“Qızıl qaz” – 50
“Milli Kino Tariximizdən” rubrikasının növbəti filmi “Qızıl qaz”dır, çəkilişindən 50 il keçir…
1972-ci ildə “Azərbaycanfilm” kinostudiyası “Qızıl qaz” filmini istehsalata buraxdı. Yazıçı, kinodramaturq Əli Qafarovun ssenarisi əsasında çəkilən filmə görkəmli rejissor Tofiq Tağızadə quruluş verdi.
Xəzərin sahilinə yaxın yerləşən Sara adasının əsrarəngiz təbiətindən, buradakı sakinlərin məşğuliyyətindən, adət-ənənələrindən, təzadlı mənəviyyatlarından bəhs edən filmdə eyni zamanda ictimai-mənəvi problemlərə toxunulur.
“QIZIL QAZ” FİLMİ TOFİQ TAĞIZADƏNİ PSİXOLOJİ FİLM USTASI KİMİ TANITDI
Görkəmli rejissor Tofiq Tağızadə Azərbaycan kinosuna ən dəyərli sənət nümunələri bəxş edib. O, eyni zamanda bir çox filmlərdə – “Mateo Falkone”, “Onun böyük ürəyi”, “Qəribə adam”, “Qaladan tapılan mücrü”, “Zirzəmi”, “Bəxt üzüyü” və s. aktyor kimi də çəkilib.Həmin rollar epizodik olsa da, bu personajlar vasitəsilə ürəyindən keçənləri kinosevərlərə çatdırmağa nail ola bilmişdi.
Rejissorun filmlərdə oynadığı personajlarının hər birinin həyata, insanlara münasibəti, mövqeyi var. Məsələn, “Anlamaq istəyirəm” filmində Tofiq Tağızadə kino rejissoru rolunda çəkilib, yəni öz-özünü oynayıb.
Haqqında bəhs edəcəyimiz “Qızıl qaz” filmində rejissor kolxoz sədrinin obrazını yaradıb. “Qızıl qaz” filmi Tofiq Tağızadəni psixoloji film ustası kimi tanıtdı. Ancaq rejissorun öz filmində rol oynaması heç də birmənalı qarşılanmayıb, hətta bir çox mübahisələrə səbəb olub. Bu barədə bir az sonra məlumat verəcəyik. Obraz barədə onu qeyd etmək lazımdır ki, kommunist partiyasının üzvü olan bu adam bolşevik xisləti ilə hər şeyə, hətta gənclərin məhəbbətinə müdaxilə edir. Muxtarov(Tağızadə) başa düşmək istəmir ki, kommunist olmaq, kolxoz sədri olmaq hələ yaxşı rəhbər işçi olmaq, hər şeyə qadir olmaq demək deyil. Ona görə də belə əsassız müdaxilələr nə qədər evlər yıxıb, nə qədər adamları mənəvi və fiziki cəhətdən şikəst edib.
Qeyd edək ki, bu filmdən əvvəl “Yeddi oğul istərəm” filmini çəkən və bu filmlə böyük uğurlara imza atan rejissor həmin aktyorların bir neçəsini “Qızıl qaz”a dəvət edib.
Xalq artisti Rafiq Əzimov deyir ki, Tofiq Tağızadə bir rejissor kimi daima birgə çalışdığı aktyorları müşahidə edir və onların nəyə qadir olduğunu öyrənirdi: “Və növbəti filmlərində isə kimi hansı rolda görürdüsə, onu da həmin rola təsdiq edirdi. Qaldı ki, sınaq çəkilişlərinə, bu, formal xarakter daşımaqdan başqa bir şey deyildi”. Bütün bunlara baxmayaraq Tofiq Tağızadə də əksər kino rejissorları kimi quruluş verdiyi hər bir filmdəki əsas rolların sınaq çəkilişlərinə onlarla aktyor dəvət edirmiş. “Qızıl qaz” filminin aktyor heyəti müəyyənləşdirilən məqamda sınaq çəkilişlərinə geniş yer verilib.
Rafiq Əzimovun dediklərindən: “Ancaq elə aktyor olurdu ki, onları filmlərinə çəkməsə də iştirak etdiyi rollardan yadında saxlayır və bununla da bir növ gələcək filmləri üçün seçim aparırdı. “Qızıl qaz” filminin də sınaq çəkilişləri zamanı rejissor əvvəlcədən kimlərlə işləyəcəyini dəqiqləşdirmişdi. Doğrudur ki, Bədii Şuraya təqdim olunan materiallarda bir rol üçün bir neçə aktyorun ifasında çəkilən lent olurdu. Çox vaxt aktyor seçimləri mübahisələrə səbəb olurdu. Ancaq həmişə son söz rejissorun olurdu. Bu dəfə də rejissor sınaq çəkilişlərini, eyni zamanda da qrup şəklində keçirilən yoxlamaları diqqətlə saf-çürük etmişdi. Qrup şəklində keçirilən yoxlama çəkilişləri haqqında onu demək istərdim ki, baş rollara dəvət olunan aktyorlar tərəfmüqabil rollarına dəvət olunan aktyorların bir neçəsi ilə qrup şəklində ifa nümayiş etdirir və bu da lentə alınaraq Bədii Şuranın baxışına təqdim olunurdu. O dövrdə hər bir film üçün ayrıca albom yaradılırdı. “Qızıl qaz” filmi üçün də albom yaradılmışdı. Həmin albomda sınaq çəkilişlərində iştirak edən aktyorların müxtəlif formada çəkilən şəkilləri təqdim olunurdu. Bundan başqa isə filmdə ən çətin hesab olunan epizodlardan bir neçəsi lentə alınaraq həmin albomla birgə Bədii Şuranın baxışına verilirdi”.
BƏDİİ ŞURA TOFİQ TAĞIZADƏNİN FİLMDƏ ROL OYNAMASINA QARŞI ÇIXIB
Filmin çəkildiyi illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsində Adil İsgəndərov çalışırdı. Bədii Şuranın tərkibində isə dövrün ən görkəmli kino rejissorları, yazıçıları, rəssamları, eləcə də aktyorları fəaliyyət göstərirdi.
R.Əzimov deyir ki, kinostudiyanın direktor kürsüsündə əyləşən şəxs birbaşa Bədii Şuraya sədrlik edirdi: “Bu baxımdan Adil İsgəndərov da qurumun sədri kimi yeni film, onun necə lentə alınması, kimlərin uyğun rollara çəkilməsi kimi hallarda öz sözünü deyə bilmək imkanına malik idi. O dövrdə Bədii Şuralar öz işinə çox ciddi yanaşırdı. Xüsusilə də kino aləmində bu ciddiliyin arxasında böyük məsuliyyət hissi dayanırdı. Təsəvvür edin ki, sınaq çəkilişləri zamanı aktyorlar sanki imtahan qarşısında olurdu. Qeyd etdiyim kimi, çox vaxt rejissorla Bədii Şuranın nümayəndələri arasında mübahisələr yaranırdı. Bildiyiniz kimi filmdə rejissor özü də rol oynayıb ki, bu da bir çox mübahisələrə səbəb olub. Doğrudur, Tofiq Tağızadənin ifası təbii alınırdı. Sadəcə olaraq ona qarşı yönəldilən iradlar o məqsəd daşıyırdı ki, nəyə görə, aktyorlar ola-ola rejissorlar film çəkməklə yanaşı, üstəlik bir rolu da mənimsəyirlər. Və yaxud rol o dərəcədə mürəkkəb ola bilərdi ki, bu, Bədii Şurada bir inamsızlıq yarada bilərdi. O baxımdan ki, rejissor aktyor deyil, ona görə də rolun ağırlığını tam mənimsəyə bilməz. Bir sözlə, bu kimi səbəblər rejissorların öz filmlərində rol oynamasına qarşı çıxırdı. İş burasındadır ki, Tofiq Tağızadənin filmdə rol yaratması təbii qəbul edilə bilərdi. O mənada ki, digər rejissorlar da, məsələn elə Əjdər İbrahimov da öfilmlərində rol oynayıb. Ancaq digər rejissorlardan fərqli olaraq Tofiq Tağızadə “Qızıl qaz” filmində baş rollardan birini-Muxtarovu yaradıb. Elə Bədii Şuranın narazılığı da bu zaman başlayıb”.
RAFİQ ƏZİMOV: FİLMƏ CƏLB OLUNAN AKTYOR QRUPU OLDUQCA İSTEDADLI VƏ TƏRƏFMÜQABİL KİMİ GÜCLÜ İDİLƏR
Rafiq Əzimovun filmdə yaratdığı Eldarov obrazına bir çox aktyorlar sınaq olunub: “Bu təbii haldır, çünki mən də bir çox filmlərin sınağında uğursuzluq qazanmışam. Filmdə Xəzərin sahilinə yaxın yerləşən Sara adası balıqçılıq qəsəbəsinin həyatının bir neçə günündən bəhs edilir. Filmdə oynadığım Eldarov müstəntiqdir. Onu şəhərdən balıq vətəgəsinə göndərirlər. Çünki həmin yerdə brokonyerlər çoxluq təşkil edir. Eldarovu da şəhərdən balıq vətəgəsinə ona görə göndərirlər ki, o, brokonyerlərə qarşı mübarizə aparsın. Qəlbən saf adam olan Eldarov bir müstəntiq olaraq işinə çox ciddi yanaşandır. O, şəhər mühitində tərbiyə, təhsil almış bir şəxsdir. Birdən onu işi ilə bağlı rayona göndərərək, brokonyerlərlə mübarizəyə cəlb edirlər. Obrazı olduğu kimi yaratmaq, mənim iş prinsipimin əsasını təşkil edirdi”.
Qeyd edək ki, filmin natura çəkilişləri bir çox yerlərdə, əsasən isə Lənkəranda-dəniz kənarında, balıq vətəgələrində aparılmışdır. Pavilyon çəkilişləri isə kinostudiyada lentə alınıb. Filmin 90 faiz çəkilişlərinin Lənkəranda lentə alındığını deyən aktyor onu da qeyd edir ki, oğlum Eldar Şahmar Ələkbərovun yaratdığı Rizvan obrazının oğlu rolunda çəkilibdir”.
Xatırladaq ki, Rafiq Əzimovun oğlu hələ uşaqlıq illərində üç filmdə-“Lenfilm”in istehsal etdiyi “Mənim əziz atam” filmində, Eldar Quliyevin quruluşunda çəkilən “Ürək, ürək” filmində və haqqında bəhs etdiyimiz “Qızıl qaz” filmində çəkilib: “Lənkəranda “Qızıl qaz” filminin çəkilişləri getdiyi bir zamanda çalışdığım Akademik Milli Dram teatrı da bir neçə tamaşası ilə orada qastrolda idi. Biz Lənkərana ailəvi getmişdik. Orada çəkilişdə olarkən yaradıcı qrup, xüsusilə rejissor oğlum Eldarı gördü və onu filmə çəkmək fikrində olduğunu bildirdi. Öncə çəkilişə maraq göstərən Eldar sonradan, yəni çəkiliş vaxtı yaradıcı heyəti bərk əsəbləşdirdi. Sən demə Şahmar Ələkbərovla Həsən Məmmədov Eldarı öyrədiblər ki, filmə çəkilmə. Təbii ki, əvvəlcə bunun səbəbini başa düşmədik. Rejissor, eləcə də yaradıcı heyətin digər üzvləri nə qədər təkid etsələr də Eldar inadkarlıq göstərərək çəkilməyəcəyini bildirdi”.
Eldarın inadkarlığı o məqamda başlayıb ki, dəniz kənarında çəkilən qrup rejissorun “motor” deyə komanda verməsini gözləyirmiş. Belə məqamda çəkilişin dayanmasını və yaradıcı heyətin üzvlərinin hansı durumla üzləşə bilməyəcəyini yalnız kinematoqrafçılar bilər: “Bir vaxt mənə xəbər gəldi ki, bəs oğlun çəkilişdən imtina edib, bu da Tağızadənin qəzəbinə səbəb olub. Hətta vəziyyət o yerə gəlib çıxıb ki, rejissor, başqa bir uşağı filmə uyğun geyindirərək, heç olmasa kənardan və yaxud arxa plandan çəkiliş aparılmasını tapşırıb . Təsəvvür edin ki, mən dilxorçuluqdan özümə yer tapa bilmirəm, Həsən və Şahmar da mənə baxıb gülürlər. Onlara üzümü tutub narazılığımı bildirdim ki, yəni mən nə hayda, siz nə hayda. Axırda məlum oldu ki, Eldarın inadkarlıq göstərməsinin səbəbi elə onlardır. Sonra rəhmətliklərin hər ikisi mənə dedilər: “Nə qədər ki, biz razılıq verməmişik, o zaman Eldarın filmə çəkilməsindən əlinizi üzün”. Səbəbsiz heç nə yoxdur. Sən demə, aylıq əmək haqqının gecikməsinə görə aktyorlar bu yola əl atıblar. Bilirsinizmi, xərclər çox idi, çatdırmaq olmurdu. Nəticədə də rəhmətliklər belə bir oyun quraşdırdılar”.
Filmin çəkilişləri maraqlı alındığı qədər də çətinliklərsiz də ötüşmürdü. Xüsusilə pavilyon çəkilişləri zamanı yaradıcı heyət az qala çıxılmaz vəziyyətə düşəcəkdi, Rafiq Əzimov təkliflə çıxış etməsəydi. “Filmin natura çəkilişləri bitsə də, pavilyon çəkilişləri hələ də uzanırdı. Dekorasiyalar qurulsa da ssenariyə əsasən otaq şəraitində olan mebeli tapmaq müşkülə dönmüşdü. Görəndə ki, vaxt uzandıqca çəkilişlər də baş tutmaq bilmir, bu zaman heç fikirləşmədən belə evimdə olan təzə mebeli kinostudiyaya gətirtdim. Və beləcə çəkilişlərə başladıq. Bir sözlə, filmdə gördüyünüz mebel mənim evimin mebelidir. Tofiq müəllim mənim bu addımımı yüksək qiymətləndirdi, mənə xüsusi təşəkkür etdi”.
Pavilyon çəkilişləri bitdikdən sonra yaradıcı heyət yenidən Lənkərana yola düşüb. Filmin yaradıcı heyəti çəkilişlərlə bağlı iki ay yarım müddətdə Lənkəranda qalıblar: “Filmin çəkilişləri əsasən yay fəslinə təsadüf edirdi. Qeyd etdiyim kimi filmin çəkilişi ilə eyni vaxtda teatrımız da Lənkəran, Astara, Masallı bölgələrində qastrolda idi. Elə olurdu ki, eyni gündə həm filmin çəkilişlərinə qatılır, həm də teatrımızın Lənkəran camaatına təqdim etdiyi tamaşalarda iştirak edəsi olurdum. Təsəvvür edin ki, tamaşalar hər gün bir bölgədə təqdim olunurdu. Bu zaman heç istirahət etmədən belə, tamaşaların getdiyi yerə yollanırdıq. O dərəcədə işimizə can yandırırdıq ki, hətta yorğunluq, istirahət nə olduğunu belə bilmirdik. Həm də ki, filmə cəlb olunan aktyor qrupu da olduqca istedadlı, tərəfmüqabil kimi güclü idilər. Təsadüfi deyil ki, “Yeddi oğul istərəm” filmində iştirak edən aktyorların əksəriyyətini tamaşaçılar “Qızıl qaz” filmində yenidən tərəfmüqabil kimi gördülər. Mən, Həsənağa Turabov, Həsən Məmmədov, eləcə də Şahmar Ələkbərov “Qızıl qaz” filmində də maraqlı ifa nümayiş etdirdik və bununla da təbii ki, rejissorun tələblərinə cavab verə bildik”.
KƏNAR STUDİYALARDAN DƏVƏT OLUNAN AKTYORLARA QARŞI ETİRAZ
Qeyd etdiyimiz kimi, filmin yaradıcı heyəti müəyyənləşdirilən zaman kənar studiyalardan aktyorlar dəvət olunub. Bəlkə də rus obrazına rus aktyoru, erməni obrazına erməni aktyoru, eləcə də digər millətlərin obrazına elə həmin millətlərin aktyorlarının dəvət olunmasını hardasa təbii qəbul etmək olardı. Ancaq azərbaycanlı Ağabala obrazının özbək aktyoruna tapşırılması heç də birmənalı qarşılanmayıb.
Rafiq Əzimov deyir ki, özbək aktyoru Şükür Burhanov nəinki Özbəkistanda, eyni zamanda da bütün SSRİ miqyasında tanınan sənətkarlardan biri idi. Onun ifa tərzinə söz ola bilməzdi, ancaq öz aktyorlarımız arasında da Ağabalanın öhdəsindən gələnlər çox olardı. Məsələn, Məmmədrza Şeyxzamanov Ağabalanı elə yarada bilərdi ki, sonda özbək aktyorunun ifasını lap kölgədə qoyardı. Ancaq biz aktyorların istəyinə baxan kim idi? Bir də ki, gəlin etiraf edək ki, başqa respublikalar heç bir vaxt baş rollara, xüsusilə də öz millətinin obrazına başqa millətin aktyorunu çəkməzdi. Bizlər həmişə “qonağa hörmət borcumuzdur” prinsipi ilə çıxış edirik.
Adətən, hər filmin ssenarisi təsdiq olunduqdan, çəkilişlər bitənə qədər müəlliflər bir neçə ad üzərində fikir mübadiləsi aparırlar. Ancaq “Qızıl qaz” əvvəlcədən sona qədər öz adını daşımış, eyni zamanda isə adını tam şəkildə doğrultmuşdu. “Film adını doğruldurdu, o mənada ki, Lənkərandakı Sara adası bütünlüklə qızıl qazlarla dolu idi. O qızıl qazlar filmə sanki bir təravət gətirirdi. Quşlar sahildən göyə qalxanda çox gözəl bir mənzərə yaranırdı ki, bu da çəkiliş vaxtı canlı alınırdı”.
FİLMİN YARADICI HEYƏTİ: Ssenari müəllifi Əli Qafarov, quruluşçu rejissor Tofiq Tağızadə, operator Zaur Məhərrəmov, rəssam Məmməd Hüseynov, bəstəkar Aqşin Əlizadə, səs operatoru Vladimir Savin, II rejissor Akif Rüstəmov, operator köməkçisi Amin Novruzov.
Rollarda iştirak ediblər: Həsən Məmmədov(Fərman), Şükür Burhanov(Ağabala), Tofiq Tağızadə(Muxtarov), Leyla Şıxlinskaya(Şəfiqə), Həsənağa Turabov(Fazilov), İvan Rıckov(Mitroşin), Sadıq Hüseynov(Əlihüseyn), Şahmar Ələkbərov(Rizvan), Rafiq Əzimov(Eldarov), Məmmədrza Şeyxzamanov(Mahmud), T.Ksenofontova(Olya), Xalidə Qasımova(Validə), Eldar Əzimov(Rizvanın oğlu).
Xədicə QİYAS