“Qızmar günəş altında” filmi /Lətif Səfərovun 100 illiyi/ rubrikasında

Görkəmli rejissor Lətif Səfərovun 100 illiyinə həsr etdiyimiz məqalələr silsiləsində bu dəfə onun “Qızmar günəş altında” filmini seçdik.

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olunan “Qızmar günəş altında” filmi 1957-ci ildə lentə alındı.

SINAQ ÇƏKİLİŞLƏRİNDƏ GƏNC KADRLARA ÜSTÜNLÜK VERİLİB

Həsən Seyidbəyli özünün “Kənd həkimi” povesti əsasında yazdığı ssenariyə Lətif Səfərov quruluş verib. Povestdə olduğu kimi filmdə əsas məqsəd həkimlərin insanrərvərliyini və qayğıkeşliyini göstərmək, Astara gənclərinin əmək igidliklərini təsvir etmək, əksəriyyət şəxslərin şüurundakı köhnəlik qalıqlarına qarşı mübarizə aparmaq idi.

Onu da qeyd edək ki, Astara gənclərinin həyatından bəhs edən ssenari də əsas obrazlar gənc kadrlar üçün nəzərdə tutulduğu üçün, sınaq çəkilişlərinə qatılan gənclərin oyun tərzləri, müəlliflər tərəfindən xüsusilə saf-çürük edilirdi. Bu gənclərin çoxunu-əsərin qəhrəmanı gənc həkim Aydının rolunu ifa edən Əkbər Fərzəliyevi, komsomolçu qızlardan Gülpəri rolunu oynayan Sürəyya Qasımovanı (Azərbaycan Xarici Dillər İnstitutunun tələbəsi), Nərminənin rolunu oynayan Tofilə Ələsgərovanı (filmə çəkilən il orta məktəbi bitirib), Gülnaz rolunu oynayan Sara Manafovanı (televiziya studiyasının diktorudur), Fatma rolunu oynayan Z.Gəraybəyovanı(filmə çəkilən il 10-cu sinifdə təhsil alırmış) tamaşaçılar ilk dəfə olaraq ekranda görüblər. Bir sözlə, iki həmkar, eyni zamanda yaxın dost Lətif Səfərov və Həsən Seyidbəyli gənc ifaçıların arasında filmin necə maraqlı alınmasını daha  çox kənardan izləyiblər. Çünki hər iki rejissor eyni əqidəylə kino üçün aktyor yetişdirməklə yanaşı, aktyor üçün geniş imkanlaran yaratmağa da səy göstəriblır.

Qeyd etdiyimiz kimi, “Qızmar günəş altında” bədii filmi respublikamızın çayçılıqla məşğul olan kolxozlarından birinin quraqlıqla mübarizə aparan zəhmət adamlarına, onların gündəlik qayğılarına, əmək və məişətinə, əkin sahələrini genişləndirmək, eyni zamanda suvarma işlərini qaydaya salmaq məqsədilə su hovuzunun tikintisi üçün tədbirlər görülməsinə həsr olunmuşdur.

Lətif Səfərov “Qızmar günəş altında” filminin çəkilişi ərəfəsində verdiyi müsahibədə bildirib ki, bədii filmlər çəkmək arzusu ilə institutu bitirəndən sonra dörd il sənədli kinoda məşğul olmağına heç də peşman olmayıb: “Bu, gözəl məktəb idi-həyatımda çox şey gördüm, çox şey öyrəndim: pambıqçılar, heyvandarlar, bağbanlar, sərhədçilər, uşaqlar…Bunların hamısına “eşq olsun” demək lazımdır. Bu illər ərzində təsərrüfatımızın hər bir sahəsində əsl insanların fəaliyyət göstərdiklərinin şahidi oldum. Bircə onları görmək, tanımaq lazımdır. Bunun üçün səndə ürək, göz, dünyagörüş olmalıdır. Əgər sənin qəlbin yoxsa, onda sən onları görə bilməyəcəksən-fonoqramla təsvirin sinxronluğu olmayacaqdır”.

AZƏRBAYCAN KİNEMATOQRAFİYASININ ƏN KOLORİTLİ FİLMLƏRİNDƏN BİRİ

O da təsadüfi deyil ki, Lətif Səfərov ilk tammetrajlı bədii filmi olan, 1955-ci ildə çəkdiyi “Bəxtiyar” filmində olduğu kimi, “Qızmar günəş altında” filmində də yenidən insanlar arasındakı mürəkkəb münasibətləri bədii araşdırma mərkəzinə çəkib.

Əslində insan mənəviyyatının mürəkkəb nüanslarından bəhs edən bu film eyni zamanda Azərbaycan kinematoqrafiyasında ən koloritli filmlərdən biri hesab olunur.

Azərbaycanın təbiəti, onun qəlbə ruh verən gözəllikləri milli bədii kino nümunələrimizin heç birində bu ekran əsərindəki qədər panoramlı əks olunmayıb.

Reyissor qızmar günəş altında yaşayıb işləyən zəhmət adamlarının daxili dünyasını, təzadlı duyğularını böyük ustalıqla təsvir obyektinə çevirərək öz filmində ayrı bir məkan-psixoloyi bir məkan yaradır.

Film tamaşaçını Talış dağlarının ətəyinə sığınmış kəndlə, onun sakinləri ilə tanış edir. Dağın uçmuş qayaları və daşları bu kənddəki kolxozun çay plantasiyalarına, bütün zəngin təsərrüfatına həyat verən suyun yolunu kəsir. Bütün bu kənd mənzərələri ssenaridən verildiyindən də artıq filmə geniş təsvir və təqdim olunur ki, bunda da rejissorun böyük rolu olub.

HƏSƏN SEYİDBƏYLİ: “BU Kİ ANADANGƏLMƏ GÜLPƏRİDİR”

Filmdə maraqlı, eyni zamanda məsuliyyətli rollardan biri də Gülpəri obrazıdır ki, onu da sənətə heç bir dəxli olmayan  tələbə bir qız-Sürəyya Qasımova oynayıb.

Sürəyya Qasımovanın filmə çəkilməsi onu yaxından tanıyanların, eləcə də kino ilə bağlı olan şəxslərin təəccübünə səbəb olub. Bu da ondan irəli gəlirdi ki, o, əslində alman dili mütəxəssisi kimi yetişdiyi bir zamanda aktrisaya çevrilmişdi.

HAŞİYƏ: Sürəyya Qasımova danışırdı ki, 3-cü kursun son imtahanından əla qiymət aldığı an sevincini çox şıltaqcasına rəfiqələri ilə yarı böldüyü zaman

onun bu hərəkəti, kənarda dayanan bir qadının diqqətini özünə cəlb  edib. Sən demə, bu qadın, “Qızmar günəş altında” filminin rejissor köməkçisi Lida Berladır idi.

Səhəri gün Sürəyya filmin quruluşçu reyissoru Lətif Səfərovla görüşüb, çəkiliş haqda söhbət edirlər. Qısa söhbətdən sonra sınaq çəkilişləri başlayır. İlk andan uğurlu rol nümayiş etdirən Sürəyya yaradıcı heyətin marağına səbəb olur. Sınaq  çəkilişindən sonra filmin ssenari müəllifi Həsən Seyidbəyli debüt haqqında öz fikirlərini açıqlayır: “Bu ki, anadangəlmə Gülpəridir”.

Xatırladaq ki, bu, Sürəyya Qasımovanın çəkildiyi ilk film, qazandığı ilk sənət uğuru idi. Sürəyya xanım deyirdi ki, filmlər arasında “Qızmar günəş altında” ona daha yaxındır: “Yaxşı yadımdadır, filmin ssenarisini oxuduğum zaman təəccübümü gizlədə bilmirdim. Elə bil ki, Həsən Seyidbəyli bütün tərcümeyi-halımla maraqlanaraq, mənə uyğun bir qəhrəman surəti yaratmışdı. Elə məhz buna görə çəkiliş vaxtı azacıq da olsa rejissoru incitmədim. Deyəndə ağla, ağlayırdım, gül, gülürdüm, hirslən, hirslənirdim və s. Bir sözlə, Lətif müəllim nə deyirdi, o saat hazır vəziyyət alırdım. Onu da qeyd edim ki, bu filmdəki baş qəhrəmanların dördü də ayrı-ayrı ixtisas sahibləridir. Ancaq buna baxmayaraq, film çox gözəl alındı və bu günə qədər də hamı maraqla “Qızmar günəş altında” filmini izləyir”.

A.KALAŞNİKOVUN FİLM HAQQINDA YAZDIĞI XATİRƏLƏRDƏN

20 AVQUST 1957-Cİ İL …

Filmin Ymumittifaq ekranlarına buraxılması ilə əlaqədar bədii filmlər üzrə Baş İdarənin (Moskva) rəis müavini A.Kalaşnikov 1957-ci il 20 avqust tarixli rəyində yazıb: “Əmək mövzusu filmdə öz məlum həllini tarmışdır. Bununla belə dramaturyi qaydada buraxılan bir sıra səhvlər bu əsərin ideya-bədii dəyərinə öz təsirini göstərmişdir…Lakin bu səhvlərə baxmayaraq, rejissor Səfərov dramaturyi materialın məhdudluğunu imkan daxilində aradan qaldıra bilmişdir. Filmdə yaxşı cəhətlər vardır. Kolxoz sədri Sərdarovun rolu uğurludur. Manqabaşçısı Gülpəri obrazı maraqlıdır. Bu rolda aktrisa çəkilməsə də obraz alınmışdır. Gənc həkim Aydın rolunda da aktyor oynamır. Burada da reyissor qəhrəmanın xarakterini açıb göstərə bilmişdir. Bütövlükdə götürdükdə, həm də nəzərə alınsa ki, studiyada aktyor problemi ciddi şəkildə durur, rejissor Səfərovun aktyor olmayan iştirakçılarla iş təcrübəsi diqqətəlayiqdir. Filmdə montay  həllinə görə maraqlı işlənmiş bir sıra epizodlar da vardır. Məsələn, “Eldarın müalicəsi”, “Kolxozçuların iclası”, “Partladılmış sahə”, “Final” və s”.

DÖVRÜN MƏTBUATI TƏNQİDİ MÖVQE TUTSA DA MOSKVA FİLMİ YÜKSƏK SƏVİYYƏDƏ QƏBUL ETDİ

  • Filmin və ssenarinin bəzi mübahisəli cəhətləri, qüsurları  da var. İlk dəfə kinoya çəkilən Əkbər Fərzəliyevin oyununda  bəzi qüsurlar vardır. Fərzəliyevin oyununda nəzərə çarpan ən  böyük qüsur-onun bəzən həddindən artıq quru, bəzən isə sust və laqeyd görünməsidir.
  • Eldarın müalicəsini təsvir edən kadrlarda Fərzəliyev nə qədər təbii və həyəcanlıdırsa, kolxoz sədri ilə birgə yol getdiyi, tarlaları dolaşdığı, qızlarla, xüsusən Gülrəri ilə görüşdüyü yerlərdə bir o  qədər təsirsizdir.
  • Eldarın yatağı yanında “danış, sən mütləq danışacaqsan!” deyərkən artistin ürəklə oynadığına inanan və bu səhnədən təsirlənən tamaşaçı Fərzəliyevin bəzi kadrlardakı passivliyinə dərindən təəssüf edir.
  • Nərminənin rolunu oynayan Tofilə Ələsgərova da tamaşaçıda xoş təsir oyadır. Ancaq bəzi kadrlarda Tofilə özünü sərbəst hiss etmir. O, aparatın qarşısında sanki sıxılır. Ssenaridən və Lətif Səfərovun traktovkasından alınan təəssürata görə, Gülnaz obrazı da Gülpəri və Nərminə qədər oriyinal, öz  fərdi xüsusiyyətləri ilə çox maraqlı bir obraz çıxmalı idi.
  • Filmdə həmişə diqqət mərkəzində dayanan Eldar obrazının müvəffəqiyyətsizliyinə gəlincə, burada ilk  növbədə ssenarinin müəllifini günahlandırmaq lazımdır. Həsən Seyidbəyli ssenarinin əvvəlində Eldarın fəaliyyətinə nisbətən geniş yer verməli, onu tamaşaçıya sevdirməli idi.
  • Bütün personayların içərisində ən müvəffəqiyyətsizi T.Raşazadənin oynadığı ana obrazıdır. Eldarın başına gələn müsibətdən sonra ananın keçirdiyi iztirab və sarsıntı T.Raşazadənin oyununda olduqca qeyri-təbii və cansıxıcı çıxmışdır.
  • “Qızmar günəş altında” filminin daha bir neçə nöqsanını göstərmək olar. Bu nöqsanlardan ən çox nəzərə çarranı isə  artistlərin çox zaman danışıq dilinə riayət etməmələridir. Bu qüsur bir tərəfdən müəllif mətnindən irəli gəlirsə, digər tərəfdən aktyor oyununun nəticəsidir. Danışıq dili ifadə tərzini rozmaq təkcə cavanların deyil, hətta M.Kələntərli kimi təcrübəli aktrisanın danışığınıda da özünü göstərir.

Tənqidi mövqeyə baxmayaraq film Moskvada yüksək kateqoriyaya layiq görülür ki, nəticədə də “Qızmar günəş altında” filminin Ymumittifaq ekranlarında nümayiş olunması üçün şans yaranır.

FİLMİN YARADICI HEYƏTİ:

Ssenari müəllifi Həsən Seyidbəyli, quruluşçu rejissor-Lətif Səfərov, operator-Arif Hərimanbəyov, rəssam-Cəbrayıl Əzimov, bəstəkar-Tofiq Quliyevdir.

Rollarda iştirak edirlər: Əkbər Fərzəliyev (Aydın), Əfrasiyab Məmmədov (Eldar), Ağasadıq Gəraybəyli (Sərdarov), Sürəyya Qasımova (Gülpəri), Tofilə Ələsgərova (Nərminə), Sara Manafova (Gülnaz), Z.Gəraybəyova (Fatma), Lütfi Məmmədbəyov (Xəlil), Məmmədrza Şeyxzamanov (Əmir dayı), Cabbar Əliyev (Mürsəl), İsmayıl Əfəndiyev (Nadirov), Ağadadaş Qurbanov (professor), Ağahüseyn Cavadov (Piri oğlu), Münəvvər Kələntərli (Gülbahar), Faiq Mustafayev (Cəlal).

Tofiq İLK