“Qocalar, qocalar” – 40
“Milli Kino Tariximizdən” rubrikasının növbəti filmi “Qocalar, qocalar”dır, çəkilişindən 40 il keçir…
1982-ci ildə “Azərbaycanfilm” kinostudiyası “Qocalar, qocalar” filmini istehsalata buraxdı. Yazıçı Əhmədağa Muğanlının ssenarisi əsasında çəkilən filmə rejissor Elxan Qasımov quruluş verdi.
Filmdə vətənə məhəbbət, düzgün yol seçmək, cəmiyyətə xeyir vermək kimi çox vacib məsələlərə toxunulur.
“QOCALAR, QOCALAR” FİLMİ MƏRKƏZİ TELEVİZİYANIN SİFARİŞİLƏ ÇƏKİLİB
Film Əhmədağa Muğanlının “Çobanbayatı” povestinin motivləri əsasında çəkilib.
SSRİ dövründə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bədii televiziya filmləri Mərkəzi Televziyanın(Moskva) sifarişi ilə lentə alınıb. Bu baxımdan “Qocalar, qocalar” bədii televiziya filmi də Mərkəzi Televiziyanın sifarişi ilə çəkilib.
Elxan Qasımov “Qocalar, qocalar” haqqında danışarkən onu da xüsusuilə qeyd etdi ki, bu filmin çəkildiyi illər Azərbaycan kinosunun ən çiçəklənən dövrü idi: “”Azərbaycanfilm” kinostudiyası il ərzində dörd televiziyi filmi, dörd bədii film istehsalata buraxırdı. Film çəkilişinin belə qızğın bir günündə Yefim Abramovla birgə yeni bir film çəkmək barədə fikir mübadiləsi apardıq. Yefimlə olan söhbətimiz əsnasında Əhmədağa Muğanlının “Çobanbayatı” povesti barədə danışdıq. Yazıçı ilə danışıqlar apararaq tez bir vaxtda ssenari üzərində iş prosesinə başladıq”.
Rejissor onu da etiraf edir ki, o dövrdə yazılan hər yeni ssenari, metrajından asılı olmayaraq çəkilən hər film böyük bir hadisə kimi qiymətləndirilirdi: “Adil İsgəndərovun rəhbərliyi dövründən başlayaraq kino elə bir tərəqqi dövrünü yaşayırdı ki, elə bir inkişaf dövrünə qədəm qoymuşdu ki, bütün rejissorlar iş başında idi. Rejissor olmaq arzusunda olanlar da təhsil sahəsində böyük uğurlar qazanırdılar ki, bu da onların gələcək uğurlarından xəbər verirdi. Belə bir məqamda bizlərin də iş başında olması təbii idi. Çünki kinematoqrafçının işi elə çəkiliş meydançasında olmaqdan ibarətdir”.
Filmin ssenarisi “Azərbaycanfilm” kinostudiyasında qəbul olunduqdan sonra Moskvaya göndərilir.
E.Qasımov deyir ki, Moskva Kino İdarəsində ssenarini qəbul etdirmək işin ən çətin tərəfi idi: “Ancaq buna baxmayaraq “Qocalar, qocalar” ssenarisi yüksək qiymətlə qəbul olundu və film çəkilişi üçün plana salınma məsələsi həll olundu. Mən deməzdim ki, gözləmədiyimiz halda ssenari yüksək qiymət aldı. Ssenaridə olan poeziya, gözəllik filmdə də öz əksini tapmışdı. Sovet dövründə qəribə epoxalar var idi. Müharibədən sonrakı dövr, inkişaf dövrü, onilliklər, beşilliklər və s. Etiraf edək ki, o dövrdə planlardan başqa daha çox mənəviyyata önəm verilirdi. “Çobanbayatı” povestində də əsasən mənəviyyat önə çəkilir. O baxımdan mənəviyyat ki, insanın əxlaq prinsipləri yüksək olmalıdır. Yəni, o dövrdə insanlığın müsbət tərəfləri əsas götürülürdü ki, bu da kinoda daha qabarıq əks olunurdu. Bu baxımdan da “Qocalar, qocalar” filmində bir ailənin taleyindən, onların torpağa bağlılığından bəhs olunur. Filmdə kənd-şəhər, təşkilat söhbətləri var. Bir vaxtlar nəinki SSRİ ərazisində, eləcə də bütün dünyada həm şəhərə, həm də kəndə bir axın yaranmışdı. Hətta o da yadımdadır ki, şəhərdə zavodlar üçün işçi qüvvəsi çatmadığından kənddən gələn axın orada yerləşdirilirdi. “Qocalar, qocalar” filmi də bu mövzuda olduğu üçün diqqət mərkəzində dayandı, geniş tamaşaçı marağına səbəb oldu”.
ELXAN QASIMOV: ARİF BABAYEV POETİK RUHLU, LİRİK ZÖVQLÜ REJİSSOR İDİ
Elxan Qasımovun filmlərdə yaratdığı aktyor ifaçılığında olan fərqlilik daima diqqət mərkəzində dayanıb. Eyni zamanda isə onun quruluş verdiyi iki filmin məzmunu, janrı, rejissor görüntülərində olan zövq Azərbaycan kinosunda xüsusi yeri olan kinorejissorlarından birinin filmlərinə oxşaması iddiasında olanlar da olub.
Elxan müəllim deyir ki, filmlərimdə Arif Babayevin zövqü, üslubu duyulur: “Şəxsən mən Arif Babayevi Azərbaycan kinosunun Mikayıl Müşfiqi adlandırıram. O poetik ruhlu, lirik zövqlü, şəhərə olan vurğunluğunu ustalıqla filmlərində nümayiş etdirməyi bacaran bir kinorejissoru idi. “Qocalar, qocalar” filminə məhz o zöqdən yanaşdıq.
Filmi əsasən Daşkəsəndə, Xaçbulaqda, “Prokuror bulağı”nda çəkdik. Filmin yaradıcı heyətinin tərkibində olanlar, xüsusilə quruluşçu operator Zaur Məhərrəmov öz işinin öhdəsindən ustalıqla gəlirdi. Mən deyərdim ki, Z.Məhərrəmov gözəllik aşiqi olduğu üçün filmin natura çəkilişlərində xüsusi zövq nümayiş etdirdi. Eyni zamanda aktyor heyətində olanların ifa etdirdikləri aktyor oyunu da təqdirəlayiqdi”.
Qeyd edək ki, filmin dağlarda çəkilməsi heç də təsadüfi deyil. Baş qəhrəman olan Bəhri çobanın qoyun sürüsü ilə yaylaqlarda olan kadrları xüsusilə rejissoru valeh edib: “Sürünün yaylaqlara köçü olan epizodlarda bir poeziya var idi ki, bunu yalnız görmək lazım idi. Dağların arasında qoyun sürülərinin gəlişi olan epizodları bəlkə aylarla çəkmişik. O mənada ki, günlərlə günəş işığının düşməsini, yəni film üçün olan gün işığını, buludların gəlişini gözləmişik”.
YAZIÇI ƏHMƏDAĞA MUĞANLI KİNONU MÜKƏMMƏL BİLİRDİ
Hazırlıq prosesi zamanı povestin əsasında yazılan ədəbi ssenaridə əsərin ruhu saxlanılsa da, filmdə bu öz əksini tapmayıb.
E.Qasımovun dediyinə görə, filmin rejissor ssenarisi tamamilə dəyişdirilib: “Çünki kino reallığı sevir. Əgər əsərdə deyilirsə, ağacdan bir damcı su və yaxud elə şeh düşdü, filmdə bu kimi hadisəni canlandırmaq çox ağır, eyni zamanda çətindir. Bunu ekranda göstərmək üçün kino dili tapmalısan. Əhmədağa Muğanlı kino ilə əlaqəli işləyən bir yaradıcı olduğu üçün ədəbi ssenaridən fərqli olaraq kino dilini də mükəmməl bilirdi. O, bir çox sənədli və bədii filmlərdə çalışıb. Bu baxımdan da istər hazırlıq prosesində, istərsə də çəkiliş vaxtı bir-birimizi sözsüz-sovsuz anlayırdıq. Nə kimi dəyişikliklər edirdiksə, bu zaman Ə.Muğanlı ilə məsləhətləşir və sonda bir qərara gəlirdik. Bu baxımdan da mən deyərdim ki, film “Çobanbayatı” povestindən çox fərqlənirdi”.
Filmdə baş qəhrəman olan Bəhri rolunda “Dəli Kür” filmində Cahandar ağa obrazını yaradan Ələddin Abbasov çəkilib.
Ümumiyyətlə rejissor filmlərində baş rollardan tutmuş epizod rollara qədər sənətinə bələd olduğu aktyorları çəkib: “Mən də aktyorluq etmişəm, dövrün görkəmli aktyorları ilə çiyin-çiyinə çalışmışam. Bir də ki, axı mən Adil İsgəndərov məktəbinin yetirməsiyəm. Filmə dəvət etdiyim Ələddin Abbasov, Şahmar Ələkbərov, Rasim Balayev, Əlabbas Qədirov kimi aktyorlar mənim iş üsluba yaxından bələd idilər. Hər dəfə adlarını çəkdiyim sənətkarları filmlərimə dəvət edərkən onların hər biri böyük maraqla bu təklifi qəbul ediblər. Çünki başa düşüblər ki, dəvət aldıqları filmlərdə söhbət sırf yaradıcılıq üzərində qurulub”.
Yeri gəlmişkən, aktrisa Firəngiz Mütəllimova ilk dəfə məhz “Qocalar, Qocalar” filmində rol alıb. Ssenariyə əsasən onun çəkildiyi epizodlar çox olsa da, montaj zamanı aktrisanın çəkildiyi kadrların sayı bir qədər ixtisar olunub. Çünki SSRİ tərkibində olan bir respublikada çəkilən filmlər sovet psixologiyasına uyğun formada lentə alınmalı idi.
Rejissor deyir ki, filmdə daha çox interyer çəkilişlərindən istifadə olunub: “Daşkəsəndə hava şəraiti dəyişkən olduğu üçün çoban alaçıqlarını kinostudiyanın həyətində quraraq orada çəkiliş aparmışdıq. Yəni, natura çəkilişlərində dekorasiyalar qurduq. Filmdə elə epizodlar var ki, çəkiliş prosesi getdiyi məqamda obrazda olan aktyor otaqdan birbaşa eyvana çıxaraq orada söhbət edirlər. Bu epizodlarda Şahmar Ələkbərov, Əlabbas Qədirov, Rasim Balayev çəkilirdilər. Təsəvvür edin ki, eyvanda olan çəkilişlərdə dağlar, qatarın gedişi o qədər gözəl çəkilərək təqdim edilib ki, mən deyərdim həmin epizodlar gələcəkdə arxiv materialı kimi istifadə olunacaq”.
FİRƏNGİZ MÜTƏLLİMOVA: LEYLA BAŞ ROL OLMASA DA ƏKSƏR EPİZODLARDA GÖRÜNÜR
Firəngiz Mütəllimova “Qocalar, qocalar” filmi ilə yanaşı, eyni vaxtda Əbdül Mahmudbəyovun quruluşunda çəkilən “Atları yəhərləyin” filmində də rol alıb.
Aktrisa deyir ki, bu filmə qədər Elxan Qasımovu aktyor kimi tanıyırdım: “İlk dəfə olaraq onu çəkiliş meydançasında rejissor kimi gördüm. Mən də yeni-yeni filmlərə çəkilirdim, kinorejissorların diqqət mərkəzində dayanırdım”.
Foto, kino sınağı üçün yoxlanan aktrisanın ifası bəyənilir və o Leyla roluna təsdiq olunur. Aktrisanın filmdəki tərəfmüqabili Fəxrəddin Manafov olur: “Filmin çəkilişində o qədər əziyyət çəkdik. Çəkilişlər əsasən Daşkəsəndə aparılırdı. Hava şəraiti o qədər dəyişkən idi ki, bunu təsvir etmək belə çətindir. Təsəvvür edin ki, günün çıxmasını, günəşin ətrafa işıq saçmasını həsrətlə gözləyirdik. Elə ki, günəş çıxdı o saat qrim olunaraq çəkiliş məkanına gedirdik. Bu məqamda isə gün batırdı. Yenidən çəkilişləri səhərə saxlayırdıq”.
Çəkiliş vaxtı aktrisanın kökəlməyə meylli olması rejissoru narahat edib. Kino qaydasına əsasən aktyorların görünüşü baxımından formada qalması vacib olduğu qədər də lazımdır. Ancaq dağlıq məkanda yaşayanlar, orada istirahət edənlər yaxşı bilirlər ki, insan orqanizmi o qədər saflaşır ki, iştah deyilən şey daha da artır. Nəticədə bu da insanın kökəlməsinə gətirib çıxarır: “Təsəvvür edin ki, iştahım o qədər yaxşı olurdu ki, bu da Elxan müəllimi narahat edirdi. Çünki yedikcə kökəlirdim. Bunu görən rejissor məni Bakıya yola salırdı ki, heç olmasa gedib orada formaya düşüm. Bir neçə gündən sonra zəng edərək “necəsən, çəkiliş üçün hazırsansa, gəlib gətirək” deyə soruşurdu. Doğrudan da çəkiliş üçün formada olan zaman Daşkəsənə gedirdim, ancaq bir neçə gün sonra yenə yaxşı iştah özünü göstərirdi”.
Ssenariyə əsasən Leyla 2-ci dərəcəli roldur: “Ona dağlar qızı da demək olar. Çünki Leyla dağda böyüyüb, sevir, sevilir. Yenə də təkrar edirəm ki, Leyla baş rol olmasa da demək olar ki, əksər epizodlarda görünür, öz varlığını hiss etdirir. Bütün yayı Daşkəsəndə çəkilişlərdə olduq. Ancaq elə olurdu ki, bəzi kadrlarda yağışlı günlərin göstərilməsi lazım gəlirdi. Daşkəsən elə bir yerdir ki, yağışlı günləri çox olur. Filmdə canlı yağışın yağdığı səhnələrdən geniş istifadə olundu. Hətta mənim də çəkildiyim bir kadr var ki, orada pəncərə arxasından yağışın yağmasını seyr edirdim”.
F.Mütəllimova deyir ki, dağlarda boya-başa çatan Leyla olduqca şıltaqdır, eyni zamanda sadə bir kənd qızıdır: “Rejissor məndən tələb edirdi ki, onun malik olduğu keyfiyyətləri qabarıq surətdə əks etdirim.
Onun rolumla bağlı olan istəyini böyük məmnuniyətlə yerinə yetirirdim. Bu da ondan irəli gəlirdi ki, Elxan Qasımov bir rejissor olaraq aktyorlarla o qədər səmimi rəftar edirdi ki, nəticədə də biz aktyorlar da borclu qalmayaraq rolumuzun öhdəsindən gəlməyə çalışırdıq”.
Filmin çəkildiyi ildə “Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Əlibəyov idi.
Firəngzi xanım deyir ki, Cəmil Əlibəyov daima onun yaradıcılığı ilə maraqlanıb, hətta rejissorlara deyirmiş ki, “Dram Teatrında çalışan o xallı aktrisanı da filmlərə çəkin. Onun ekran üçün uyğun olan sifət quruluş var”.
FİLM 1-Cİ KATEQORİYAYA LAYİQ GÖRÜLDÜ
Filmin hazırlıq prosesi bitdikdən sonra onu Bədii Şuraların baxışına təqdim edirlər. Filmi qəbul edən Moskva Bədii Şurası onu 1-ci kateqoriyaya layiq görür. Elxan Qasımovun dediyinə görə, o dövrdə bədii televiziya filmlərinə birbaşa Moskva tərəfindən kateqoriya verilirdi.
“Qocalar, qocalar” haqqında yazı hazırladığımız zaman o da məlum oldu ki, “Azərbaycanfilm” kinostudiyasında filmin surəti yoxdu. Filmin neqativi Moskva Kino İdarəsinin arxivində saxlanılır.
Filmin yaradıcı heyəti: Ssenari müəllifi Əhmədağa Muğanlı(Yefim Abramovun iştirakı ilə), rejissor Elxan Qasımov, operator Zaur Məhərrəmov, rəssam Məmməd Hüseynov, geyim rəssamı Arif Məhərrəmov, bəstəkar Cavanşir Quliyev, səs operatoru Ağahüseyn Kərimov.
Rollarda iştirak ediblər: Ələddin Abbasov(Bəhri), Dadaş Kazımov(Ziyad), Fəxrəddin Manafov(Eldar), Firəngiz Mütəllimova(Leyla), Şahmar Ələkbərov(Xalıq), Rasim Balayev(Davud), Əlabbas Qədirov(Fərid), Fikrət Məmmədov(müxbir), Xalidə Qasımova(Əsli) və b.
Saleh ŞƏKƏRLİNSKİ