbasov o vaxt belə bir söz dedi: “Əlisəttar, vaxt var idi məni kiminsə boynuna mindirirdin, indi kimisə mənim boynuma mindirirsən”.

Filmin maraqlı epizodlarından birində cinlər padşahının vəzirinin oğlu Raki(Hamlet Xanızadə) cin qızı Zərri(Amalya Rənəhova) və Qərib(Bəxtiyar Xanızadə) arasında çox kəskin konflikt baş verir. Raki ilə Zərri mübahisə etdikləri vaxt Qərib onlara yaxınlaşmalı və Rakini çevirərək üzünə şillə vurmalı idi. Çəkiliş zamanı şillə vurulan səhnə bir neçə dubl çəkilsə də, bu, nə rejissoru qane edirdi, nə də Raki rolunun ifaçısı Hamlet Xanızadəni.

B.Xanızadə deyir ki, həmin epizodun çəkilişində problemlə üzləşib: “Səbəb də o idi ki, rəhmətlik Hamlet ilə həm əmioğlu idik, həm də o yaşca məndən böyük idi. Buna görə də utancaq hisslər bərk şillə vurmağa imkan vermirdi. Hamletlə kənara çəkildiyim zaman o, mənə tutarlı bir şillə vurdu və “gedək əvəzini orda verərsən” dedi. Deyəsən onun şilləsi məni yaman tutmuşdu. Çünki çəkiliş meydançasına gələn kimi Hamletə qolay bir şillə ilişdirdim. Bax bu şillə təbii alınmışdı. Filmin ilk nümayişi zamanı bu təbiiliyin şahidi olduq”.

HƏSƏN SEYİDBƏYLİ: MUXTAR MANİYEV DAHA ÇOX AZƏRBAYCAN CİNİNƏ OXŞAYIR, NƏİNKİ TOXADZE

Filmdə diqqət mərkəzində dayanan rollardan biri də cinlər padşahı rolunun ifaçısı Muxtar Maniyevin ifasında təqdim olunur.

Aktyor deyirdi ki, cinlər padşahı rolu uğrunda mübarizə aparanlar çox olub: “Filmin rejissoru Əlisəttar Atakişiyev hərtərəfli sənətkar idi. O, həm rəssam, həm ssenari müəllifi, həm də operator kimi çalışırdı, ədəbiyyatı, ərəb-fars dillərini bilirdi. Bir sözlə, o, mükəmməl təhsil almışdı. Təsəvvür edin ki, “O olmasın, bu olsun” filmində Məşədi İbadın geyim eskizləri də Əlisəttara məxsus idi. Yaxşı yadımdadır ki, Əlisəttar Atakişiyev hələ “Qərib cinlər diyarında” filmini çəkməmişdən beş il əvvəl bu barədə düşünmüş, hansı aktyorlarla işləyəcəyini müəyyənləşdirmiş, hətta iştirakçıların eskizlərini də çəkmişdi. Akşad rolunda məni gördüyü üçün elə həmin obraz üçün də mənim eskizimi çəkmişdir. Akşad obrazının sınaq çəkilişlərinə bir neçə aktyor dəvət olunmuşdu ki, onlar arasında Gürcüstan studiyasından dəvət olunmuş Givi Toxadze də var idi”.

Yeri gəlmişkən, sınaq çəkilişlərinə Zərri rolu üçün üç aktrisa-Amalya Pənahova, Əminə Yusifqızı və Əminə adlı başqa bir aktrisa qatılmasına baxmayaraq, sonda Amalya Pənahova rola təsdiq olunub.

Muxtar Maniyevin xatirələrindən: “Sınaq çəkilişləri zamanı Ə.Atakişiyevə “Akşad roluna Givi Toxadzeni çək” deyənlər də olub. Bildiyiniz kimi Tofiq Tağızadə “Dədə Qorqud” filmində Alp Aruz roluna onu çəkmişdi. Xatırladım ki, Toxadze ilə “Koroğlu” filmində tərəfmüqabili olmuşam. O, bu filmdə Məmməd roluna çəkilmişdi. Sınaq vaxtı hiss olunurdu ki, Givi Toxadzenin Akşad roluna çəkilməsi demək olar ki, yəqinləşdirilib. Zərri roluna dəvət alan hər iki Əminələr Toxadze ilə sınaq çəkilişlərində yoxlanmışdılar. Toxadzeyə də elə şərait yaratmışdılar ki, bir günə gəlib çəkilib sonra isə geri qayıdırdı. Kino dili ilə desək, bir növbə yarım Toxadze Akşad rolu üçün çəkildi. İkinci növbənin də qurtarmasına yarım saat qalmış mənə dedilər ki, indi də sən gəl. Təsəvvür edin ki, bütün günü oturub çəkiliş gözləyəsən, axırda da sənə az vaxt ayıralar. Amalya da mənimlə birgə gözləyirdi. Heç onu da Zərri roluna çəkmək istəmirdilər. Elə ki, meydan bizə verildi 15 dəqiqə ərzində biz həvalə olunan rolları elə bir səviyyədə oynadıq ki, özümüzə də ləzzət etdi. Akşad rolunda Givi Toxadze çəkilərkən onu obraz üçün hərtərəfli bəzəmiş, qrim etmiş, hətta barmağına üzük də taxmışdılar. Ancaq mən quru canımla, bəzəksiz-düzəksiz rolun sınağında çəkildim. Bu yoxlamanın üstündən bir həftə keçdikdən sonra Bədii Şura çəkilmiş lentlər haqqında olan fikirlərini söylədi və təbii ki, Toxadzenin ifası pisləndi, ancaq mənim ifam qəbul olundu. Hətta rəhmətlik Həsən Seyidbəyli Bədii Şurada deyib ki, “Muxtar Maniyev daha çox Azərbaycan cininə oxşayır, nəinki Toxadze””.

Filmin çəkilişi pavilyondan başlayıb. Ssenaridə aktyor imkanlarının açılması, geniş istifadə etməsi üçün kifayət qədər material var idi ki, Muxtar Maniyev də bu fürsətdən hərtərəfli yararlana bilib: “Akşad elə bir rol idi ki, onu bütöv yaratmaq üçün aktyordan cilddən-cildə düşmək tələb olunurdu. O, əzazil, qəddar bir cin olmaqla yanaşı, eyni zamanda da və təbii ki, lazım olduğu zaman da nurani bir qocaya çevrilə bilərdi.

M.Maniyev obraza o qədər aludə olaraq yaradıb ki, hazırda belə filmə baxarkən onun təbii ifasına valeh olmamaq mümkün deyil. Ancaq səsləndirmə zamanı Akşad rolu görkəmli aktyor Səməndər Rzayevə havəla edilib.

Aktyor bunu haqsızlıq kimi qəbul edib: “Çünki mən Akşadın iç dünyasına baş vuraraq, onun xislətinə vararaq yaratmışam. Təbii ki, Akşad mənim səsimlə səsləndirilsəydi, onda daha yaxşı lazım olan effekti verə bilərdi. Akşad sözünü necə deyir, vurğunu harda vurur, nəfəsi necə alır, bax bütün bunları mən yaşamışam ki, bu obraz alınıb. Doğrudur, Səməndər Rzayev dublyajda əvəzsiz idi və Akşadı da vicdanla səsləndirib. Ancaq Səməndər, mən Akşadı oynadığım kimi hiss edə bilməzdi. Bütün bunlara baxmayaraq “Qərib cinlər diyarında” filminin çəkilişi zamanı bir aktyor kimi ləzzət aldım. Bilirsinizmi çətinlik olmadan sənət nümunəsi yaratmaq olmaz”

Filmin çəkilişləri bitdikdən sonra hazır materiallar kinostudiyanın nəzdində fəaliyyət göstərən Bədii Şuraya, daha sonra Moskva Bədii Şurasının baxışına təqdim edilir. Film qəbul olunur və yüksək kateqoriyaya layiq görülür.

Xatırladaq ki, filmin çəkilişlər kinostudiyanın pavilyonunda, gəmi ilə çəkilən kadr Yasamalda olan “Qanlı göl”də, kənd həyatı Fatmayıda lentə alınıb.

Filmin yaradıcı heyəti: Ssenari müəllifi Hikmət Ziya, quruluşçu rejissor Əlisəttar Atakişiyev, quruluşçu operator Şərif Şərifov, rəssam-Fikrət Əhədov, bəstəkar Arif Məlikov, səs operatoru Vladimir Savindir.

Rollarda çəkiliblər: Bəxtiyar Xanızadə(Qərib-Sahib), Firəngiz Şərifova(Tükəz), Muxtar Maniyev(Akşad), Ağahüseyn Cavadov(Qaraşad), Hamlet Xanızadə(Raki), Amalya Pənahova(Zərri), Gülnarə Əfəndiyeva(Zərəngiz), Ələsgər Məmmədoğlu(Əsra), Gündüz Abbasov(İblis), Mübariz Vəlixanoğlu(Kəsra), Əhməd Əhmədov(Riqdas).

X.QİYAS